Köşə Yazıları Tural İsmayılov

Tədqiqatçı kimi düşünmək

Dünyada baş verən siyasi və kültürəl katklizmlər fonunda düşüncənin primitiv olmamağı ən vacib faktorlarından biri halına gəlib. Bir tərəfdən elmi təfəkkürün sərhədlərini təhdid edən irrasional “dedi-qoduların” elmi cameəyə daşınmağa çalışması, bir tərəfdən də mənəvi deqradasiyanın əsas səbəblərindən biri halına gələn sosial media və dezinformasiyalar külliyatı datalarla işləməyin, tədqiqatçılığın mühümlüyünü ortaya qoyur.

Tədqiqatçı kimi düşünmək təkcə marketinq və iqtisadiyyat sahəsində deyil, bütün sahələrdə zəruri əhəmiyyətə çevrilir.

Ən yaxşı bazar araşdırması edən şirkətlər milyonlarla gəlir əldə edib və bütün dünyada keyfiyyətli tədqiqat xidmətləri göstərmək üçün yorulmadan çalışan minlərlə işçisi var. Bu şirkətlər dünyanın hər yerində fəaliyyət göstərir və əyləncə, pərakəndə satış, maliyyə və media sənayelərində kifayət qədər aktivdirlər.

Tədqiqatların işləmədiyi sahələrdə faktsız mülahizələr geniş yayılır. Bunun nəticəsində hansısa bir sahədə baş verən problemin daimi və qalıcı həll meyarları olmur. Bütün tədqiqatlar yeni şeylər öyrənmək üçün bir yoldur.

Tədqiqatçının işi təkcə problemin məğzini anlatmaq deyil, həm də alternativ düşüncə meyarları təqdim etməkdir. Tədqiqat prosesi əvvəldən axıra qədər heç bir ziddiyyət olmadan ardıcıl olmalıdır. Alimlər geniş perspektiv və strateji addımlarla hadisələrə və faktlara diqqət yetirməyi bacarmalıdırlar. Bundan əlavə, yaradıcı ideyalarla elmi araşdırmalara töhfə vermək alimin işidirsə, bizim kimi media mənsublarının, yazarların, influenserlərin də cəmiyyətə təqdim etdiyi hər bir yeni ideya datalara, müəyyən sorğu nəticələrinə və analizlərə əsaslanmalıdır. Bizim tədqiqatçı kimi yanaşmamağımızın nəticəsidir ki, sosial şəbəkələrdəki “qaraqışqırıq” ciddi informasiya mənbələri və datalarla “yarışır” sanki.

Tədqiqat və məlumat toplamada dəqiqlik diqqətdən kənarda qalmayan əsas cəhətdir. Tədqiqatda dəqiqlik toplanmış məlumatın etibarlılığıdır, qərəz və ya səhvdən azad olma dərəcəsini ifadə edir. Buna görə də dəqiqlik tədqiqat nəticələrinin etibarlılığını və faydalılığını təmin edən mühüm komponentdir.

Qeyri-obyektiv təəssüratlar, dəqiqlikdən kənar mülahizələr nəticəsində insanlar klaviaturalarının və telefonlarının tuşlarında hər bir yanlışı düzgünlük kimi təqdim etməyə çalışırlar.

Dəqiqlik əhəmiyyətli mənfi nəticələrə səbəb ola biləcək dezinformasiyanın yayılmasının qarşısını almağa kömək edir. Yanlış tədqiqat nəticələri səhv qərarlara, resursların israf edilməsinə və hətta fərdlərə və ya cəmiyyətlərə zərər verə bilər.

Yanlış araşdırma və anlayışların nəticələri qısa və uzun müddətdə ağır ola bilər. Bu, həmçinin tədqiqatçıların və onların işlərinin etibarlılığına xələl gətirə bilər ki, bu da onların karyeraları üçün əhəmiyyətli nəticələrə səbəb ola bilər.

Tədqiqatların aparılması və fikirlərin toplanması müxtəlif sahələrdə biliklərin inkişafı üçün çox vacibdir.

Tədqiqatçı kimi düşünmək yanlız xüsusi sahələri əhatə etməməlidir. Bizim hər bir baxışımızda analizlər önəmli olmalıdır. Yanlış və “asan dezinformasiyalara” inanmaq xaosların yaradıcısı ola bilər bəzən.

Fikir sabitliyi də analizlərdən keçir. Tədqiqatçı baxışı bizim ictimai rəyimizi zədələməyə çalışan beynəlmiləl “yad ideologiyaların” da cəbhəsini daraldır.