Dünya insanlığı ağuşuna alıb uçuruma doğru sürükləyir, yoxsa insanlar dünyanın ətəyindən yapışıb onu sonsuz bir qaranlığa doğru aparır?..
Görünən budur ki, hər iki yöndə çox ciddi bir səy və hərəkət mövcuddur.
Bu hərəkət həm maddi, həm də mənəvidir. Və bu təhriketmədə uçurumlar var…
“Hərəkət” fizika çərçivəsi nöqteyi-nəzərindən müəyyən bir zaman dilimində yerdəyişmədir. Bu fəaliyyətin qaynağında dinamika var.
Hərəkəti hərəkata çevirən də məhz onun içindəki iradə gücü və dinamikasıdır.
İnsan hərəkətinin fəlsəfi mənada ilk qaynağı düşüncə və təfəkkürdə formalaşır.
“Hərəkət fəlsəfəsi”nin qurucusu, fransız filosof Mauris Blondelə görə: “Düşüncəsiz hərəkət olmaz. Hərəkətin içində, daxilində düşüncə labüddür”. Ona görə təbiətdə hərəkətin aksionu əsla bitməz və sonsuz bir cavaba doğru daim addımlayar. “Hərəkət fəlsəfəsi istəməyin, bilməyin və var olmağın bir sintezidir”.
Blondel istəməklə qənaətə gəlməyi, hərəkət etməklə bilməyi, varlıqla düşüncənin təsdiqinə yönəlməyi bir an içərisində birləşdirir. Fransız yazıçı Jozef Juberin irəli sürdüyü mülahizə bu fikri daha da qüvvətləndirir:
“Yaradanı düşünmək, onu təfəkkür etmək də bir hərəkətdir”.
Buradan hətta bu qənaətə gələ bilərik: sükunət halı dayanmadırsa, o özü belə hərəkət deyilmi?..
Hərəkət iradə ilə qanadlanır.
Fəlsəfi anlamda “hərəkət” mövcud olanla razılaşmamaqdır.
Hərəkət enerjidir, alışmağı, yanmağı tətikləyən gücdür, həmlədir. Yetinməməkdir, usanmamaqdır!..
Hərəkət ən ali dəyərlərə çatmaq adına yola çıxmaqdır. Bütün istək, arzu və səmimiyyəti ilə yaxınlığa – əbədi səadətə qaçış davranışıdır.
Hərəkət – qəflətin dumanlı pərdəsini, süstlüyü, onun gətirdiyi durğunluğu dağıdan dirilik iksiridir. İnsanın daxilində bütün çalxantılara, yorğunluq və bezginliyə dərman, taqətdən düşmüşlərin əlacı, ikinci nəfəs, dirçəlişin qaynağıdır.
Məna aləminə səfər edənlərin ruhları hərəkətlə dirilər, gözləri hərəkətlə bərraqlaşar… Hərəkəti səbirlə yoğuranlar ən gözəl bağçalar yaradar və oranı gülüstana çevirər…
Hərəkətin mayasında əqli düşüncə, qəlbi riqqətə gətirən hiss və həyəcan var.
Milləti millət edən də hərəkətdir…
Tarixən Yer üzərində nəhəng imperiyalar, böyük dövlətlər quranlar da məhz hərəkət edən millətlər olub.
Amma… Hərəkətin də yaxşısı, pisi var…
Türk düşüncə tarixinin önəmli simalarından biri olan Nurəddin Topçu belə deyir: “Bizdən qol, qəlb və beyin istənilir. Bunları öz hürr iradəmizlə istifadə etməsək, bizim xaricimizdə bizə rəğmən hərəkət edənlər bunları bizdən məcburən alacaqlar”. Hərəkətinin mayası Haqqa, həqiqətə bağlı olmalıdır ki, sən səndə olanların fərqinə varasan.
