Sovet Rusiyasının xalqımıza yaşatdığı fəlakətlər, faciələr…
Bunları unutsaq, nə tarix və nə də Tanrı bizi bağışlayar!
1920-ci ilin aprel işğalı ilə barışmayan azadlıq aşiqlərini, istiqlal uğrunda mücadiləyə qalxan millətsevərlərimizi nə sürgünlər, nə də repressiyalar yolundan döndərə bildi. Öz vətənini müstəqil görmək istəyən minlərlə insan dəhşətli sürgün həyatını uzaq Sibirdə “cəhənnəm adası” adlandırılan Solovkidə “yaşadı”. Bu dəhşətləri gələcək nəsillərə çatdırmaq üçün sonralar saysız-hesabsız əsərlər, xatirələr yazıldı. Onları oxuduqca həm insanın damarlarında qanı donur, həm də xalqımızın azadlıq aşiqi olan övladları ilə qürur duyursan.
Belə əsərlərdən biri də B.E.Ağa oğlunun “Solovkidə gördüklərim” adlı sürgün xatirəsidir. O, əsərində bu cəhənnəm adasında azadlıq aşiqlərimizin çəkdiyi əzablardan, işgəncələrdən yetərincə məlumat verərək sovet rejimini ustalıqla ifşa edib. Müəllif Solovkidə sürgündə olarkən yaşadığı dəhşətli günləri bədii publisistikanın gücü ilə təsvir edə bilib. B.E.Ağa oğlunun kimliyi haqqında ədəbiyyatşünas alim Vilayət Quliyev rus dilində çap etdirdiyi “Azərbaycan siyasi mühacirlərinin Polşadakı irsindən” adlı əsərində yazır: “Müsavat” partiyasının fəal üzvü, həkim, 1920-ci illərdə siyasi baxışlarına görə xüsusi təyinatlı Solovetsk düşərgəsində saxlanılmışdır”.
B.E.Ağa oğlunun xatirələrindən də bəlli olur ki, o, tibb mütəxəssisi olub: “Fəqət 1925-ci ilin nisanından eylülünə qədər müdhiş tövkifat mövsümü başlamışdı və onların arasında Bakı Universitetinin tibb fakültəsindən olan qrupda biz də vardıq. Şəxsən mənim daxil olduğum qrup içərisində tibb fakültəsindən: Mir Həsən Tağızadə, İsmayıl Əhmədzadə, Ş.Güləhmədzadə, B.Babazadə və ali mühəndis məktəbindən Mustafazadə kimi arkadaşlar bulunmakda idi”.
XI Qırmızı Ordunun Azərbaycanı işğal etməsi xalqımız tərəfindən böyük etirazlara səbəb oldu. Azərbaycanın əksər bölgələrində üsyanlar başladı və üsyanları yatırmaq üçün rus ordusu, quldur yuvasını xatırladan “Çeka”nın üzvləri amansızcasına fəaliyyətə keçdilər: “Bu mücadilə zamanı bolşeviklər qadınlara, qocalara və südəmər cocuqlara belə aman vermədilər… Bolşevik rus çekası hər tərəfə ölüm saçırdı”.
1923-cü ildə “Çeka” tərəfindən bir qrup gənc tələbə həbs edilərək ağır işgəncələrə məruz qalır: “Bu qrupun “çeka”da məruz qaldığı məzalimi (zülmləri) təsvir etməyə heç bir qələm müktədir olmaz. Bunların hürriyyət və istiqlal uğrunda çəkdiklərini bolşevik “çeka”sını görməyənlər qətiyyən təsəvvür edə bilməzlər”. Ağır işgəncələrə, dözülməz şəraitə qarşı soydaşlarımız 1927-ci ildə aclıq aksiyası keçirməyə məcbur olurlar və həmin hadisədən bir il sonra onların bəzilərini Rusiya həbsxanalarına, bəzilərini isə Solovkiyə sürgün edirlər.
Bu hadisədən hiddətlənən Azərbaycan gəncliyi bəyannamə hazırlayaraq gənclər arasında yayımlayır, onları mübarizəyə çağırır: “Azərbaycan övladları!.. Sizə məlumdur, neçə il əvvəl bu torpaqlar müstəqil millətimizin vətəni olub, amma indi Azərbaycan əsir və məhkumdur. Onun qəhrəman övladları Solovkilərdə və Sibiryalarda can verirlər. Azərbaycan, bu rusların ayaqları altında inildəyən Azərbaycanın qurtuluşu sizin əlinizdədir. Şimalın ən uzaq guşəsinə göndərilmiş qardaşlarımızdan ibrət alın. Onlar vətən və millət qarşısında vəzifələrini gördülər. İndi növbə sizindir”. Gənclər bu məzmunda olan bəyannamələri təkcə tələbələr arasında deyil, həm də orduda yayımlaya bilirdilər: “Azərbaycan əsgəri! Daşımaqda olduğunuz bayraq türk millətinin əbədi düşməni və vətənimizi istila edən əcnəbi bir qüvvətin bayrağıdır. O bayrağı atın, bir neçə il öncəyə qədər vətənimiz üzərində yüksəlmiş olan üçrəngli Azərbaycan bayrağını yüksəldin”.
Müəllif Solovkinə necə gəldiklərini belə təsvir edir: “Bizi Taqankadan Moskva istasyonuna “Qara qarğalar”da gətirdilər. Bu, qara rəngdə, qapalı pəncərəsiz bir makinə olub Moskvada kürək cəzasına (gəmilərdə avar çəkmək ― red.) məhkum olunanlar üçün kullanır”. Bolşeviklərin sürgün edilənlərə verdiyi əzabları, dəhşətli işgəncələri görən müəllif buranı gedər-gəlməzə bənzədirdi: “Bu mənfələrin içində yalnız Rusiyada deyil, bütün cahanda maruf Solovki bolşeviklərin ciddən şah əsərləridir. Bu, həqiqətən də dastanlarda söylənən “gedər-gəlməz diyar” təşkil edir…”
Hələ Solovkiyə gəlməmişdən əvvəl məhkumları “Kem” adlı qərargahın 12 kilometrliyində olan Murman dəmir yolunun ən böyük stansiyasında saxlayırlar. Bu iki ayda hər gün 14-15 saat buzun, qarın üstündə ac, susuz işləyirlər. Burada daha əvvəl Solovkiyə sürgün edilən azərbaycanlılarla rastlaşarkən onları dəhşət bürüyür: “İndidən təsəvvür edirdik ki, ölənlərimiz, bu vəhşi müamilə və vəhşi iqlimə dözə bilməyərək ölənlərimiz bir tərəfə, qalanlarımızın isə nə hala düşəcəklərini bu qardaşlarımızın simalarından öyrənə bildik. Onlar o qədər dəyişmiş, o qədər solmuş, o qədər üzülmüşdülər ki…”