İtaliyanın şimalındakı Toskana regionunda, Piza şəhərində yerləşən və dünyada “Yıxılan qüllə” adı ilə tanınan Pizza qülləsi İtaliyanın ən məşhur simvollarından biridir. Bu memarlıq abidəsi hər il öz xarici görkəminə görə insanların, xüsusilə də turistlərin böyük marağına səbəb olur. Qüllənin xaricindən diqqət yetirdikdə onun az qala aşacağını görürük, lakin o yerə çox yaxşı dirəklərlə bərkidilmişdir.
Bu qüllə 1173-cü ildə Bonnano Pizanonun rəhbərliyi ilə inşa edilmişdir. Qüllənin əyildiyini görən memar, onun inşasını dayandırmır və hissə-hissə tikməyi qərara alır. Lakin müharibə səbəbindən inşa prosesinə yüz il müddətində fasilə verilib. Yalnız 1272-ci ildən etibarən tikinti işləri davam etdirilib. Qüllənin inşası ümumilikdə təxminən 200 ilə tamamlanıb. Tikinti işlərinə başlanılan vaxtdan etibarən ilk 5 il ərzində dik vəziyyətdə olan qüllə üçüncü mərtəbənin tamamlanmasından sonra cənuba doğru əyilməyə başlayıb. Bünövrəsi yumşaq torpağın çökməsi səbəbindən əyilən “Piza” qülləsi hələ də əyilməkdə davam edir. Belə ki, qüllə hər 100 ildə 0,7 santimetr əyilir və hazırda mailliyi 5,5 dərəcədir. Tikili 8 mərtəbədən ibarətdir. Birinci mərtəbədə kəmərlərlə əhatələnmiş dairəvi qalereya, ikinci-altıncı mərtəbələrdə eyni üslubda, dairəvi sütunlarla bəzədilmiş dekorativ qalereyalar yerləşir, yeddinci mərtəbə altıncı və sonuncu mərtəbələri əlaqələndirən sprialşəkilli nərdivanlardan ibarətdir, səkkizinci mərtəbə isə zəng mərtəbəsi adlanır və burada 7 zəng yerləşir. Qüllənin içərisində 294 daş pillə var ki, turistlər bu pillələr vasitəsilə yuxarı qalxıb şəhəri seyr edə bilirlər.
“Piza” qülləsinin hündürlüyü 55,86 metrdir. Qüllə 1280-ci ildən bəri ən azı dörd güclü zəlzələyə tab gətirib. Təxminən 14 min 500 ton ağırlığında olan qüllə 1990–2001-ci illərdə təmirə bağlanıb. Bu bərpa işləri çərçivəsində qüllənin daha 200 il ayaqda qalması mümkün olacaq. Onu da qeyd edək ki, qüllənin adının “Pizza” adlandırılması onun yerləşdiyi şəhərin adı ilə bağlıdır.
Bu memarlıq abidəsi 1987-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınıb.
Ləman Vahid