“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin əsəri” nominasiyası üzrə seçilən əsər Volfqanq Borxertin “Şəhər” hekayəsidir. Xoş mütaliələr!
Gecikmiş yolçu dəmir yolunda, relslərin arasıyla gedirdi. Relslər ay işığında gümüş kimi parıldayırdı.
Amma bunlar çox soyuqdur, – deyə yolçu fikirləşirdi, – çox soyuqdur.
Sol tərəfdə, çox uzaqda işıq göründü. Oralarda hardasa yaşayış məntəqəsi vardı. Orda it də vardı, it səsi xırıldayana qədər hürüb dayandı. İşıq və it səsi gecəni əsl gecə eləyirdi. Sonra yolçu yenə tək qaldı. Təkcə külək idi ki, onun qulaqlarının yanında vıyıldayırdı. Relslərin üstünə ləkələr düşmüşdü: buludlar ayın qabağından keçirdi.
Əlində fənər tutmuş adam gəldi. İki üzün arasına qaldırılmış fənər yellənirdi. Fənərli adam soruşdu:
Hara belə, cavan oğlan?
Yolçu çiyni ilə horizontdakı parlaq ləkəni göstərdi.
Göyüzünə.
Hamburqa? – fənərli adam soruşdu.
Hamburqa.
Sonra daşlar onların ayaqlarının altında xırçıldamağa başladı. Bir-birinə dəyib xırçıldayırdılar. Fənər də dala-qabağa, dala-qabağa yellənirdi. Ay işığına qərq olmuş relslər onların qabağında uzanırdı. Gümüşü rəngli relslər isə parlaqlığa tərəf uzanmışdı. O parlaq ləkə Hamburq idi.
Orda elə də sən deyən yaxşı deyil, – fənərli adam dedi. – Şəhərdə də vəziyyət yaxşı deyil. İşıqlıdır, hər tərəf işıqlıdır, amma küçə fənərlərinin altında ac adamlara rast gəlirsən. Bunu yadında saxla, eşidirsən?
Hamburq, – deyə yolçu güldü, – qalan hər şey mənasızdır. Əgər ordan gəlmisənsə, təkcə ora, təkcə ora getməlisən. İstər-istəməz nəsə səni ora çәkir. Həm də ki, – bir az fikirləşib fikrini tamamladı, – Hamburq həyatın özüdür! Ancaq orda həyat var!
Fənər dala-qabağa, dala-qabağa yellənirdi. Külək yavaş-yavaş əsib onların qulağında vıyıldayırdı. Ay işığında parıldayan soyuq relslər uzanıb gedirdi.
Əlində fənər yellənən adam dedi:
Həyat! Həyat nədir ki? Qoxuları xatırlamaq, qapının dəstəyindən yapışmaq. Gecə adamların yanından keçmək, yağış damcılarını saçlarında hiss etmək. Həyat bunlardan ibarətdir.
Dal tərəfdən vətən həsrətiylə uşaq kimi zarıldayan qatarın səsi gəldi. Qatar səsi gecəni əsl gecəyə çevirdi. Sonra yük qatarı onların yanından keçdi. Qatar ulduzlar səpələnmiş göyüzünün altında təhlükə kimi guruldadı. Amma yolçular ondan qorxmadılar. Qırmızı vaqonların altındakı qırmızı dəmir təkərlər relsləri tərpədə-tərpədə keçib getdi. Hələ bir müddət səsi eşidildi.
Yolçu dedi:
Yox, həyat təkcə yağış altında gəzməkdən, qapının dəstəyindən yapışmaqdan ibarət deyil. Heç adamların yanından keçməkdən, qoxuları xatırlamaqdan da ibarət deyil. Həyat həm də qorxudan ibarətdir. Həm də sevincdən. Qatar altına düşmək qorxusu. Qatarın altına düşməməyin sevinci. Yola davam edə bilməyin sevinci.
Dəmir yolunun yanında köşk vardı. Fənərli adam fənərin işığını azaldıb əlini yolçuya uzatdı.
Demək, Hamburqa!
Hamburqa! – yolçu cavab verib yoluna davam etdi.
Relslər ay işığı altında parıldayırdı. Horizontda isə parlaq ləkə görünürdü: Şəhər!



