Xəbərlər

Trampla yaxın əlaqələri olan Karol Navrotski Polşanın prezidenti seçilib

Müxalif Hüquq və Ədalət partiyasının namizədi Karol Navrotski prezident seçkilərinin ikinci turunda hakim Vətəndaş Koalisiyasını təmsil edən Varşava meri Rafal Trzaskovskiyə qalib gələrək Polşanın prezidenti seçilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə mətbuat konfransında Respublika Dövlət Seçki Komissiyasının sədri Silvestr Marçiniak məlumat verib.

“Dövlət Seçki Komissiyası müəyyən edib ki, 2025-ci il iyunun 1-də keçirilən təkrar səsvermədə Karol Tadeuş Navrotski Polşa prezidenti vəzifəsinə iki namizəd arasında daha çox səs toplayıb və prezident seçilib”, – Marçiniak deyib.

Onun açıqladığı rəqəmlər komissiyanın saytında dərc olunan məlumatları təsdiqləyir. Belə ki, Navrotskiyə 10 606 877 seçici səs verib. Bu da etibarlı sayılan səslərin ümumi sayının 50,89%-ni təşkil edir. Uduzan Trzaskovski 49,11% səs toplayıb.

Seçkilərdə iştirak rekordu 72,63% təşkil edib. İkinci turda 29,3 milyon hüququ olan polyakların 21 milyondan bir qədər çoxu səs verib. 189 minə yaxın bülleten etibarsız sayılıb.

Polşada prezident seçkiləri beş ildən bir keçirilir və bir nəfər iki dəfədən artıq seçilə bilməz.