Arzu Həsənzadə Füyuzat 130 Təhlil

Xəbər üslubu

Qəzet və dərgilər mediada məlumat ötürücü vasitə kimi olduqca əhəmiyyətlidir. Modern çağımızda internet resurslarının, sosial medianın ön planda olmasına baxmayaraq, bu kimi ənənəvi media vasitələrinə toplumların intellektual kəsiminin hər zaman ehtiyacı olub. Bizə bəzən ikinci plandaymış kimi görünən ənənəvi media vasitələri – qəzet və jurnallar, əslində, qalıcılıq, arxivləşmə potensiallarına görə sektorda öz üstünlüklərini qorumaqdadır. Avantaj baxımından da təhlil etsək, görərik ki, dərgiçiliyin günlük qəzetçilikdən bir sıra üstün cəhətləri var. Belə ki, günlük qəzetlər və onların tərkib hissəsi olan xəbərlər günə xitab etdiyi, günü dəyərləndirdiyi üçün çox hallarda keçici, qısaömürlü olur, amma dərgilər səhifələrində barındırdığı məlumatlar, diqqətçəkici şəkillər, üstün poliqrafik xüsusiyyətləri ilə uzun vədəli gələcək üçün tərtib olunur və mühafizə edilir. Biz yuxarıda qeyd etdiklərimizin nə dərəcədə keçərli olduğunu günümüzə qədər qorunaraq gəlib çatmış əski “Füyuzat”ın timsalında görə bilərik. Lakin məsələ xəbər yazmaqdadırsa, burada zamanla yarış içində oluruq. Bu yarış bizi daha praktik, çevik davranmağa sövq edir. Xəbərçilikdə anı oxucu və izləyiciyə çatdırmaq zərurəti yaranır. Bu zaman dərgiçilikdə istifadə olunan mürəkkəb elmi, bədii-publisistik yazı metodlarına, dərin təhlillərə deyil, daha qısa və anlaşılan cümlələrə müraciət edərək məlumatı cəld bir şəkildə ötürmək işini icra edirik.

Xəbərçilikdə 5W1H (Where? When? Why? What? Who? How?), (Harada? Nə vaxt? Niyə? Nə? Kim? Necə?) müasir xəbər çatdırma modelindən istifadə edib 6 təməl suala cavab verərək işi sürətləndiririk (Yusuf Yurdigül, İ. Etem Zinderen “Yeni medyada haber dili” // TOJDAC dergisi, 2012, cilt 2, sayı 3, s. 82). Məlumatın bütün detallarını bu suallar əsasında qurmaqla xəbər dilində sadəliyi ön planda tuturuq. İstifadə edilən modeldən asılı olmayaraq xəbəri vermək, məlumatı ötürmək üslubları çeşidlidir. Məsələn, hadisəyə şahid olmuş kimi xəbəri çatdırmaq bir üslubdur. Xəbərçi hadisəyə şahid olmasa və hadisənin içində yer almasa belə, doğru kəlmə seçimi və qurduğu cümlələrlə oxucu və izləyicidə bu xəbərin sonradan əldə edildiyi təəssüratını aradan qaldıra bilər. Xəbəri öz şərhi əsasında çatdırmaq, hadisələri müqayisə edərək xəbərə çevirmək və s. bunlar da media mənsublarına xas üslublardandır.

Xəbər işində müxtəsərlik müasir dönəmin tələbidir. Günümüzdə əksər qəzetlərlə bərabər, jurnallar da bu tələbə uyğun iş qurur. İlk dəfə ABŞ-da 1982-ci ildə “USA Today” qəzeti müxtəsərlik formatına keçid etmişdir. “USA Today” hadisələr haqqında qısa materiallar hazırlamaqla məqalə və xəbərlərin sayını artırırdı. Xəbər bəzən hətta 6 cümlədən ibarət olurdu (Con Vivian “Kütləvi kommunikasiya mediası”, 2021, səh. 217). Yəni burada hadisənin mahiyyətini idrak edib onlar arasında əlaqə qurmaq, onun faydalı və ya zərərli mahiyyət daşıdığına dair bir nəticəyə varmaq, anlamaq işində oxucunun və ya izləyicinin üzərinə daha çox məsuliyyət düşür. Oxucu və ya izləyici xəbərdən bir nəticəyə gəlməsə, o zaman hadisəni anlamaqdan “farağat” edib başqa bir məlumata yönələcək. Nəticədə biz maarifləndirmə işindən daha çox xəbər axını izləmiş oluruq. Önəmli olan da burada axının davamlılığıdır. Oxucunun məlumatı idrak edib-etməməsi, bir nəticəyə varıb-varmaması media qurumunun öncəliyi deyil. Onun prioriteti Əli bəy Hüseynzadənin “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” yazısında dediyi kimi, “ləb” demədən oxucunun “ləbləbiyi” anlamasıdır. Anlamaqdan, nəticə hasil edib bir fikrə varmaqdan farağat edib başqa bir məlumata yönəlməsi isə oxucunun şəxsi seçimidir.

 Davamı…