Ədəbiyyat Mədinə Məcidli Xəbərlər

2026-cı ilin ən yaxşı kitabları hansılardır?

“BBC Culture” 2026-cı ilin ilk yarısında diqqətçəkən bədii və qeyri-bədii əsərlərin siyahısını təqdim edib.

Siyahıda müxtəlif mövzulara toxunulan, tənqidçilər tərəfindən yüksək qiymətləndirilən və oxucular arasında maraq doğuran kitablar yer alıb. Seçilən əsərlər arasında ailə münasibətləri, şəxsiyyət axtarışı, tarixi yaddaş, texnologiyanın insan həyatına təsiri və sosial dəyişikliklər kimi mövzular ön plana çıxır. Siyahıda həm tanınmış müəlliflərin yeni nəşrləri, həm də ədəbiyyat dünyasında diqqət çəkməyə başlayan yeni imzaların əsərləri yer alıb.

Gəlin siyahıya daxil olan əsərlərə nəzər salaq:

 “Ötən il”

Karo Kleir Burkenin qələmə aldığı “Ötən il” (Yesteryear) əsərində “ənənəvi həyat tərzi”ni təbliğ edən Natali adlı bir sosial media fenomeni qəfil şəkildə keçmişə – 1855-ci ilə düşür. XIX əsrin kənd həyatının sərt və amansız reallığı tezliklə özünü büruzə verir. Kitab bizə göstərir ki, sosial mediada gördüyümüz həyatla yaşadığımız real həyat arasında böyük fərq var.

 “Transkripsiya”

Ben Lernerin “Transkripsiya” (Transcription) romanında adı açıqlanmayan orta yaşlı bir yazıçı NyuYorkdan Rod Aylend ştatının Providens şəhərinə məşhur bir müəllimlə müsahibə almağa gedir. Məqsədi 90 yaşlı, vaxtilə onun müəllimi olmuş, eyni zamanda böyük hörmət qazanan yazıçı və kino yaradıcısı Tomasın yaxın zamanda keçirdiyi Covid xəstəliyi bu müsahibəni onun son çıxışı edə bilər. Yazıçı müsahibədən bir az əvvəl telefonunu sındırdığından görkəmli sənətkarın fikirlərini qeydə almaq imkanını da itirir. Bundan sonra əsər yaddaş, söz və texnologiya haqqında dərin düşüncələrə çevrilir. Yəni əsas sual budur: əgər bir şeyi qeyd etməsək, o nə dərəcədə “gerçək”liyini qoruyub saxlayır?

3. “Bax məni nə etməyə məcbur etdin”

Con Lançesterin “Bax məni nə etməyə məcbur etdin” (Look What You Made Me Do) əsəri xəyanət, intiqam, inciklik və haqlılıq hissləri ətrafında qələmə alınıb. Romanın mərkəzində varlı “baby boomer” Keytlə gənc ssenarist Fibi dayanır. Keyt öz şəxsi həyat sirlərinin bir serialda istifadə olunduğunu anlayır və bundan sonra hadisələr gərginləşir, getdikcə daha mürəkkəb müstəviyə daşınır.

 “Qoruyucu”

Tana Frenç müasir dövrün ən məşhur detektiv yazıçılarından biridir. “Qoruyucu” (The Keeper) isə onun məşhur trilogiyasının son kitabıdır. Bu romanda hadisələr təqaüdə çıxmış Çikaqo polisi Kal Huperin ətrafında cərəyan edir. Keçmiş polis sakit həyat yaşamaq üçün İrlandiyanın bir kəndinə köçür. Lakin çox keçmir ki, çaydan gənc bir qadın cəsədi tapılır və Huper istəmədən bu hadisənin araşdırılmasına cəlb olunur. Araşdırma dərinləşdikcə kəndin sakit görünən həyatının arxasında gizlənən köhnə düşmənçiliklər, illərlə yığılıb qalan kin və sirrlər gün üzünə çıxır. Huper də bu icmanın gələcəyi və öz həyatı haqqında çətin suallarla üz-üzə qalır. Kitab daha çox sirr, gərginlik və insan psixologiyasını sevən oxucular üçün uyğundur.

