Vaşinqton Kiyevə hərbi yardım göndərməkdə davam edir, lakin eyni zamanda ABŞ-ın özünün silaha ehtiyacı olmasından irəli gəlir.
“Füyuzat”ın məlumatına görə, bunu cümə axşamı ABŞ prezidenti Donald Tramp deyib.
Tramp Vaşinqton yaxınlığındakı Endrüs Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin suallarını cavablandırarkən bunları deyib: “Biz silah veririk, Kiyevə kömək etmək üçün onlarla işləyirik. Amma ABŞ-ın keçmiş prezidenti Co Bayden onlara silah verməklə ölkəmizi viran qoydu. Öz müdafiəmiz üçün kifayət qədər silahımız olduğundan əmin olmalıyıq”.
Bundan əvvəl “The New York Times” mənbələrinə istinadən xəbər vermişdi ki, Vaşinqton Kiyevə “Patriot” hava hücumundan müdafiə raketləri, GMLRS dəqiq idarə olunan döyüş sursatları, “Hellfire” idarə olunan raketləri, “Stinger” insan daşına bilən hava hücumundan müdafiə sistemləri və digər silahların tədarükünü dayandıracaq. Çərşənbə günü Ukrayna Xarici İşlər Nazirliyi ABŞ-ın Kiyevdəki müvəqqəti işlər vəkili Con Qinkeli tədarükün dayandırılması ilə bağlı məlumatları müzakirə etmək üçün çağırıb. Həmin gün Volodimir Zelenski bildirib ki, Ukrayna Vaşinqtonun hərbi dəstəyi ilə bağlı ABŞ-la işçi səviyyəsində müzakirələr aparır.