“Elm bütün nailiyyətlərinə görə xəyala borcludur”.
Ralf Emerson
Xəyal qura bilmək insana aid olan bənzərsiz özəlliklərdən biridir. O, bəzən xoşbəxtliyin açarı, bəzən isə insanlıq üçün faydalı ola biləcək bir ideyanın ilk addımı ola bilər. Fırçasız, boyasız rəsm çəkməyə bənzəyən bu xüsusiyyət, əslində, hər bir insanda var olan bir özəllikdir. İnsan düşüncəsinin gücü sayəsində hədəflərini, arzularını, ideyalarını formalaşdırmaq və həyata keçirmək qabiliyyətinə malikdir. Gələcək hədəflər öncə xəyal edilir, zehində canlandırılır, sonra planlaşdırılır, yekunda isə həyata keçirilməsi üçün addım atılıb əzmlə çalışılır.
Xəyal qurmadan yaşanan dünya rəngsizdir. Həyatı gözəl, rəngarəng edən xəyallardır, arzulardır. Xəyal qurmaq dəyişiklik etmək, irəli addım atmaq və daha yaxşı gələcək qurmaq üçün çox önəmlidir. Qeyri-mümkün dediklərimizi həyata keçirmək üçün ilk addım xəyal etməkdən başlayır. İnsanoğlunun hal-hazırda gəldiyi nöqtəyə gedən yol xəyallarla başlayıb…
Araşdırmalar göstərir ki, xəyal qurmaq ilham və motivasiya verən bir prosesdir. Biz öncə xəyal edir, sonra ona çatmaq üçün çalışırıq. Gələcəkdə əldə etmək istədiyimiz uğurlar arzularımız vasitəsilə yaranır və bizi bu məqsədə çatmaq üçün cəhd etməyə sövq edir. Əslində, xəyallarımız çətinliklərlə qarşılaşdığımız zaman bizi canlı saxlayan və daha da əzmlə çalışmağa sövq edən motivasiya mənbəyidir.
Xəyal qurmaq yaradıcılığın əsasını təşkil edir. İnsanlar xəyal quraraq yeni ideyalar tapırlar. Müvəffəqiyyət əldə etmək üçün yaradıcı düşünmək və problem həll etmək bacarıqları çox önəmlidir. Xəyal qurmaq isə insanları yaradıcı düşünməyə, problemləri həll etməyə, daha effektiv və innovativ yanaşmalar ortaya qoymağa sövq edir. Doğru hədəfi müəyyən etmək baxımından xəyallarımız bizim üçün istiqamətverici rol oyanaya bilər. Məqsədlərimizin müəyyən olunmasında və o məqsədlərə gedən yolda uğur qazanmağımızda xəyal quraraq yol getmək çox önəmlidir. Belə ki, xəyal qurmağın gücü ilə bağlı 1972-ci il olimpiadalarında 7 qızıl medala layiq görülən amerikalı üzgüçü Mark Spitzin fikirlərini xatırlamaq yerinə düşər. Jurnalistlər ondan müvəffəqiyyətinin sirrini soruşduqda o bütün yarışlarda uğurlu olacağından əmin olduğunu qeyd edərək deyir ki, “normal olaraq insan üzməyə başladığı an və üzərkən üzməyi düşündüyü halda, mən isə gəzərkən, yatarkən, yemək yeyərkən, bir sözlə, hər an üzməyi düşünür və üzürdüm”.
Albert Eynşteynə görə, xəyal qurmaq, arzu etmək bilikdən önəmlidir. Buna görə də qloballaşan dünyada baş verən dəyişikliklərlə ayaqlaşmağın yolu bu günün məktəblilərində yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir. Bu isə təhsil sistemlərinin standartlarından kənara çıxmağı tələb edir.
Dünya İqtisadi Formunun 2023-cü ildə “İş sahələrinin gələcəyi” adlı hesabatında növbəti 5 il ərzində ən çox tələbatın olacağı bacarıqlar siyahısında ilk yerdə kreativ düşüncə gəlir. Görünən odur ki, gələcəyin bütün işlərində kreativlik, yaradıcılıq əsas bacarıqlardan olacaqdır. Bu özəlliklər isə xəyal qurmaqla formalaşır və inkişaf edir. Dünyaca məhşur olan, yaradıcılığı ilə tanınan bir çox insanlar əldə etdikləri nailiyyətlər üçün xəyal qurmağa borclu olduqlarını qeyd edirlər. Bunun səbəbi odur ki, xəyal qurarkən zehnimiz beynimizin müxtəlif hissələrini skan edərək kiçik məlumatları birləşdirir. Bu məlumatlar isə birləşərək yeni və yaradıcı ideyalar üçün qığılcım rolunu oynayır. Albert Eynşteynin dediyi kimi, “ağıl, məntiq sizi A nöqtəsindən B nöqtəsinə apardığı halda, xəyal gücü isə sizi hər yerə aparar”.
Beləliklə, mövzumuzun yekunu olaraq söyləyə bilərik ki, uğur qazanmağın ən vacib elementlərindən biri də xəyal qurmaqdır. O, ilham və motivasiya verməklə yanaşı, yaradıcılığı təşviq edir, özünə inamı artırır, müsbət düşüncə tərzi formalaşdırır, mübarizə əzmimizi gücləndirir. Xəyalları hədəfə çevirərək fərdlər və o fərdlərin aid olduğu cəmiyyət daha yaxşı bir dünya yaratmaq üçün addımlar ata bilər. Təbii ki, xəyalını qurduğumuz hər şey gerçəkləşməyə bilər. Amma əminliklə demək olar ki, bir gün dahi olman(m)ız üçün əlin(m)izdə olan ən güclü vasitə xəyal qurmaqdır.