 “27 və 28-ci suallar”

Karen Tey Yamaşitanın 16 ildən sonra qələmə aldığı “27 və 28-ci suallar” (Questions 27&28) romanı ABŞ tarixinin qaranlıq dövrünə – II Dünya Müharibəsi zamanı yapon mənşəli insanların düşərgələrə yerləşdirilməsinə fokuslanır. Prezident Franklin D.Ruzveltin əmri ilə minlərlə insan ABŞ-nin qərb sahillərindəki evlərindən zorla çıxarılaraq müxtəlif düşərgələrə göndərilmişdi. Əsərin adı həmin dövrdə saxlanılan insanlara sorğu zamanı verilən iki sualdan götürülüb. Bu suallar onların ABŞ-yə nə dərəcədə “sadiq” olduqlarını müəyyən etmək üçün istifadə edilirdi. Roman real tarixi hadisələrlə uydurma elementləri birləşdirərək dövrü daha canlı və təsirli şəkildə təqdim edir. Müəllif müxtəlif obrazlar və baxış bucaqları vasitəsilə insanların yaşadığı daxili mübarizəni, kimlik və aidiyyət problemlərini göstərir. Oxucu əsər boyunca keçmişin ağırlığını, müxtəlif səslərin və talelərin necə tarixə çevrildiyini hiss edir.

 “Serpentin yaşadığı yer budur”

Daniyal Mueenuddin tərəfindən qələmə alınan “Serpentin yaşadığı yer budur” (This is Where the Serpent Lives) müasir Pakistanda hakimiyyət, sosial təbəqələr və feodalizm mirasının insanların həyatına necə təsir etdiyini araşdırır. Əsərdə bir ailəyə məxsus təsərrüfatda yaşayan torpaq sahibləri ilə orada çalışan işçilərin həyatları paralel şəkildə təsvir olunur. Bu fərqli talelər bir-biri ilə kəsişir və nəticədə cəmiyyətin dərin problemlərini ortaya qoyur. Kitab həm sosial ədalətsizlik, həm də insan münasibətləri üzərində qurulmuş ciddi və düşündürücü bir əsərdir.

 “Kin”

Tayari Conesin beşinci romanı olan “Kin” romanının mərkəzində uşaqlıqdan anasız böyüyən iki qız – Vernis və Enni dayanır. Onlar 1950-ci illərin ABŞ-nin Luiziana ştatının Honeysukl adlı kiçik qəsəbəsində birlikdə böyüyürlər. Lakin zaman keçdikcə həyat onları fərqli istiqamətlərə aparır: biri təhsil alaraq yeni münasibətlər qurur, digəri isə onu tərk etmiş anasını tapmaq ümidi ilə fərqli bir yol seçir. Bu ayrılıq onların dostluğunu sınağa çəkir və hər iki obrazın daxili dünyasını daha dərindən açır. Bu kitab dostluq, itki və böyümə mövzularını sevən oxucular üçün emosional və düşündürücü bir seçimdir.

 “Heç vaxt demədiyimiz şeylər”

Pulitzer mükafatı laureatı Elizabet Stroutun “Heç vaxt demədiyimiz şeylər” (The Things We Never Say) əsəri insanın daxili dünyasına yönələn sakit, lakin dərin bir romandır. Əsərin mərkəzində orta məktəbdə tarix müəllimi işləyən Arti Dam dayanır. O, həm tənha bir həyatla mübarizə aparır, həm də dəyişən dünyada öz yerini tapmağa çalışır. Lakin onun həyatında mühüm sirr var və bu sirr üzə çıxdıqca hər şey dəyişməyə başlayır. Roman insan münasibətlərini, deyilməmiş sözləri və daxildə gizlədilən hissləri araşdırır.

Beləliklə, 2026cı ilin kitab mənzərəsi müxtəlif janrların yanaşı mövcudluğu ilə seçilir. Ənənəvi romanlarla yanaşı, elmipopulyar, memuar və esse janrlarında yazılmış əsərlər də geniş oxucu auditoriyasının diqqətindədir. Siyahıya daxil edilən kitablar yalnız satış göstəricilərinə görə deyil, həm də ədəbi keyfiyyətləri, aktuallığı və müasir dövrün mühüm mövzularını əks etdirmələri baxımından seçilir.

Təqdim edən: Mədinə Məcidli