Xəbərlər

Tramp: Zelenski razılaşmağa hazır olduğunu deyib

ABŞ prezidenti Donald Tramp bu gün Ukrayna prezidenti Volodimir Zelenskidən məktub aldığını və “Ukraynanın mümkün qədər tez daimi sülh üçün danışıqlar masasına oturmağa” və “ABŞ ilə nadir torpaq elementləri sazişini imzalamağa” hazır olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Konqresin birgə iclasında Amerika xalqına müraciət edərkən deyib.

Tramp Rusiya ilə Ukrayna arasında müharibənin bitməli olduğunu və bu müharibənin bitməsini çox istədiyini vurğulayaraq, hər iki tərəflə danışıqların davam etdiyini qeyd edib.

Bu gün Ukrayna prezidenti Zelenskidən məktub aldığını açıqlayan Tramp vurğulayıb:

“Məktubda aşağıdakı bəyanatlar yer alıb: Ukrayna mümkün qədər tez davamlı sülh üçün danışıqlar masasına oturmağa hazırdır. Heç kim ukraynalılardan çox sülh istəməz. Mən və komandam prezident Trampın güclü rəhbərliyi altında davamlı sülh üçün işləməyə hazırıq”.

Zelenskinin məktubunu oxumağa davam edən Tramp Ukraynanın nadir torpaq elementləri sazişini imzalamağa hazır olduğunu bəyan edib: “Minalar və təhlükəsizliklə bağlı sazişə gəlincə, Ukrayna sizin üçün əlverişli olan istənilən vaxt bu müqaviləni imzalamağa hazırdır”.

Məktub üçün Zelenskiyə təşəkkür edən Tramp eyni vaxtda Rusiya ilə danışıqların davam etdiyini və rusların sülh razılaşması üçün masa arxasına oturmağa hazır olduğunu düşündüyünü bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Tramp və Ukrayna prezidenti Zelenski ötən cümə günü Oval kabinetdə görüşərkən kameralar qarşısında mübahisə edib və sonradan keçiriləcəyi açıqlanan birgə mətbuat konfransı ləğv edilib. Zelenski Ağ Evi tərk edib və nadir torpaq elementləri haqqında saziş imzalanmayıb.