Aprelin 15-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli heykəltaraş, Xalq rəssamı Kamal Ələkbərovun xatirəsinə həsr olunmuş tədbir və sənətkarın yaradıcılığına dair “ Kamal Ələkbərov – Heykəltaraşlıq”, həmçinin rəssam Fərid Ələkbərovun “Neon rəngkarlığı/Qrafika” kitablarının təqdimatı keçirilib.
Təqdimatda sənətkarın ailə üzvləri, incəsənət xadimləri və mütəxəssislərlə yanaşı, MİMTA Fondunun əməkdaşları da iştirak ediblər.
Tədbirdə sənətkarın həyat yoldaşı Gülarə Ələkbərova, oğlu, “Farhouse” Neon Sənəti Muzeyinin yaradıcısı Fərid Ələkbərov, AMİM-nin elmi-tədqiqat üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədova, ADRA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev, ADRA-nın beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Salhab Məmmədov, həmçinin Tədris və tərbiyə işləri üzrə prorektor, Əməkdar rəssam, professor Azad Zeynalov çıxış ediblər.
Kamal Ələkbərovun sənət yolunun ailəsində davam etməsi və oğlu Fərid Ələkbərovun bu ənənələri qoruyaraq müasir istiqamətdə inkişaf etdirməsi xüsusi qeyd olunub. Bildirilib ki, Fərid Ələkbərovun yaradıcılığında neon sənəti mühüm yer tutur və o, işıq, rəng və texnologiyanın sintezi vasitəsilə müasir incəsənətdə yeni ifadə formaları yaradır.
Çıxışlarda qeyd olunub ki, Kamal Ələkbərov Azərbaycan heykəltaraşlıq sənətində mühüm yer tutaraq monumental və dəzgah əsərlərində insan xarakterinin dərinliyini və mənəvi gücünü yüksək bədii həll ilə ifadə etmişdir. Onun təsviri sənətimizdə özünəməxsus yer tutan zəngin irsi bu gün də aktuallığını qoruyub saxlayır.
Həmçinin vurğulanıb ki, tədbir çərçivəsində təqdim olunan nəşrlər sənətsevərlər və tədqiqatçılar üçün mühüm töhfə olmaqla yanaşı, bu sahədə elmi və bədii araşdırmalar üçün də dəyərli mənbədir. Qeyd edək ki, təqdim olunan hər iki nəşr MİMTA Fondu tərəfindən hazırlanaraq sənətsevərlər və tədqiqatçılar üçün dəyərli mənbə kimi ərsəyə gətirilib.
Tədbirin bədii hissəsində Kamal Ələkbərovun sevdiyi musiqi nümunələri və klassik əsərlər səsləndirilib, şeirlər bədii qiraət ustası Kamran Yunisin ifasında təqdim olunub.
Tədbir tamaşaçılar tərəfindən alqışlarla qarşılanaraq xoş təəssüratla yadda qalıb.











