Sübhan Padarsoy Təhlil

Amerikan kultural inqilabı: neomarksizmin zəfəri (II hissə)

Təhsildə neo-marksist tənqidi dönüş

“Təhsildə tənqidi dönüş” adlı kitabında Lova Universitetindən İsaak Herşel Qottesman yazır: “60-ların radikalları hara getdi?” sualına ən doğru cavab belə olardı: “onlar nə dini kultlara, nə də hippiliyə deyil, sinif otaqlarına getdilər” (1). Yeni Solun tənəzzülündən sonra yeni Akademik Sol meydana çıxdı. Bu müəllimlərin, professorların, akademiklərin əksəriyyəti üçün Qərb Marksizmi və ya neomarksizm sadəcə bir intellektual ankraj idi. 60-cı illərin radikal siyasətində iştirak edənlərin məktəb və universitetlərə daxil olması, akademik statuslar qazanması və elmi nəşrlərə başlaması ilə bütün bəşər elmləri və sosial elmlərdə tənqidi dönüşə yelkən açıldı. Təhsil sahəsi də istisna deyildi”.

1969-cu ilin sonlarında Pol Freyre adlı bir braziliyalı marksist edyukator “Əzilənlərin pedaqogikası” kitabının portuqal dilində nüsxəsi ilə Harvard Universitetinə gəldi. O, Sağ yönlü hərbi çevrilişdən sonra sürgün kimi ABŞ-na gəlmişdi. Tezliklə ABŞ-da radikal siyasi çevrələr tərəfindən ideyaları mənimsənilən olunan Freyre bir mürşid görkəmində Üçüncü Dünya nəzəriyyəçisinə çevrildi.

Harvardda “Təhsil və İnkişaf üzrə Tədqiqatlar Mərkəzi”ndə tədqiqatçı köməkçisi kimi işləməyə başlayan Freyrenin kitabı kolleqaları ilə birlikdə ingilis dilinə çevrildi. Bu kitab sonrakı onilliklərdə Amerika təhsilinin transformasiyasında mühüm rol oynadı. Bir milyon nüsxədən çox satılan kitab indi sosial elmlərdə ən çox istinad olunan üçüncü əsərdir. Freyrenin kitabı təhsil və müəllim yetişdirmə üzrə bütün magistr proqramlarının təməl mətninə çevrilib. O, Kembricdə cəmi 6 ay zaman keçirməsinə rəğmən, intellektual Solun peyğəmbəri kimi oranı tərk etdi və təhsil sistemini inqilab mühərriki olaraq müəyyənləşdirdi.

Bir kitab kimi “Əzilənlərin pedaqogikası” bir Rorşax testidir. Bir səviyyədə o çox bəsit, hətta mübahisə doğurmaz dərsi təmsil edir: uşaqlara öz təhsilində səlahiyyət verilməli və onlar əzbərçi öyrənmə və “yuxarıdan aşağı” nəzarətə tabe olmaq əvəzinə, yaradıcı problem həlli ilə məşğul olmalıdırlar. Bu “insayt” bu gün Amerika məktəblərində “tənqidi pedaqogika” və “kultural olaraq duyarlı tədris” olaraq təşviq edilir. Freyre isə sosial ədalət ruhunu yetişdirmək etmək istəyən mürşid rolunu oynayır.

Lakin qeyd olunan üst səviyyənin altında adıçəkilən kitab boyu təkrarlanan daha dərin, narahatlıq doğurucu axın var. Freyrenin pedaqogikası kapitalizmin əhalini kölələşdirdiyi və dünyanın əzilənlərini bir sıra miflər ilə anesteziya etdiyinə dair siyasi inanca əsaslanır: “basqıcı (oppressiv) düzən “azad cəmiyyətdir” mifi, “bütün şəxslər arzuladıqları kimi işləməkdə azaddırlar” mifi, bu düzənin insan hüquqlarına sayğı duyduğu mifi, “şəxsi mülkiyyətin şəxsi insani inkişaf üçün fundamental olduğu” mifi, “elitaların xeyirxahlıq və comərdlik” mifi (2).

