Həşim Səhrablı Köşə Yazıları

Solovyov Azərbaycandan nə istəyir?

Vladimir Solovyov. Yəqin, bu ad hər birimizə tanışdır. 44 günlük Vətən müharibəsi zamanı xüsusi canfəşanlıqla anti-Azərbaycan addımları – nitqi, şər-böhtanları ilə yadda qalan rusiyalı telejurnalist müharibədən əvvəlki dövrlərdə də erməni sevdalısı kimi tanınıb. Hətta müharibədən sonra da bu mövqedən çıxış etməyə davam edirdi. İndi isə daha böyük cəfəngiyyatla özünü “gündəm” edə bilib.

22 mart tarixində sahibkarlarından biri milliyətcə azərbaycanlı olan Ağalarov ailəsinə məxsus “Crocus City Hall” konsert zalında kütləvi terror aktı törədilib. Solovyov bu faktı Azərbaycanın ayağına yazmaqla qalmayıb, həm də guya cinayətkarlardan birinin azərbaycanlı olmasını iddia edib. Beləcə, Moskvada İŞİD-in öz öhdəsinə götürdüyü terror aktını belə Azərbaycanın üzərinə yıxmağa çalışıb.

Maraqlıdır ki, görəsən, terrorçunun dini və milliyəti olmadığını hamıdan yaxşı bilən Solovyov sözügedən terror aktını İŞİD-in üzərinə götürdüyü, hətta Rusiyaya qarşı yeni təhdidlər yağdırdığı bir vaxtda terroru əsl “sahibkar”ından alıb Azərbaycanın adına yazmağa çalışmasının səbəbi nə ola bilər?

Xatırlamaq lazımdır. Ermənistanın 1990-cı illərdə Azərbaycana qarşı işğal siyasəti, Xocalıdakı terror və soyqrımı aktlarına, gözlə görünən, əllə tutulan onlarla faktın mövcud olmasına rəğmən, səssiz qalan Solovyev və “onun kimilər” 30 il ərzində bu qeyri-insani cinayətlərdən və siyasətlərdən danışmadılar. İndi də danışmırlar. Əksinə, içlərində olan türk nifrəti ilə utanmasalar, həmin hadisələri də bizim adımıza yazacaqlar.

Çünki Solovyovlar həqiqətdən və ədalətdən uzaq düşüb tərəfli, yanlı və ikiüzlü kimliyə bürünüblər. Onların jurnalistika fəaliyyəti ilə bərabər, insani tərəfləri də bu zərərli kimliklərin əsirinə çevrilib. Erməniləri hər vəchlə müdafiə etməyə, onları haqlı göstərməyə çalışan bu şəxslər ya bilərək, ya bilməyərək hazırda Rusiyanın dövlət maraqlarına da xəyanət etməkdən çəkinmirlər. Necə?

Erməniləri qoruyaraq. Bəli. Bu gün Ermənistan dövləti Rusiyanın bu ölkəyə etdiyi havadarlığı, yüzlərlə yaxşılıqları, hətta Azərbaycana qarşı cinayətlərində Rusiyadan aldıqları dəstəkləri – siyasi arxa-dayaqlığı, pulsuz və ödənişli şəkildə təmin edilən silah yardımlarını, iqtisadi baxımdan verilən yardımları və s. kimi yaxşılıqları unudub Rusiyanı Qərbə satan kimdir?

Solovyov bu nöqtədə Azərbaycanın siyasətini görmürmü? Azərbaycanın nə Rusiya, nə Qərbə təslim olmadan, öz dövlət siyasətini öz maraqlarına uyğun və heç kimə, başda Rusiyaya qarşı yönəlmədən həyata keçiriyini anlamırmı? Yox, yox, o bu qədər kor və ağılsız deyil. Görür də, anlayır da… Bəs elə isə?

Terror törədilən gün bir neçə versiya irəli sürülürdü. Bunlardan ən çox danışılanlardan biri də terrorun erməni terror qrupları tərəfindən həyata keçirilməsi idi. Yəqin Solovyovun istintaq prosesinin tamamlanmasını gözləmədən əl-ayağa düşməsinin səbəbi də budur: terror ermənilərin adına yazılarsa, onsuz da Rusiyada ictimaiyyət arasında formalaşan anti-erməni dalğası daha da artacaqdı. Ona görə şər-böhtan demədən təcili Azərbaycan dövləti hədəf göstərildi ki, ermənilərlə bərabər, Azərbaycan dövləti də Rusiya ictimaiyyətinin gözündən salınsın. Amma atalar demiş: “Görünən kəndə bələdçi lazım deyil”.

İstintaq demişkən, Solovyov bir jurnalist kimi öz peşəkarlığını da sual altında qoydu. İstintaq bitmədən və qurbanların qanı soyumadan mühazirə yürütməklə kimisə “günahkar elan etmək” qeyri-peşəkar hərəkətdir. Bəlkə, Rusiya dövlətindən yüksək çinli və aidiyyəti rəsmilər, həqiqətən də, terrorda Azərbaycan izi tapmışdı, biz bilmirik? Yaxud bu şər-böhtanda Rusiyanın yüksək çinli məmurları Solovyova qaynaq olublar, özü açıqlamır?

Hər halda görünən odur ki, Solovyov dünyaya ancaq “erməni pəncərəsi”dən baxır. Gördüyü tək mənzərə isə budur: “hər nə olursa olsun, türklər günahkardır”. O terroru Azərbaycanın adına çıxarmaqla ermənilərin Rusiyada sarsılan nüfuzunu qoruya bilməsə belə, Azərbaycan dövlətinin həm Rusiya ictimaiyyətində, həm də ən elit siyasi mərkəzlərdə yüksələn təsir və nüfuzunu zədələməyə çalışdı. Bacardımı?

Əlbəttə, xeyr. “Oyuncağı əlindən alınmış uşaq cığallığı” ilə ortaya atılan böhtanlar nə qədər effektiv ola bilər ki?

Solovyov isə gərək daha diqqətli olsun. Əgər həqiqətən də, dövlətini (bizə görə, Rusiya, özü üçün Ermənistan da ola bilər), onun maraqlarını üstün tutursa, geosiyasi vəziyyəti doğru dəyərləndirib ona görə addım atmalıdır. Siyasət cılız yanaşmaları və tərəfli davranışları, böhtanları sevmir.