Xəbərlər

Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş ümumrespublika olimpiadasına start verilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika kafedrasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında materiallar müqaviməti fənni üzrə ümumrespublika olimpiadasına start verilib. Olimpiada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.

“Füyuzat” xəbər verir ki, Olimpiadada respublikanın 9 aparıcı ali təhsil müəssisəsindən ümumilikdə 53 tələbə iştirak edir. Yarışda Azərbaycan Memarlıq və İnşaat Universitetini 11, Azərbaycan Texniki Universitetini 6, Azərbaycan Dövlət Dəniz Akademiyasını 7, Azərbaycan Milli Aviasiya Akademiyasını 6, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini 5, Bakı Mühəndislik Universitetini 5, Bakı Dövlət Universitetini 7, Mingəçevir Dövlət Universitetini 2, Sumqayıt Dövlət Universitetini isə 4 tələbə təmsil edir.

Olimpiada mühəndislik təhsilinin fundamental istiqamətlərindən hesab olunan materiallar müqaviməti fənninin əsas bölmələri üzrə keçirilir. İştirakçılar dartılma və sıxılma, müstəvi kəsiyin həndəsi xarakteristikaları, dairəvi en kəsikli valların burulması, eləcə də düz oxlu tir və çərçivələrin yastı əyilməsi (M, Q, N epürlərinin qurulması və yerdəyişmələrin təyini) üzrə bilik və bacarıqlarını nümayiş etdirirlər.

Olimpiadanın əsas məqsədi tələbələrin mühəndislik sahəsinə marağının artırılması, onların analitik düşünmə və texniki problemlərin həlli bacarıqlarının inkişaf etdirilməsi, gələcək mühəndislərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsidir. Eyni zamanda, olimpiada müxtəlif universitetlər arasında elmi-intellektual əməkdaşlığın genişlənməsinə və tələbələr arasında sağlam rəqabət mühitinin möhkəmləndirilməsinə xidmət edir.

Qaliblər xüsusi pul mükafatları ilə təltif olunacaqlar. Belə ki, I yerin sahibi 1000, II yer üzrə iki nəfər hər biri 500 AZN, III yer üzrə üç nəfər hər biri isə 300 AZN məbləğində mükafat əldə edəcək.

AzMİU-da təşkil olunan bu kimi olimpiadalar tələbələrin nəzəri biliklərinin praktik tətbiqlərlə möhkəmləndirilməsi, müasir mühəndislik yanaşmalarının mənimsənilməsi və yüksəkixtisaslı mühəndis kadrların hazırlanması istiqamətində mühüm rol oynayır.