Freyre yuxarıda qeyd olunanlara həll yolu təklif etməyə hazırdır. O öz əsərində cəmiyyətin miflərini dekonstruksiya edən, əzənlərin maskasını yırtıb atan, tələbələri “inqilabı şüur”a ilhamlandıran ideal təhsil sisteminin vizyonu ilə çıxış edir. Freyrenin dili – azadolma, inqilab, mübarizə, sadəcə simvolik deyil. Kitabda ən çox adları çəkilən siyasi fiqurlar Lenin, Mao, Çe Gevara və Kastro – siyasi məqsədləri naminə zorakılığı səfərbər edənlərdir.

Freyre tələbələrinə deyirdi ki, inqilab sinif otağında başlayır, amma o, küçədə sona çatacaq. O, üçüncü dünya militantlarının həlledici aksiyasına pərəstiş edir və təhsil sistemini dünyanı alt-üst edəcək bir kultural inqilab üçün ideal zəmin olaraq görürdü. O, kultural inqilabın rekonstruksiya edilmək üçün bütün cəmiyyəti təsir dairəsinə aldığını bəyan edirdi. Kultural inqilab yeni cəmiyyətin yaradıcı praksisində tənqidi şüuru dərinləşdirdikcə, insanlar sözügedən bu yeni cəmiyyətdə köhnənin mifik qalıqlarının niyə hələ sağ qaldığını qavramağa başlayacaqlar. Bundan sonra özlərini onların spektrlərindən xilas edə biləcəklər.

Freyre özünü dövrünün basqılarını de-mifləşdirən bir insan, Orakl kimi təxəyyül edirdi. Lakin o, ədalət adı ilə təsəvvür edilməsi çətin amansızlıqların başlanmasına çağırırdı. Üzü gülən, saqqallı müəllim – Freyre mürşiddən daha çox bir fanatik idi. Marksist-leninist rejimlərin aşkar barbarlıqlarına baxmayaraq, o, inancını tərk etməyi rədd edirdi. İdeologiyasının uğursuzluğuna rəğmən, onun təsiri ən çox ABŞ-da kökləşdi, dərinləşdi.

Lenin bir dəfə ədiblər və sənətçilər ilə görüşündə bildirmişdi ki, ruhların produksiyası tankların istehsalından daha önəmlidir. Bu da kommunistlərin sadəcə siyasət və iqtisadiyyat dünyasını deyil, bütövlükdə insan təbiətini Sol ideologiyanın diktələrinə uyğun şəkildə yenidən biçimləndirmək arzusunu ortaya qoyur. O, yazarlara insan ruhunun mühəndisləri kimi yanaşırdı (3).

Bu konsept – insan ruhunun ən gizli, özəl hissələrinə siyasətin amansız tətbiqatı, keçən əsrdə kommunist rejimləri hərəkətləndirən qüvvə idi. Sovetlərin ədiblər və sənətkarları, Çinin propaqandistləri, üçüncü dünya ordularının öz pedaqoqları var idi. Onların hamısı “Yeni insan”ın yaradılmasına bağlı idilər.

Qərbdə Freyre kimi marksistlər də eyni fəlsəfəyə sadiq idilər. Freyre və xələfləri inanırdılar ki, tənqidi pedaqoqlar insan ruhunu yenidən biçimləndirə və yuxarıdan aşağı bir inqilabı tətikləyə bilərlər. Lakin Şərqdəki tərəf müqabillərinin əksinə, Qərbdə əzən və əzilən arasındakı bölücü xətt sosial sinif deyil, irqi identiklik idi. “Freyrenin ilk əsərləri başa düşülən şəkildə sinif məsələsinə müstəsna şəkildə diqqət çəksə də, əksəriyyətimiz başa düşdük ki, onun multikultural debatı formalaşdıran mərkəzi məsələləri ələ almaqda nəzəri çatışmazlıqları var” – Freyrenin ən yaxın amerikalı kollaboratoru Anri Jiru qeyd edirdi. Bizim əksəriyyətimiz irqi ədalət barəsində bir diskursu irəli sürmək üçün sosial ədalət anlayışını genişləndirməyə başladıq. Ədalət, sadəcə istehsal vasitələrinə sahibkarlıq və ya əmək məsələləri, sərvət bölgüsü prizmlərindən başa düşülə bilməz. Bunlar mühüm məsələlərdir, lakin onlar irqçilik, kolonializm və irqi dövlətin işləyişi ilə bağlı təməl məsələləri kənara qoyur (4).

