Rejissor Fariz Əhmədovun “Sükut içində addımlar” adlı tammetrajlı sənədli filmi 66-cı Krakov Film Festivalının əsas müsabiqəsində dünya premyerasını keçirəcək. Festival Avropanın ən qədim kino tədbirlərindən biri olmaqla yanaşı, həm “Oskar” mükafatına, həm də Avropa Film Akademiyasına namizədlik üçün kvalifikasiya imkanı yaradır.
“Füyuzat” xəbər verir ki, film Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, “Drygas Film Production” və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunub.
Qeyd edək ki, “Sükut içində addımlar” filmi Qarabağda, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesini əks etdirir. Filmin qəhrəmanları qadınlardan ibarət xüsusi minaaxtaran qrupudur. Kamera onların gündəlik fəaliyyətini izləyərək göstərir ki, bu qadınlar son dərəcə riskli və məsuliyyətli işlə məşğul olsa da, eyni zamanda incə və həssas duyğulara malikdirlər.
Film Azərbaycan qadınını yalnız zərif obrazda təqdim etmir. Onlar həm “gizli müharibə”nin iştirakçıları, həm qayğıkeş analar, həm də zərif və baxımlı qadınlar kimi təsvir olunurlar. Onların gündəlik həyatında texniki siqnallar, təhlükə, iradə, kövrəklik, güc, ölüm və qalım mövzuları sükutun fonunda tamaşaçıya təsirli şəkildə çatdırılır. Bu, bir qadın minaaxtaranın hekayəsidir.
Filmin Baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri isə Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.
Filmin dünya premyerası beynəlxalq kino ictimaiyyətinə Azərbaycanın sənədli kino ənənələrini təqdim etmək, eyni zamanda, qadın qəhrəmanların cəsarətini dünya səhnəsində nümayiş etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Filmin treyleri ilə keçid linki üzərindən tanış olmaq mümkündür



