Köşə Yazıları Tural İsmayılov

2023, 2024 və…

2023-cü il dünya üçün maraqlı tendensiyalarla yadda qaldı. Psixoloji gərginlik ən yüksək həddədir. Dünyada Rusiya–Ukrayna savaşının gərginliyi davam edərkən həm də yeni münaqişə ocaqları sənəti, musiqini, hətta fəlsəfəni də zədələdi. Oktyabrın 7-də İsrail–Qəzza müharibəsi başlamazdan əvvəl münaqişə və ya humanitar böhranlar səbəbindən dünya miqyasında didərgin düşmüş insanların sayı rekord həddə çatmışdı və bu, problemin hamını düşündürməli olduğunu bir daha sübut edir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sentyabrın sonuna olan məlumatına görə, Ukrayna, Sudan, Myanma və Konqo Demokratik Respublikasında baş verən müharibələr və Talibandakı humanitar böhran səbəbindən 114 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. Bu humanitar fəlakət statistikası 2024-cü il də daxil olmaqla növbəti illərin daha gərgin keçəcəyini göstərir.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin məlumatına görə, Hindistan 2023-cü ilin ortalarına qədər dünyanın səkkiz milyard əhalisinin təxminən 1,43 milyardının yaşadığı Çini keçərək dünyanın ən çox əhaliyə malik ölkəsi olacaq.

Çinin əhalisi 2022-ci ildə 1,426 milyarda çatdıqdan sonra altı onillikdə ilk dəfə azalmağa başlayıb. Ekspertlərin fikrincə, 2100-cü ilə qədər Çinin əhalisi Hindistan əhalisinin yalnız yarısı ola bilər. Bütün bunlar iqlim üçün və təbii sərvətlərin istismarı mövzusunda əlavə riskləri ehtiva edir.

2023-cü il süni intellekt və elmin inkişafı baxımından əlamətdar oldu.

2023-cü ilin nəqliyyatda süni intellektin istifadəsi baxımından diqqətəlayiq bir il olacağına dair böyük gözləntilər var idi, amma bununla bağlı ciddi bir addım atılmayıb.

Ədəbiyyat sahəsində o qədər də ciddi gözləntilər olmadı. Dünyada müxtəlif kiçik absurd hekayələr yazılsa da, yeni janrların inkişafı baxımından il yaddaqalan olmadı. İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında Ədəbiyyat üzrə Nobel Mükafatının Norveç yazıçısı Con Fosseyə “deyilməyənləri ifadə edən yenilikçi pyesləri və nəsrinə görə” verildiyi açıqlandı. Açıqlamada bildirilirdi ki, Fosse dünyanın ən çox səhnələşdirilən dramaturqlarından biri olmaqla yanaşı, nəsri ilə də tanınır. Romanları, hekayələri, şeirləri, uşaq kitabları, esseləri və pyesləri 40-dan çox dilə tərcümə olunan Fosse “The Daily Telegraph”ın 100 ən yaxşı yaşayan dahi siyahısında da 83-cü yerdə qərarlaşıb. Amma ədəbi tənqidçilər iki qrupa bölündü; bir qisim ənənəvi Nobel etirazçılarıdır, onlar həmişə mübahisələndirməyi sevirlər, digərləri isə Fossenin mükafata layiq görülməsini müdafiə edirlər.

Bolqarıstan yazıçısı Georgi Qospodinov “Zaman sığınacağı” romanı ilə ədəbi aləmdə ən nüfuzlu mükafatlardan sayılan Beynəlxalq Buker mükafatını qazandı. Qeyd etməliyəm ki, Qospodinov yaradıcılığı uzun illərdir layiq olduğu diqqəti görmürdü.

Mənim üçün 2023-cü il həm də kosmik tədqiqatlar sahəsində böyük addımlarla yadda qaldı. Baş verənlər 2024, 2025 və sonrakı illərdə kosmosda yaşam ideyalarını bir qədər də yaxın edəcək kimi görünür. Bir çox astronom artıq kainatın başqa yerlərində həyatın olub-olmadığını şübhə altına almır, əvəzində həyatı “nə vaxt” tapacağımıza cavab axtarır.