“Markuze tərəfindən proletariatın “qaradərili alt sinif ilə birləşmiş ağdərili intellektuallar” olaraq yenidən müəyyən edilməsini təkrarlayan Freyrenin amerikalı tələbələri hakim düzənin destruksiyası və kateqorizasiyası üçün bir çərçivə formalaşdırdı. İlkin pedaqoji strategiya təbiətən oppressiv olduğu irəli sürülən ağdərili identikliyi patolojiləşdirmək və təbiəti etibarilə əzilməyə məruz qalan qaradərili identikliyi radikallaşdırmaq idi. Akademik ədəbiyyatda tez-tez “inqilabi pedaqogika”, “tənqidi multikulturalizm” və ya “dekolonizasiya” adlandırılan bu texnika təhsil sisteminin ağdərililiyin repressiv təsirindən çıxarmaq və ona qaradərililiyin azadedici təsirini aşılamağı legitimləşdirir.

A.Jiru ilə tandem şəkildə çalışan Freyrenin digər tələbəsi Piter Maklaren bu yeni inqilabi pedaqogikanın paraktikada necə işləyəcəyi ilə bağlı mexanizmi hazırladı. O bildirirdi ki, amerikalı müəllimlər və tələbələr “kapitalizm daxilində əmtəələşmiş identikliklərin təxəyyülü iqtidarını qırmalı və identikliyi sosial ədalətin daha geniş problematikasına birləşdirmək üçün yeni struktural mobilliklərin yarana bildiyi məkanlar qurmalıdır (5).

Maklaren iddia edirdi ki, tənqidi pedaqogikanın nəhayi məqsədi “anlam yaradılmasına nəzarəti əldə etmək üçün identiklik siyasətinin gücündən istifadə etmək və ənənəvi marksist “maddi resursların yenidən bölüşdürülməsi ilə identiklik əsaslı “kultural anlamlar üzərində mübarizəni” kombinasiya edən bir “demokratik sosialist cəmiyyəti müjdələməkdir. Maklaren və tənqidi pedaqoqlara görə, bu dekolonizasiya hərəkatı 90-cı illərdə Freyrenin nəzəriyyəsinin təsiri ilə akademiya və məktəb idarəetməsinə ekspansiya etməyə başladı.

Bu gün Amerikada Solun institusional zəbti və Tənqidi Nəzəriyyənin tətbiqi Markuzenin radikalların Freyrenin təhsilin Tənqidi Nəzəriyyəsi üçün zəmin yaratdığı təhsil ocaqlarında olduğu qədər heç bir sahədə destruktiv deyil. Paulo Freyre iddia edirdi ki, təhsil radikal sosial dəyişiklik hərəkatlarını qurmaq praktikası və nəzəriyyəsinin özəyini təşkil etməlidir. Çünki kontekstindən asılı olmayaraq məhz təhsil vasitəsilə sosial düzəndə insanın mövqeyi barəsində şüura nail olunur. Bu anlamda, Freyrenin tənqidi əsərləri ədalətsiz sosial düzənə qarşı təhsildən necə və niyə istifadə edilməsini artikulyasiya etmədə essensial rol oynadı. “Əzilənlərin Pedaqogikası” ədalətsiz sosial düzəndə bir azadedici proses kimi təhsilə inanan hər bir müəllim üçün istinad mənbəyinə çevrildi. Ona görə də, Qottesman Freyreni təhsil sahəsində bir titan adlandırır. Braziliyalı marksist edyukatorun ABŞ təhsili üzərində təsiri əsla şişirdilə bilməz. Paulo Freyrenin Tənqidi Nəzəriyyəsi və metodlarına toxunmadan ABŞ-da təhsil sahəsində dərəcə əldə edə bilməzsən. Freyreni bilməmək ABŞ məktəblərində nə baş verdiyi barəsində heç nə bilməməkdir. Freyre iddia edir ki, normal təhsil praktikaları oppressiya və dehumanizasiyası ilə cəmiyyəti öyrənənlərə çevirir. Ənənəvi təhsil metodları şagirdlərinə sorğu-sualsız cəmiyyətin ədalətsiz status-kvosunu qəbul və reproduksiya etməyi öyrədir. Bu anlamda ənənəvi kurrikulum və tədris metodları Freyrenin “magikal şüur” (marksist ədəbiyyatda “yanlış şüur”un ekvivalenti) adlandırdığını yaratmaqla şagirdlərin beyinlərini uyur. Magikal şüura görə, bir kəs oppressiyanın necə işlədiyini, necə əzildiyini və ya inqilabi marksist çağırışa necə cavab verməli olduğunu bilmir. Marksist teoloqu və aktivisti olaraq Freyre insanlığı Tarixin yeni mərhələsinə yüksəltmək vəzifəsini daşıyanlara inqilabi çağırışları vəhy edə bilmək üçün təhsilin bir marksist nəzəriyyəsini inkişaf etdirmək zərurətini hiss edirdi.

