Xəbərlər

Sodik Toşboyev: Türk xalqları İslam dininin humanizm dəyərləri ilə də bir-birilərinə sıx bağlıdırlar

Türk xalqları ortaq dil, mədəniyyət və tarixlə yanaşı, həm də müqəddəs İslam dininin humanizm dəyərləri ilə bir-birilərinə sıx bağlıdırlar.

“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu TDT-yə üzv dövlətlərin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Şuşa şəhərində keçirilən Birinci görüşündəki çıxışında Özbəkistanın Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyev deyib.

Onun sözlərinə görə, Şuşada keçirilən toplantı Türk Dövlətləri Təşkilatı çərçivəsində dini və təhsil əməkdaşlığını yeni səviyyəyə qaldırmaq yolunda mühüm və tarixi bir addımdır:

“Xalqlarımız təkcə ortaq dil, mədəniyyət və tarixlə deyil, həm də müqəddəs İslam dininin tolerantlıq və humanizm dəyərləri ilə bir-birilərinə sıx bağlıdırlar. Əminəm ki, bu format gələcəkdə Türk dünyasında mənəvi və dini-maarif harmoniyasını daha da gücləndirən mühüm platformaya çevriləcək.

Ümumiyyətlə, Türk dünyasının dini və təhsil sahəsində inteqrasiyası xalqlarımızın gələcəyi ilə bağlı strateji əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Müsəlman Qurumları Rəhbərləri Şurasının və Müftilər Şurasının səmərəli fəaliyyəti qurulub. Bu istiqamətdə müntəzəm dialoqlar, fətva komitələri arasında sıx əməkdaşlıq və birgə tədbirlər vasitəsilə əməkdaşlığımız getdikcə güclənir və öz müsbət bəhrələrini verir”.