Xəbərlər

Türk dünyası böyük bir şəxsiyyəti itirdi – Yavuz Bülent Bakiler vəfat etdi

Türk ədəbiyyatının və fikir dünyasının önəmli simalarından olan, yazıçı və şair, Qarabağ kökənli Yavuz Bülent Bakiler 28 sentyabr 2025-ci ildə İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

“Füyuzat”ın məlumatına görə, yazıçı 89 yaşında əbədiyyətə gözlərini yumub.

1936-cı ilin 23 aprel tarixində Sivasda doğulan Bakiler soy-kökü Qarabağa gedib çıxan bir ailədən idi. Təhsilini Ankara Universitetinin Hüquq fakültəsində tamamlayan şair uzun illər jurnalistika, televiziya və radio sahələrində çalışmış, eyni zamanda dövlət idarələrində vəkillik və məsləhətçilik etmişdir.

Qeyd edək ki, mərhum şair “Azərbaycan ürəyimdə bir şah damardır”, “Qarabağ həsrəti kimi” unudulmaz şeirlərin müəllifidir.

Yavuz Bülent Bakiler Türk dünyası üçün yalnız bir şair deyil, həm də milli ruhun, türkcənin saflığının qorunmasının simvolu idi. Bakiler Azərbaycan və Türkiyə arasında mənəvi körpülər qurmaqda da əvəzsiz rol oynamışdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri Numan Kurtulmuş və bir çox dövlət rəsmiləri bu qara xəbərlə bağlı başsağlığı mesajları yayımlayıb.

Türk dünyası böyük bir qələm sahibini itirdi. Onun ədəbi və mənəvi irsi gələcək nəsillərə yol göstərəcək.