Freyre iddia edirdi ki, təhsilin gerçək məqsədi şagirdlərin magikal şüuru tərk etmələrinə yardım etmək və onları tənqidi şüur inkişaf etdirməyə sövq etməkdir. Tənqidi şüur insanın sosio-siyasi şərtləri tənqidi olaraq “oxumalı” və aksiyaya keçməli olduğu inancıdır. Tənqidi şüura sahib bir şəxs inanır ki, cəmiyyətdə hər şey onları əzmək üçün dizayn edilib və dünya haqqında həqiqəti görmənin yeganə yolu Tənqidi Nəzəriyyələri icra edən bir marksist olmaqdır. Tənqidi şüuru inkişaf etdirmiş bir şəxs postmodern neomarksist inancın “profetik vizyonu”nu idrak edən bir “vouk”dur, (marksist jarqonda tənqidi konstruktivist). Freyre deyir ki, bu şüurun gerçək məqsədi neomarksist “qurtuluş” əsasında transformasiya olmuş bir yeni dünyanın mümkünlüyünü elan etməsi üçün mövcud dünyanı tənqidi üslubda pisləməsi, ittiham etməsidir.

Tənqidi şüura sahib olanlar, əslində, cəmiyyətin dekonstruksiyasına və bizi Tarixin sonuna doğru yönləndirməyə qərarlı olan dini fanatiklərdir. Bu bir şişirtmə deyil. Henri Jiru Freyrenin marksist inancını və metodlarını “Tanrı krallığının Yer üzərində yaradılmalı olan bir şeyin vizyonu” olaraq təsvir edirdi. Jiru yazır: “Ümid, tənqidi refleksiya və kollektiv mübarizəni özündə ehtiva edən radikal pedaqogikanın nəzəri əsasını formalaşdırmaq üçün Freyre tənqid və mümkünlük diskurslarını kombinasiya etməklə tarix və teologiyanı birləşdirir”.

“Humanist və libertarian pedaqogika kimi əzilənlərin pedaqogikasının iki özünəməxsus mərhələsi var. Birinci mərhələdə əzilən oppressiya dünyasını aşkar edir və praksis vasitəsilə özünü onun transformasiyasına həsr edir. İkinci mərhələdə isə, oppressiya reallığı artıq transformasiya edilir və bu pedaqogika artıq əzilənlərə deyil, mütəmadi azadlıq prosesində olan hər kəsin pedaqogikasına çevrilir. Bu, Maounun kultural inqilabının təməl aspekti idi” – deyə Freyre yazır (6).

Freyrenin Marksist təhsil nəzəriyyəsi özəyi etibarilə bir marksist bilik nəzəriyyəsidir. Freyre biliyin nə olduğunu, onu kimin müəyyən etdiyini və sinif otağında nəyin öyrədildiyinə kimin qərar verdiyini sorğu-sual edir. Ona görə, yalnız əzilənlərin konkret yaşam şərtləri barəsində “gerçək” biliyi ola bilər. Ənənəvi təhsil metodları yalnız bu “gerçək” biliyə məhəl qoymamağa və öyrənənləri cəmiyyətin görmək istədikləri “həqiqət”i qəbullanmağa vadar etməyə xidmət edir. Əzilənlər və uşaqlar artıq gerçək bilik sahibidirlər, bu biliyin anlamının nə olduğunu bilməsələr də (çünki o həmişə onlardan gizlədilib). Tənqidi sinif otağında oppressiyanın marksist analizinin həqiqi biliyindən və marksizmin “həqiqəti”ndən kənarda heç bir gerçək bilik ola bilməz.

