Tarix Xəbərlər

Şokoladın tarixi

Qədim inanca görə, uzun və ağır işdən, yaxud zehni yorğunluqdan sonra insan bir fincan şokolad içsə, dərhal özünü daha yaxşı hiss edər – halsızlığı keçər və gücü bərpa olunar. Bəs bu gün hər birimizə tanış olan şokoladın tarixi necə başlayıb?

Pulun ağacda bitdiyi diyardan

Avropalılar şokoladı istifadə etməzdən öncə, olmeklər, mayyalar və asteklər kakao dənələrinə böyük dəyər verirdilər. Onlar bu dənələri tanrılarına hədiyyə edir və pul kimi istifadə edirdilər. Kristofer Kolumb isə bu “badamların” (ispanların belə adlandırdığı) qızıl yox, sadəcə yerli pul olduğunu öyrənəndə məyus olmuşdu. Zaman keçdikcə avropalılar da bu dənələrin nə qədər dəyərli və dadlı olduğunu başa düşdülər.

Şokolad yaranmazdan əvvəl kakao, əsasən, içki kimi istifadə olunurdu. Lakin içki indiki kimi şirin deyildi. Mayyalar kakao dənələrini üyüdür, qarğıdalı və su ilə qarışdırırdılar. Bəzən isə ona ədviyyatlar və vanil əlavə edilirdi. Hətta hündürdə qoyulan qablardan aşağıdakı qaba axıdılaraq içkinin daha köpüklü olması əldə edilirdi.

Asteklər içkini daha da fərqli edərək ona çili bibəri və digər qatqı maddələri əlavə edirdilər. Bu da içkiyə qırmızımtıl rəng verirdi. Bəzən isə mayeni qaynadaraq bizə məlum olan indiki isti şokoladın ilkin formasını hazırlayırdılar.

XVI əsrdə Avropaya gələn insanlar şokoladı çox da bəyənmirdilər. Məsələn, italiyalı səyyah Girolamo Benzoni 1575-ci ildə onu “donuzlar üçün daha uyğun içki” adlandırmışdı. Ancaq şərab olmadıqda içməyə məcbur qalır və sonda bu içkinin insanı gücləndirdiyini və təravətləndirdiyini qəbul edirdi.

“Qoyun peyinindən” nektara

İspanlar başa düşdülər ki, şokoladı dadlı etmək üçün ona şəkər və ədviyyatlar əlavə etmək lazımdır. Şirinləşdirilmiş kakao kütləsi “keks” formasına salınır, sonra isə su qatılaraq içki hazırlanırdı. XVII əsrin əvvəllərində kakao dənələri və şokolad içkisi reseptləri artıq Avropada yayılmışdı.

İspanlar, fransızlar və italyanlar yeni içkini tez mənimsəsələr də, ingilislər bu yeniliyi bir qədər gec qəbul etdilər. 1579-cu ildə ingilis quldurlarının ispan gəmilərindən birini ələ keçirərkən kakao dənələrini “qoyun peyini” zənn edib yandırmaları haqqında maraqlı bir rəvayət var. Onlar dənələrin dəyərindən xəbərsiz idilər. Yalnız 1655-ci ildə İngiltərə Yamaykanı və oradakı kakao plantasiyalarını ispanlardan aldıqdan sonra şokolad içmək ölkədə yayılmağa başladı. Yüksək idxal rüsumlarına görə isə bu içki yalnız varlı təbəqə üçün əlçatan idi – sonrakı dövrlərdə onun bir funtu 50–75 pensə başa gəlirdi ki, bu da bacarıqlı bir ustanın təxminən bir həftəlik qazancına bərabər idi.

İngilislər şokoladı su və ya süd (bəzən hər ikisi birlikdə), şəkər (əgər şokolad şirin deyildisə), yumurta sarısı və s. ilə hazırlayırdılar. İçki fincanlarda deyil, kiçik qabların içində təqdim olunurdu.

Şokolad sizin üçün faydalıdır!

XVII əsrdə şokolad içkisinin məşhurlaşmasının əsas səbəblərindən biri onun sağlamlığa faydalı hesab olunması idi. O dövrün Avropa tibb nəzəriyyəsinə görə insan orqanizmi dörd əsas humoral mayedən ibarətdir – qan (isti və rütubətli), sarı öd (isti və quru), qara öd (soyuq və quru), bəlğəm (soyuq və rütubətli). Sağlam qalmaq üçün bu tarazlıq qorunmalı idi; əks halda insanın vəziyyəti pozula bilərdi. İspanlar əvvəlcə şokoladın “soyuq və quru” olduğunu düşünür, buna görə də onun təsirini tarazlaşdırmaq üçün darçın, vanil və şəkər kimi “isti və rütubətli” ədviyyatlarla qarışdırırdılar.

