Xəbərlər

Türkiyənin incilərindən – Kapadokya

Türkiyənin mərkəzində yerləşən və füsunkar gözəlliyi, zəngin tarixi ilə hər il saysız-hesabsız turistin bölgəyə axınına səbəb olan – Kapadokya.

Kapadokya sözü yerli əhalinin dilindən tərcümədə “Dünyanın səkkizinci möcüzəsi” mənasında işlənir.

Bu bölgə təbii strukturlardan biri olan “Pəri bacaları” ilə də tanınır. Üç vulkanın püskürməsi nəticəsində yaranmış qeyri-adi daş formaları ərazinin simvolu sayılır. Sonrakı mərhələlərdə baş verən təbii proseslər nəticəsində, xüsusən də, temperaturun dəyişməsi ilə bağlı bacalar bir-birindən fərqlənən rənglərə boyanıb.

Hazırda Kapadokya turizm baxımından böyük əhəmiyyətə malikdir. Qayaların içərisində oyulmuş və XIX əsrə aid olan evlər bölgənin özünəməxsusluğunu nümayiş etdirir və gələn səyyahların heyrətinə səbəb olur.

Görəmə Açıq Hava Muzeyi isə qədim xristian monastırlarının və kilsələrinin olduğu bir kompleksdir. Mağaranın içində kilsə yerləşir və bura dini sənət əsərləri ilə zəngindir.

Mağara evləri ilə tanınan Çavuşin kəndi, şirin suyu ilə tanınan Avanos şəhəri qədim ənənələri ilə, keramika emalatxanaları ilə gələnlərin diqqətini cəlb edir.

Kapadokya öz uçan balon turları ilə də məşhurdur. Kapadokyanın ən məşhur vadilərindən qırmızı vadi və qızıl çuxur yaxınlığından hər gün orta hesabla 80-100 arası balonlar havaya qalxır. Düzdür, bu şarlarla ətrafı seyr etmək çox maraqlıdır, lakin ən maraqlısı günəşin batma nöqtəsindən bu balonları izləməkdir.

Kapadokyadakı Dərinkuyu və Kaymaklı yeraltı şəhərləri qədim dövrlərdə sakinlərin düşmən hücumlarından qorunması üçün istifadə etdikləri geniş bir labirint sistemdir. Bu şəhərlər müxtəlif səviyyələrdə mağaralar, yaşayış sahələri və ehtiyat yerləri ilə diqqət çəkir.

Kapadokya həm də milli parkları ilə zəngindir. Görəmə Milli Parkı da bunlardan biridir. Kapadokya UNESCO-nun Dünya İrsi Siyahısında yer alıb.

Ləman Vahid