Freyre Tənqidi Nəzəriyyəsini “azadedici” və “insaniləşdirici” olaraq təsvir edir. “Azadlığın pedaqogikası” adlı kitabında o yazır: “öyrətmə-öyrənmə prosesi tədqiqat işi ilə birlikdə qnostik tsiklin essensial və ayrılmaz bir parçasıdır”. Başqa sözlə o, təhsildən daha çox qnostik “kultdan oyandırma” prosesidir. Freyrenin metodlarının aşkar məqsədi öyrənənləri hər şeyi qınamaqla və tənqid etməklə oyanmış inqilabi aktivistlər olmağa həvəsləndirməkdir. Freyrenin “peyğəmbəri” vizyonunda təhsil artıq öyrənmə deyil, sosial mühəndislik, biliyi nəql etmək deyil, bərabərsizlik, oxumaq, yazmaq və riyazi qabiliyyətlər deyil, tənqidi sosial ədalət haqqındadır (7).

“Təhsilin Marksistləşməsi” adlı əsərində dünyada tanınmış anti-marksist Ceyms Lindsey Şimali Amerikada H.Jirunun “evanjelizmi” və Freyrenin qəbulu barəsində yazır: “Əksəriyyəti açıqca kommunist olan evanjelist Jirunun tələbələri olan Tənqidi Marksist edyukatorların aramsız səyləri nəticəsində Freyrenin əsərləri ABŞ-nın akademik təhsil kanonunun özəyinə çevrilib. Bu, 70-80-ci illərdə Jiru və digər tənqidi pedaqoqların yorulmaz fəaliyyəti nəticəsində baş verdi”.

Freyrenin “Təhsil siyasəti”, Tənqidi şüur təhsili” və “Əzilənlərin pedaqogikası” əsərləri müəllimləri bütövlükdə tədris sahəsində çalışan hər kəsi onun “peyğəmbəri vizyonu” lehinə Amerikanın təməl təhsil prinsiplərini tərk etməyə məcbur etdi. Onun nəzəriyyələri və metodları öncə müəllim təhsil proqramlarına və ardınca isə “K-12”, yəni bağçadan 12-ci sinfə qədər təhsil sisteminə tətbiq edilməyə başlandı. P.Maklaren, Co Kinçlou, Qloria Ladson Billinqs kimi “tənqidi edyukatorlar” Freyrenin “vizyonu”nun sürətlə yayılmasında önəmli rol oynadılar. Eyni zamanda universitet təhsil sistemi də Tənqidi İrq, Etniklik, Kültür və Cinsiyyət nəzəriyyələri ilə dolub-daşırdı.

Ədəbiyyat:

  1. I.Gottesman, The critical turn in education^ From Marxist critique to poststructuralist feminism 50 critical theories of race, Routledge, 2016
  2. Paulo Freire, Pedagogy of the Oppressed, trans. Myra Bergman Ramos (1970; reprint, New York: Bloomsbury Academic, 2018), 139–40, Kindle.
  3. Orlando Figes, Revolutionary Russia, 1891–1991: A History (New York: Henry Holt, 2014), 186
  4. Lilia I. Bartolomé, “Insurgent Multiculturalism,” in Dancing with Bigotry: Beyond the Politics of Tolerance, ed. Donaldo Macedo and Lilia I. Bartolomé (New York: Palgrave Macmillan,1999), 95
  5. Peter McLaren, Che Guevara, Paulo Freire, and the Pedagogy of Revolution (Lanham, MD: Rowman & Littlefield, 2000), 184–85
  6. Freire, Pedagogy of the Oppressed, 54–55.
  7. L.Lancing (with J.Lindsay)., Queering of the American Child, 2024, New Discourses, LLC.