Xəbərlər

Su hövzələrində baş verən təbii fəlakətlərin səbəbləri nələrdir?

Çoxumuz su hövzələrində baş verən təbii fəlakətlərdən xəbərdarıq. Bu cür fəlakətlər su ilə birbaşa əlaqəli olan və çox vaxt insanların həyatı, ətraf mühit və iqtisadiyyat üçün ciddi təhlükə yaradan hadisələrdir. Bu fəlakətlərə aşağıdakıları misal göstərə bilərik: daşqın, sunami (tsunami), suyun səviyyəsinin qalxması və ya azalması, buzlaqların əriməsi, su hövzələrinin çirklənməsi və ölü zonalar.

Daşqınlar – su ilə bağlı ən çox rast gəlinən təbii fəlakətlərdən biridir. Güclü yağışlar, qarın kütləvi şəkildə əriməsi, dəniz səviyyəsinin qalxması (tsunami və ya fırtına dalğaları ilə), sədd və ya bəndlərin dağılması nəticəsində baş verir. Bunun nəticəsində əkin sahələri su altında qalır, yol infrastrukturları sıradan çıxır, evlər və digər tikililər zərər görür və s.

Sunami (Tsunami) – dənizdə baş verən zəlzələ və ya vulkanik partlayış nəticəsində yaranan nəhəng dalğalardır. Okeanın dərinliyində baş verən zəlzələlər sualtı sürüşmələr və vulkanlar nəticəsində baş verir. Tarixdə baş vermiş ən dəhşətli sunamilərdən biri 2004-cü ildə Hind okenanında baş vermişdir. Hansı ki bu fəlakət nəticəsində 230 mindən çox insan həlak olmuşdur.

Suyun səviyyəsinin qalxması və ya azalması – iqlim dəyişikliyi ilə əlaqəli hadisələrdir. Qlobal istiləşmə buzlaqların əriməsi, dəniz səviyyəsinin qalxması, su hövzələrinin quruması nəticəsində yaranır. Nəticədə sahil bölgələr suyun altında qalır, ətraf mühitdə ekoloji balans pozulur. Hətta bəzi yaşayış yerləri təhlükə altındadır. Məsələn, Maldiv adaları kimi.

Buzlaqların əriməsi – əsasən, qütb zonalarında baş verir və dünyanın su dövriyyəsinə təsir göstərir. İqlim dəyişikliyi nəticəsində baş verir. Nəticədə dəniz səviyyəsi artır, dəniz axınları dəyişir.

Su hövzələrinin çirklənməsi və ölü zonalar – zərərli yosun artımı nəticəsində su hövzələri çirklənir. Bunun nəticəsində balıq və canlıların kütləvi ölümü, su keyfiyyətinin kəskin azalması baş verir.

Su ilə bağlı təbii fəlakətlər təkcə su hövzəsinin daxilində deyil, həm də onun ətrafındakı canlıların həyatına ciddi təsir edir. Bu fəlakətlərin bir çoxu insan fəaliyyətləri ilə də əlaqəlidir (məsələn, iqlim dəyişikliyi, meşələrin qırılması, çirklənmə). Bunların qarşısını almaq üçün ətrafı qorumalı və tədbirlər görməliyik. Əks halda, hər birimiz, eləcə də ətraf aləm təhlükə altına düşəcək.

Ləman Vahid