Xəbərlər

Stubb: Kiyev Trampın Ukraynanı dəstəkləyəcəyinə əmindir

“Kiyev hakimiyyəti ABŞ prezidenti Donald Trampın Ukraynaya güclü dəstək verəcəyinə əmindir”.

“Füyuzat”ın məlumatına görə, bunu Finlandiya prezidenti Aleksandr Stubb deyib.

“Son bir il ərzində mən Trampdan çox Zelenski ilə görüşdüm və mən iddia edərdim ki, indi həm Zelenski, həm də onun ətrafındakı insanlar kifayət qədər arxayın və nikbindirlər ki, Tramp Ukraynanı güclü şəkildə dəstəkləyəcək”, – deyə “ Financial Times” qəzeti Stubbdan sitat gətirir.

Finlandiya prezidenti qeyd edib ki, Ukrayna məsələsinə məhəl qoymamaq Trampın maraqlarına uyğun deyil. Stubb deyib: “Bu, ABŞ üçün ikinci Əfqanıstan ola bilməz”.

Çərşənbə günü Tramp bildirib ki, Ukraynadakı münaqişə tezliklə həll olunmazsa, onun administrasiyası Rusiyadan ixraca yeni tariflər və sanksiyalar tətbiq etmək niyyətindədir. Tramp Rusiya tərəfinə “çox böyük güzəştlər” göstərməyə hazır olduğunu və Ukraynadakı münaqişəyə son qoymağa sadiq olduğunu bildirib.