XVIII əsrin əvvəllərində isə bəzi alimlər şokoladın xüsusiyyətləri ilə bağlı bu fikirlərlə razılaşmamağa başladılar. 1724-cü ildə yazılmış “Şokoladın təbii tarixi” adlı əsərin müəllifi hesab edirdi ki, ədviyyatlar şokoladın faydasını azaldır. Onun fikrincə, şokolad orqanizm üçün uyğun, qidalandırıcı, gücverici və asan həzm olunan bir qidadır. Hətta o, şokoladın yaşlı insanların ömrünü uzada biləcəyini də iddia edirdi.

Şokolad plitkasının yaranması

Şokolad uzun müddət, əsasən, içki kimi istifadə olunsa da, ən azı XVIII əsrdən etibarən desertlərdə və şirniyyatlarda da yer almağa başladı. 1723-cü ildə Con Nottun yazdığı “Aşpaz və şirniyyatçı lüğəti” kitabında şokoladla hazırlanan altı müxtəlif resept – o cümlədən şokoladlı biskvit və şokolad şərabı qeyd olunmuşdu. Onun müasiri Çarlz Karter isə 1730-cu ildə nəşr etdiyi “Tam praktik aşpaz” kitabında şokoladlı pudinq və krem reseptləri təqdim edirdi.

Lakin XVIII və XIX əsrlərdə baş verən yeniliklər şokoladı bahalı məhsuldan gündəlik istehlak edilən şirniyyata çevirdi. Əvvəllər kakao dənələri mayyalardan bəri olduğu kimi əl ilə üyüdülürdü ki, bu da çox zəhmətli və vaxt aparan proses idi. XVIII əsrin sonlarına doğru isə istehsalçılar bu işi buxarla işləyən maşınların köməyi ilə görməyə başladılar. 1828-ci ildə holland kimyaçısı Koenraad Yohannes Van Houten kakao dənələrini toz halına salmaq üsulunu kəşf etdi. Bu yenilik şokoladı su ilə daha asan qarışdırmağa və daha rahat həzm etməyə imkan verdi. Ən əsası isə şokoladın kütləvi istehsalını mümkün və daha geniş kütlələr üçün əlçatan etdi.

XIX əsrin ortalarında Kvaker ailəsinə məxsus “Fry&Sons” şirkəti kakao tozunu şəkər və kakao yağı ilə qarışdıraraq qəlibə tökülə bilən hamar bir kütlə əldə etməyi bacardı. Bu, ilk şokolad plitkası hesab olunur. Kraliça Viktoriya dövrünün sonlarına yaxın şirkət dünyanın ən böyük şokolad istehsalçısına çevrilmişdi. Hətta onlar Kral Donanmasına əvvəl verilən spirtli içkinin əvəzinə şokolad və kakao təqdim edən əsas təchizatçı olmuşdular. Bununla belə, onların rəqibi olan “Cadbury” şirkəti (yenə də Kvaker ailəsi tərəfindən qurulmuşdu) 1853-cü ildə kraliçaya şokolad təqdim etmək üçün rəsmi icazə aldı. Beləliklə, şokolad sənayesi daha da genişləndi və kakao getdikcə dondurmalar, tortlar və biskvitlər üçün əsas dadverici maddəyə çevrildi.

Şokolad bu gün

Şokolad satışları bu gün də artmaqda davam edir və o, müxtəlif forma və dadlarda təqdim olunur – kütləvi istehsal olunan şokoladlı batonlardan tutmuş, ən keyfiyyətli kriollo kakao növündən hazırlanan premium məhsullara qədər. Müasir dövrdə şokolad müxtəlif qidalanma tərzinə uyğun şəkildə də hazırlanır, beləliklə, hər kəs ondan zövq ala bilir.

***

Şokoladın tarixi sadə bir qida məhsulunun hekayəsindən daha çoxunu əks etdirir. O, qədim sivilizasiyalarda müqəddəs və dəyərli bir vasitə kimi istifadə olunmuş, zamanla Avropa mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmiş, buradan dünyaya yayılmış və nəhayət, müasir dövrdə hər kəs üçün əlçatan olan gündəlik ləzzətə dönmüşdür. Bu yol boyunca şokolad həm elmi yeniliklərin, həm də sosial və iqtisadi dəyişikliklərin təsiri ilə formalaşmışdır. Bu gün şokolad yalnız dadlı bir şirniyyat deyil, həm də tarix, mədəniyyət və insan əməyinin izlərini daşıyan bir məhsuldur. Onun keçdiyi yol bizə göstərir ki, hər sadə görünən şeyin arxasında uzun və mürəkkəb bir tarix dayanır.

Sam Bilton “The History of Chocolate” – https://www.english-heritage.org.uk/easter/the-history-of-chocolate/

Tərcümə edən və hazırlayan: Mədinə Məcidli