Xəbərlər

“Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib

Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forum keçirilib.

“Füyuzat”ın məlumatına görə, forumda Azərbaycan QHT-lərinin Türkiyə, İraq və Suriyadan olan nüfuzlu türkman QHT-ləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

Forum çərçivəsində türkman QHT nümayəndələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərləri də təşkil edilib.

Açılış nitqi ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva tədbiri açıq elan edib. O, tədbirdə iştirak edən bütün qonaqları salamlayıb və bu kimi tədbirlərin Azərbaycan xalqı və onunla eyni tarixi və dəyərləri bölüşən xalqlar arasında körpü rolu olduğunu vurğulayıb. A.Əliyeva bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olaraq ölkəmizdə səfərdə olan xarici QHT nümayəndələrinə lazımi diqqət və qayğı göstərilib, onların işğaldan azad edilmiş ərazilərdə səfərləri təşkil edilib. Bu səfərlər zamanı Azərbaycanın məruz qaldığı haqsızlıqlar və xalqımızın başına gətirilmiş müsibətlər əyani şəkildə qonaqlarla bölüşülüb.

Daha sonra çıxış edən İraq parlamentinin deputatı Ərşad Rəşad Salehi bildirib ki, Azərbaycanda olmaqdan məmnundur və Bakıya səfəri zamanı gördüyü xoş münasibət, burada qarşılaşdığı milli-mənəvi dəyərlər, əslində, İraq türkmənləri ilə Azərbaycan xalqının eyni mədəni irsi bölüşdüyünün göstəricisidir. O həmçinin Azərbaycan xalqının başına gətirilmiş fəlakətləri xatırlayıb və İraqda irqi ayrı-seçkilik siyasətinə qurban olan türkmanların taleyinin bu faktlarla bənzərlik təşkil etdiyini bildirib. Salehi əlavə edib ki, bütün bu zülm və haqsızlığa baxmayaraq, həm Azərbaycan xalqı, həm də türkmanlar heç vaxt hüquqlarından imtina etmədilər və mübarizəyə davam etdilər. Salehi həmçinin Xocalı soyqırımının İraqda dövlət səviyyəsində tanınması üçün mübarizə apardığını, parlamentə bu barədə layihə təqdim etdiyini də bildirib.

Çıxış üçün söz Fazil Mustafaya verilib. O qeyd edib ki, türkman irsinə belə bir qayğı göstərdiyinə görə təşkilçılara minnətdardır. Deputat bildirib ki, tədbir mahiyyət etibarilə türkman qardaşlarımıza göstərilən diqqət və qayğının göstəricisidir. O əlavə edib ki, biz indi ortaq gələcək qurmalı, bütün sahələrdə daha da yaxınlaşmalıyıq. Fazil Mustafa Prezident İlham Əliyevin “Bizim bir ailəmiz var, türk dünyası” fikirlərini xatırlayaraq bu istiqamətdə vacib addımların atılmasının labüd olduğunu bildirib.

Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov qeyd edib ki, türkmanlarla azərbaycanlıları ortaq tarix və mədəniyyət birləşdirir, bu gün əlaqələrin inkişafı üçün işlər görülməli və vətəndaş cəmiyyətləri arasında bu kimi tədbirlərin sayı çoxaldılmalıdır.

Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, necə ki Xocalıda azərbaycanlılar soyqrımına məruz qalıblar, türkmanlar da müəyyən zamanlarda kütləvi qırğınlar və soyqrımıları ilə üzləşiblər. O əlavə edib ki, belə acı günlərin təkrarlanmaması üçün əlaqələr artmalı, birlik olmalı və bütün çətinliklərə sinə gərilməlidir.

Forum panel müzakirələri ilə davam edib.