Xəbərlər

Sürücülər üçün imtahan təşkil ediləcək

İyulun 14-də Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücülərinin, avtomobil ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin, beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülərin, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yükdaşımalarını yerinə yetirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil edəcək.

“Füyuzat” xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan vermək üçün ümumilikdə 1849 (taksi – 1376, beynəlxalq yükdaşıma – 106, operator – 7, ölkədaxili sərnişindaşıma – 175, ölkədaxili yükdaşıma – 185) nəfər qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 20 imtahan rəhbəri, 123 nəzarətçi və 16 buraxılış rejimi əməkdaşı ayrılıb.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50), Gəncə şəhər, Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə, DİM-in Bərdə regional bölməsində (I növbə) və Naxçıvan şəhəri, 4 nömrəli orta məktəbdə (I növbə) təşkil olunacaq. Beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülərin imtahanı DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhəri, 4 nömrəli orta məktəbdə (3-cü mərtəbə) keçiriləcək. Avtomobil ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yükdaşımalarını yerinə yetirən sürücülər xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi imtahanları isə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək.

İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.