Hərəkətinin məram və məqsədini unutmamalısan. Səndən istənilən sənin mədəniyyətinin inşası, sənin mənəviyyatının bütünlüyü üçündür. Əks halda, səni səndən uzaqlaşdıranlar pusqudadırlar…
Ruhsuz hərəkətlər bizim deyil…
Meksikada inka məbədlərinə getmək istəyən avropalı arxeoloqlar bələdçi hindular ilə yola çıxırlar. Onlar dağın zirvəsindəki məbədlərə gedən uzun yolu qısa zamanda sürətlə yarılayırlar. Bu əsnada hindular öz aralarında nəsə danışmağa və qəfildən yerə oturub səssizcə gözləməyə başlayırlar.
Təbii ki, avropalı arxeoloqlar buna bir məna verə bilmirlər. Bir müddət bərabər gözlədikdən sonra hindular təkrar yola düşür və dağın zirvəsindəki möhtəşəm inka məbədlərinə gəlib çatırlar.
Arxeoloqlardan biri yaşlı hindu bələdçidən soruşur:
– Mən bir şeyi başa düşə bilmədim. Niyə yolun ortasında bir müddət oturub gözlədik?
Yaşlı hindu cavab verir:
– Qısa müddətdə o qədər sürətlə getdik ki, ruhumuz bizdən çox uzaq qaldı, oturub ruhumuzun bizə çatmasını gözlədik…
…Ruhsuz hərəkətlər bizim deyil, ruhsuz yola çıxan bütün ideologiyalar xüsrana uğrayar. Milli ruhla, mənəvi dəyərlərlə yoğurulmayan hərəkətlər özü özünə düşmən kəsilər. Bu dəyərlərə sahib olub sonradan onlardan uzaqlaşanların da yolda pərən-pərən düşəcəkləri labüddür. Ruhsuz hərəkətlər uçuruma doğru yol almaqdır.
Uçurum və zirvə bir-biri ilə təzadlı olsa da, yan-yanadır. Zirvələrə yön alanlar mütləq yolda uçurumlarla qarşılaşar.
Ancaq uçurumlar da insana lazımdır…
İnsan uçurumlardan qorxar, zirvələrə qalxarkən uçurum həyəcanı ilə üzləşər. Uçurum olmazsa, zirvə anlaşılmaz. Uçurumdan qorxub geri çəkilmək də çarə deyil. Belə olan halda zirvələrə yaxınlaşa bilmərik…
Uçurumlar…
Körpülər uçurumların örtüyüdür.
Uçurumları ram edən körpülərdir. Amma körpüləri quranlar da insanlardır, dağıdanlar da… “Biz”ə nifrət edən “mənəm-mənəm”lər…
Halbuki körpülər dostluğa, yoldaşlığa, birliyə, həmrəyliyə, qardaşlığa, yaxşılığa, ruh birliyinə aparan nurani bağdır…
İnsanı zirvəyə aparan yol və bağ…
Dünyanı qaranlığa çevirənlər sevgi körpülərini məkrli niyyətlərlə dağıdanlardır. Bəşəriyyəti uçurumdan atan xəbislərdir…
Fəqət… Yaxşı uçurumlar da var…
Volterin ölümünün yüzüncü ildönümünə həsr etdiyi nitqində Viktor Hüqo uçurumla bağlı incə bir məqama toxunur: “Demək istədiyim odur ki, yamanlıqların başıaşağı yuvarlanıb yoxluğa gömüldüyü yaxşı uçurumlar da olur…”
Uçurumları belə yaxşıya çevirmək anlayışı…
Ora kini, nifrəti, haqsızlığı, ədalətsizliyi, bəşərin ucalmasına, zirvələşməsinə, kamilliyə doğru yüksəlməsinə əngəl olan bütün çirkabları atmaq, yuvarlamaq anlayışı…
Ziddiyyətlərin ahəngdarlığındakı sirr pərdəsi…
“Zidliklərin içərisindəki gözəl və doğrunu tapmaq nə qədər çətin olsa da, dəyərli və qiymətli olan elə budur” (Həllac Mənsur).