Füyuzat 138

Qafqaz hekayələri

XX əsrin əvvəllərində Azərbaycan ədəbi-bədii düşüncəsində, xüsusilə də dramaturgiyasında yeni üslub, ideya, forma və mövzu yeniləşməsində böyük xidmətləri olan Əli bəy Hüseynzadə yazdığı hər bir məqalədə dövrünün bir sıra problemlərinə paralel olaraq münasibət bildirirdi. Siyasi ideoloqun maraqlı ideyaları, mövcud problemlərə qarşı münasibəti müxtəlif formalı yazılarında obrazlı nümunələrin fonunda təqdim edildiyi üçün daha çox təsirli və yaddaqalan olurdu. Dünyada gedən siyasi prosesləri müntəzəm olaraq izləyən və diqqət mərkəzində saxlayan jurnalistin məqalələrində diqqətə çatdırdığı problemlər ilk növbədə siyasi müstəvidən əsaslandırılır, mövcud ədəbi-bədii, publisistik və teatral problemlərin fonunda ümumiləşdirilirdi.

Əli bəy Hüseynzadə ixtisasca riyaziyyatçı və həkim olsa da, biologiya, sosiologiya, filologiya, tarix, siyasət, məntiq, tərcüməçilik, yazıçılıq, publisistika və digər sahələri də mükəmməl bildiyi üçün yazıları həmişə müasirlərindən forma, üslub və mövzu cəhətdən seçilirdi. Hüseynzadə 1903-cü ildə Türkiyədən vətəni Azərbaycana gələrkən məqsədi xalqının milli-mədəni inkişafını Qərb mədəniyyətinin səviyyəsinə çatdırmaq idi. Peterburq Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra “Türkləşmək, islamlaşmaq, müasirləşmək!” məramnaməsi ilə ideoloji fəaliyyətini genişləndirmək məqsədini fikirdən əmələ keçirmək üçün İstanbula gəlmiş Əli bəy 1889-cu ildə şəhərdə yeni açılmış Ali Hərbi Tibb Məktəbinə daxil olmuşdu. Türkləri və müsəlmanları islam bayrağı altında birləşdirmək ideologiyasını reallaşdırmaq uğrunda mübarizəyə atılmış gənc ideoloq tezliklə məktəbdə özünə həmfikir tələbələr tapmış və onların dəstəyi ilə “İttihad və tərəqqi” partiyasının yaradıcılarından biri olaraq tanınmışdı.

XX əsrin sonlarında ittihadçılara qarşı başlanmış qərəzli ittihamlar onu Bakıya gəlməyə vadar etmişdi. İstanbulda başladığı işi burada davam etdirməyə çalışan Əli bəy ziyalıları “Azadlıq uğrunda mübarizə” hərəkatına cəlb etmək üçün əməli fəaliyyətini jurnalist olaraq “Kaspi” qəzetindən başlamışdı. Əvvəlcə “Kaspi” qəzetində çalışmış, sonra isə Bakıda ilk dəfə ana dilində çap edilən “Həyat” qəzetinin redaktoru olaraq fəaliyyətini davam etdirmişdi. Əvvəllər mətbəə işlərində səriştəsi olmayan Hüseynzadəyə Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağaoğlu yardımçı olmuşdular. Sonra isə özü sərbəst redaktor və jurnalist olaraq qəzetin nəşrində aktiv fəaliyyət göstərmişdi.

Jurnalist zamanın neqativ problemlərinə münasibət bildirərkən ziyalıların siyasi-ictimai cəhətdən bir hədəfə istiqamətlənməsi üçün “qələmini ürəyinin qanına batırıb yazırdı” ki, fikirləri və çağırışları daha təsirli olsun. O, müstəqillik və azadlıq uğrunda mübarizə yollarını aydınlara təqdim edərkən fikirlərini həmişə faktların əsasında realizə edirdi. Əli bəy “Həyat”ın səhifələrində siyasi problemlərin diqqətə çatdırılmasının fonunda milli-mədəni sferada mövcud olan geriliyi də diqqət mərkəzində saxlayırdı. Onun əməli və yazılı fəaliyyətində ədəbiyyat, mətbuat və teatr prosesinin yeniləşib Avropa standartlarına yaxınlaşması məsələsi vacib şərt olaraq gündəmdə olurdu. Siyasi ideoloq yaxşı bilirdi ki, millətin mədəni inkişafı üçün bu üç sahə daha çox inkişaf etməlidir! Odur ki ideoloji fəaliyyətində ədəbiyyat, teatr və publisistikanın sürətli inkişafı ilə daha çox maraqlanırdı.

Əsas məsələ onda idi ki, Hüseynzadə jurnalist olaraq yazdığı məqalələrdə dramaturgiya, jurnalistika və teatr problemlərini siyasi proseslərin müstəvisindən əsaslandıraraq fikirlərini realizə edirdi. Onun 1906-cı ildə yazdığı “Kuhi-Qaf və Simurq” adlı məqaləsində milli dramaturgiyada mövcud olan geriliyə siyasi proseslərin fonunda münasibət bildirməsi bu mənada xüsusilə maraqlıdır. Hüseynzadə əvvəlcə diqqətini bolşevik inqilabına yönəldir, “qırmızı terror inqilabı”nın Qafqazda necə reallaşacağını və bölgənin azadlıqsevər xalqına xeyirdən daha çox ziyan verəcəyini dekadent üslubunda izah edib diqqətə çatdırırdı. Müəllif Rusiyada çar mütləqiyyətini yıxmaq uğrunda başlanmış azadlıq inqilabının fonunda Qafqaz bölgəsində yaşayan türk və müsəlmanların bu inqilabın hansı tərəfində qalacağının nigarançılığını çəkib yazırdı…

Davamı…

Məsməxanım Qubadova
Sənətşünaslıq üzrə fəlsəfə doktoru