Kültür-sənət Mədinə Məcidli Xəbərlər

Tarixin unudulmuş peşələri və dəyişən dünyanın izləri

İnsan cəmiyyəti inkişaf etdikcə peşələr də dəyişir, yeniləri yaranır, bəziləri isə tarixdə iz qoyaraq yoxa çıxır. Peşələr dövrün həyat tərzini, texnologiyasını və insanların ehtiyaclarını əks etdirirdi.

Keçmişdə şəhər küçələrində fənər yandıran insanlar xüsusi əhəmiyyət daşıyırdı. Elektrik enerjisi geniş yayılmamışdan əvvəl küçə işıqları qaz lampaları ilə təmin olunurdu və hər axşam bu lampaları yandırmaq, səhər isə söndürmək üçün xüsusi işçilər çalışırdı. Elektrik enerjisinin yayılması ilə bu peşə tədricən yoxa çıxdı.

Eyni şəkildə, “oyadanlar” adlı bir peşə də mövcud idi. Sənaye inqilabı dövründə insanlar fabriklərə vaxtında çatmalı olduqları üçün səhərlər onları oyadan xüsusi şəxslər olurdu. Uzun çubuqlar və ya pəncərəyə kiçik daşlar atmaq vasitəsilə müştərilərini yuxudan oyadırdı. Zəngli saatların geniş yayılması bu peşəni tamamilə tarixə çevirdi.

Bir vaxtlar şəhərlərdə buz satıcıları da çox vacib idi. Soyuducu texnologiyası olmadığından insanlar qidaları saxlamaq üçün buzdan istifadə edirdi. Buzlar qışda göllərdən kəsilir, saxlanılır və yayda evlərə paylanırdı. Buz satıcıları həm fiziki cəhətdən ağır iş görür, həm də gündəlik həyatın davamlılığı üçün vacib rol oynayırdı. Müasir soyuducuların yaranması ilə bu peşə də aradan qalxdı.

Keçmişdə çap maşınlarında işləyən “linotip operatorları” da xüsusi peşə sahibləri idi. Qəzet və kitabların çapı bu insanların texniki bilik və sürətli işləmə bacarığına bağlı idi. Onlar hərfləri mexaniki üsulla düzərək mətnləri çap üçün hazırlayırdı. Kompüter texnologiyalarının inkişafı və rəqəmsal çapın yayılması ilə bu peşə də demək olar ki, yox oldu.

Telefon əlaqəsinin ilk dövrlərində “telefon operatorları” insanların bir-biri ilə əlaqə qurmasında vasitəçi rolunu oynayırdı. Zəng etmək istəyən şəxs operatora müraciət edir, o isə uyğun xətti birləşdirirdi. Diqqət və sürət tələb edirdi, çünki eyni anda çoxsaylı zəngləri idarə etmək lazım idi. Avtomatik telefon sistemləri və mobil texnologiyalar bu peşəni də tarixə çevirdi.

Bəzi peşələr isə daha qəribə və maraqlı idi. Məsələn, teatr və ya kinoteatrlarda “səssiz film izahçıları” olurdu. Səssiz filmlər dövründə bu insanlar səhnələri canlı şəkildə izah edir, dialoqları səsləndirir və tamaşaçının filmi daha yaxşı anlamasına kömək edirdi. Səsli kinonun yaranması ilə bu sənət də unuduldu.

Keçmişdə ən çox tanınan peşələrdən biri də sütçülər idi. Sütçülər hər səhər evlərə təzə süd çatdırırdı. Soyuducuların olmadığı dövrlərdə südün tez xarab olması səbəbindən insanlar onu gündəlik almağa məcbur idilər. Sütçülər sübh tezdən yola çıxar, şüşə və ya metal qablarla südü qapı-qapı paylayardılar.

Teleqrafçılar isə məlumatın sürətli ötürülməsində mühüm rol oynayırdı. Telefon və internetin olmadığı dövrlərdə xəbərlər teleqraf vasitəsilə göndərilirdi. Teleqrafçılar Morze əlifbasını bilməli, siqnalları sürətlə yazıb oxuya bilməli idilər. Daha sonra telefon və rəqəmsal rabitə sistemləri bu peşəni sıradan çıxardı.

Bu gün biz bu peşələrə baxaraq keçmiş həyat tərzini daha yaxşı anlayır və müasir dünyanın necə formalaşdığını daha dərindən dərk edirik.

 Hazırladı: Mədinə Məcidli