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ceyms Uebb Kosmik Teleskopu (JWST) bu yaxınlarda Günəş Sistemimizdən kənarda olan planetdə həyat haqqında ümidverici ipucları aşkar edib. Dünya üçün iqlim və ekologiya problemi nə qədər ciddidirsə, Yer kənarındakı axtarışlarda edilən böyük cəhdlər daha ümidli olmağa əsaslar yaratdı.

Teleskoplar indi uzaq ulduzların ətrafında fırlanan planetlərin atmosferini təhlil edərək yalnız Yerdəki canlı orqanizmlər tərəfindən istehsal olunduğu bilinən kimyəvi maddələri axtara bilir.

Mən də daxil olmaqla bir çoxumuzun siyasi gündəmə daha çox fokuslanması baş verən ciddi intibaha nəzər yetirməməyimizə səbəb oldu.

Növbəti yeddi il ərzində Avropa Cənub Rəsədxanasının (ESO) Böyük Teleskopu Çili səhralarından aydın səmanı tədqiq edəcək. Teleskopun 39 metr diametrli güzgüsü indiyə qədər hazırlanmış ən böyük güzgüdür. Bu xüsusiyyət ona planet atmosferlərində öz varislərindən daha çox təfərrüatları görməyə imkan verəcək. Planetlərin atmosferini təhlil edən bu teleskopların üçü də yaydıqları işığa baxaraq maddələri fərqləndirir. Teleskoplar o qədər güclüdür ki, yüzlərlə işıq ili uzaqlıqdakı bir ulduzun ətrafında fırlanan planetin atmosferindən gələn kiçik bir işıq şüasını belə analiz edə bilirlər.

Təbii ki, siyasi atmosferdə gərginliklər də oldu, bu isə sənətdə durğunluğa və psixoloji geriləmələrə səbəb oldu. Amma İsrail–Fələstin qarşıdurmasında, Ukrayna cəbhəsində, Şimali Koreya və Cənubi Koreya arasında, Çin–Tayvan münaqişəsində böyük müsbət tendensiyalar təəssüflər olsun ki, hələ uzun illər müşahidə edilməyəcək.

İllərin təhlilində Azərbaycan üçün isə qlobal kontenstdə daha ciddi analizlər lazımdır.

Prezident İlham Əliyevin qətiyyəti və siyasi liderliyi dünya tarixinə yeni yön verdi. Elm və kommunikasiyanın, imperializm və müstəmləkəçiliyin artdığı hazırkı dünya nizamında işğalı sonlandırmaq, separatçılığı və terroru bitirmək, ərazi bütövlüyünü bərpa etmək əsrlər sonra da xatırlanacaq misilsiz hadisələrdəndir. Dünya dəyişdikcə və inkişaf etdikcə siyasi mərkəzlər ədalətsizliyi, bərabərsizliyi trendə çevirməyə çalışır, üstəlik, qlobal pandemiyanın iqtisadi, siyasi və psixoloji təsirləri geopolitik manevr imkanlarını daraldır, siyasi mübarizəni, hərbi gücü çətinləşdirir. Bu mürəkkəb və həssas dövrdə Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması uzun illər davam edən və Qarabağ üzərində qurulan oyunlara vurulan zərbə oldu.

Nəhayət, bilməliyik ki, qalib dövlətin qalib xalqı ciddi çağırışlarla üz-üzədir. Qalib xalqın qalib fəlsəfəsi, qalib ədəbiyyatı, qalib filmi, qalib kültürü olmalıdır və olacaq.

Azərbaycan timsalında dünyadakı neqativliklərə zərbə vuran örnəklərin önümüzdəki illərdə daha da artacağına ümidlər isə sonsuzdur.