Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində Gürcüstanın milli stendinin açılışı olub

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Gürcüstanın milli stendinin açılış mərasimi keçirilib.

“Füyuzat xəbər verir ki, açılış mərasimində Gürcüstanın Azərbaycandakı səfiri Qiorqi Zakaraşvili iştirak edib.

Tədbirdə çıxış edən Gürcüstan Yazıçılar Evinin direktoru Ketevan Dumbadze bildirib ki, artıq ikinci ildir gürcü yazıçılarına Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmək, əsərlərini təqdim etmək və azərbaycanlı oxucularla görüşmək imkanı yaradılır.

Onun sözlərinə görə, ötən il sərgidə təqdim olunan bəzi gürcü müəlliflərinin əsərləri sonradan Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub. Bu, iki ölkə arasında ədəbi əlaqələrin inkişafının və qarşılıqlı marağın göstəricisidir.

Gürcüstanın Azərbaycandakı səfiri Qiorqi Zakaraşvili isə çıxışında müasir dövrdə iqtisadiyyat və texnologiya sahələrinə, eləcə də bu istiqamətlərdə nəşr olunan kitablara böyük diqqət yetirildiyini bildirib. Diplomat bununla yanaşı, humanitar elmlərin, ədəbiyyatın və mədəniyyətin inkişafına da xüsusi önəm verilməsinin vacibliyini qeyd edib.

Səfir vurğulayıb ki, ədəbiyyat xalqlar arasında mənəvi bağların möhkəmlənməsində, qarşılıqlı anlaşmanın və mədəni dialoqun inkişafında mühüm rol oynayır. Azərbaycan və Gürcüstan ədəbiyyatından nümunələrin qarşılıqlı tərcüməsi hər iki xalqın bir-birinin tarixini, mədəniyyətini və mənəvi dəyərlərini daha yaxından tanımasına şərait yaradır.

“Biz hər zaman bu cür təşəbbüsləri dəstəkləməyə hazırıq. Əmin ola bilərsiniz ki, ədəbi və mədəni əməkdaşlığın inkişafı istiqamətində bundan sonra da sizin yanınızda olacağıq”, – deyə səfir bildirib.

Gürcüstanın milli stendində gürcü müəlliflərinin əsərləri, onların tərcümə nəşrləri, eləcə də gürcü ədəbiyyatının Azərbaycanda təbliğinə yönəlmiş müasir nəşriyyat layihələri nümayiş olunur.

Qeyd edək ki, Gürcüstan Yazıçılar Evi gürcü ədəbiyyatının ölkə daxilində və beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyət göstərən dövlət təşkilatıdır. Qurum yazıçılara, tərcüməçilərə və naşirlərə dəstək göstərir, müxtəlif təhsil və mədəniyyət layihələri həyata keçirir.