Aktual

Tələbələrin motivasiya edilməsi üçün effektiv yanaşmalar

Ali təhsil müəssisələrində tələbələrin motivasiyası müasir təhsilin əsas vəzifələrindən biridir. Bu xüsusən magistratura və MBA proqramları üçün aktualdır, çünki burada təkcə nəzəri biliklər deyil, həm də həmin biliklərin praktiki tətbiqi böyük əhəmiyyət daşıyır. Lakin çox vaxt tələbələr dərslərə yalnız iştirak üçün gəlir, bu da passivliyə və fənnə marağın itirilməsinə səbəb olur. Bu tendensiyanı dəyişmək üçün tələbələri tədris prosesinə cəlb edən və onların motivasiyasını artıran effektiv yanaşmalar tətbiq edilməlidir.

Daimi hazırlıq üçün gözlənilməz quizlər

Effektivliyini sübut edən yanaşmalardan biri gözlənilməz quizlər sistemidir. Semestr ərzində tələbələr dərsə gəldikdə qəflətən quizlə qarşılaşa bilərlər ki, bu da son mövzuları əhatə edir. Məsələn, müəllim dərsin əvvəlində elan edir: “Bu gün son altı mövzu üzrə quiz olacaq”. Əgər tələbə mütəmadi hazırlaşırsa və bu quizi müvəffəqiyyətlə keçirsə, ona semestr ərzində üç belə quizi müvəffəqiyyətlə yazdığı təqdirdə yekun imtahandan azad olma imkanı verilir. Bu metod tələbələri dərslərə daim hazır olmağa və tədris prosesində aktiv iştiraka motivasiya edir.

Bu təcrübə artıq Avropa universitetlərində uğurla tətbiq edilir, burada belə test üsulları fənnə marağı artırır və tələbələri materialı müstəqil öyrənməyə sövq edir. Məsələn, Böyük Britaniyada aparılan araşdırmalar göstərib ki, dərs prosesində müntəzəm quizlərin tətbiqi tələbələrin müvəffəqiyyətini 12% artırır və materialın daha dərin mənimsənilməsinə kömək edir. Almaniyada oxşar yanaşma kursu keçə bilməyən tələbələrin sayını 10% azaldıb.

Biliklərin praktiki tətbiqi: uğurun əsas açarı

Tələbələrin motivasiyasında daha bir vacib aspekt nəzəri biliklərin praktiki tətbiqinə diqqətin artırılmasıdır. Məsələn, MBA proqramlarında məlum olduğu kimi, real hadisələrin həlli, komanda işi və layihə tapşırıqlarına xüsusi önəm verilir. Bu, tələbələrə nəzəriyyəni praktikada necə tətbiq edəcəklərini daha yaxşı anlamağa imkan yaradır. Nəzəriyyə, əlbəttə, əsas prinsipləri anlamaq üçün vacibdir, lakin məhz praktika bu biliklərin real həyatda necə işlədiyini göstərir.

Bu yanaşma yalnız magistratura pilləsində deyil, digər ali təhsil səviyyələrində də tətbiq edilməli və məzunların peşəkar fəaliyyətə hazırlanmasına kömək etməlidir. Bu xüsusilə tədris prosesində praktikanın nəzəriyyədən geri qaldığı MDB ölkələri üçün aktualdır. Məsələn, ABŞ-da praktik tədrisə üstünlük verən proqramların məzunları təhsil aldıqları sahədə iş tapmaqda 20% daha çox uğur qazanırlar və universiteti bitirdikdən sonra ilk altı ay ərzində işə düzəlməkdə daha rahat olurlar.

Müsbət yanaşma və tələbələrə dəstək

Müəllimin də tələbələrin motivasiyasında rolu çox böyükdür. Əhəmiyyətli olan müsbət mühit yaratmaqdır ki, tələbələr səhv etməkdən qorxmasınlar və bu səhvləri tədris prosesinin bir hissəsi kimi qəbul etsinlər. Məsələn, məktəb sistemini xatırlayaraq qeyd etmək olar ki, bəzən müəllimlər qırmızı qələmdən istifadə edərək səhvləri düzəldərkən uşaqlarda səhv etmək qorxusu yaradırlar. Müəllim tələbəyə qarşı tələbkar olmalıdır, amma hər şeyin bir həddi olduğunu bilməlidir və hər bir iradın tələbənin motivasiyasına necə təsir etdiyini anlamalıdır. Bu təkcə məktəblərdə deyil, həm də ali təhsil müəssisələrində də aktualdır, çünki dəstək və konstruktiv tənqid tələbələrdə özünə inamın formalaşması üçün vacibdir.

Nəticələr və tövsiyələr

Gözlənilməz quizlər, praktiki tədrisə diqqət və müəllimin müsbət dəstəyi kimi yanaşmalar tələbələrin dərsə yalnız iştirak üçün deyil, həm də biliklərə yiyələnmək və peşəkar inkişaf üçün gəlməsinə şərait yaradır. Bu yanaşmalar Azərbaycanda, eləcə də tədrisin keyfiyyətini artırmaq və tələbələrin hazırlıq səviyyəsini yüksəltmək istəyən digər ölkələr üçün çox faydalı ola bilər. Araşdırmalar göstərir ki, Avstraliyada hər bir tələbəyə fərdi yanaşma və təhsilin bütün mərhələlərində dəstək göstərən proqramlar tətbiq olunduqda, tələbələrin müvəffəqiyyət səviyyəsi 15% artıb. Çünki uğurlu təhsil təkcə biliklərin ötürülməsi deyil, həm də onların aktiv tətbiqi və tələbələrin müstəqil inkişafı üçün şərait yaratmaq deməkdir.

Hüseynov İsgəndərbəy