Füyuzat 138

Oğuz fatehləri – Zəngilər

Zəngilər 1127–1233-cü illər arasında, yəni bir əsrdən çox Yaxın Şərqə hökm etmiş və ərazi baxımından ən böyük torpaqlara sahib səlcuqlu atabəyliyidir. Atabəyliyin banisi İmadəddin Zəngi olmuşdur. O, Böyük Səlcuqlu dövlətinin əmirlərindən Qasimüddövlə Ağsunqurun tək övladı idi. Hələ 10 yaşında olarkən atasını itirmiş və onun dostları tərəfindən əsgər kimi yetişdirilmişdir.

Zəngilərin müsəlman-türklərin tarixində əhəmiyyəti ondan ibarətdir ki, bu atabəylik səlib hücumlarının qarşısında ən böyük hərbi güc olaraq müsəlman aləminin qorunmasına xidmət etmişdir. Zəngilərin ən parlaq iki siması – İmadəddin Zəngi və oğlu Nurəddin Zənginin apardıqları siyasət nəticəsində səlibçilərin bölgədəki təsiri zəifləmiş və onlardan sonra bu siyasəti  Səlahəddin Əyyubi davam etdirərək Qüdsü xilas etmişdir. Bu baxımdan İmadəddin Zəngi Urfa, Nurəddin Zəngi Misir, Səlahəddin Əyyubi isə Qüds fatehləri hesab olunurlar.

Zəngilər siyasi-hərbi baxımdan olduğu qədər, elmi və mədəni baxımdan da tarixdə böyük iz qoydular. Atabəyliyin hakim olduğu indiki İraq, Suriya, Cənubi Anadolu ərazisində Zəngilərin adını daşıyan çox sayda məscid, mədrəsə, ribat, darüşşəfa (xəstəxana), türbə, karvansara, körpü salındı, yüzlərlə alim, minlərlə tələbə yetişdi. İslam dünyasının ən böyük tarixçisi sayılan İbn əl-Əsir Zəngi atabəyliyinin himayəsində yaşadı.

Zəngi hökmdarları atabəy titulu daşıyırdılar. Atabəylik Səlcuqlu dövlət təşkilatında hərbi-idari və tərbiyəvi dövlət müəssisəsinin adıdır. Səlcuqlu dövlətinə məxsus torpaqlar hökmdar ailəsinin fərdləri arasında ülüş (pay) edilərkən mühüm mərkəzlərə şahzadə adlanan sultan övladları, onlara dövlət idarəçiliyini öyrətmək məqsədilə isə siyasi-hərbi tərbiyəçilər, yəni atabəylər təyin edilirdi. Taxta namizəd sultan övladları atabəylər tərəfindən yetişdirilirdilər. Zamanla güclü atabəylərin hərbi-siyasi varlığı və zəif xarakterli şahzadələrin onların təsirində qalması Səlcuqlu coğrafiyası daxilində atabəyliklər adlanan siyasi-inzibati bölgələrin ortaya çıxmasına şərait yaratdı. Bunun nəticəsində XII əsrdə Səlcuqlu coğrafiyasında Azәrbaycan atabәylәri Eldәnizlәr (1136–1225), Mosul atabәylәri Zәngilәr (1127–1259), Şam atabәylәri Toqtәginlәr (1104–1154), Fars atabәylәri Salqurlular (1147–1284), Әrbil atabәylәri Bәytәginlәr (1132–1232), Yәzd atabәylәri Kәngәrlәr (1141–1318), Marağa atabәylәri Ağsunqurlular (1117–1227), Әhәr mәliklәri Piştәginlәr (1155–1231), Luristan atabәylәri Xәzәrәsblәr (1148–1424) kimi hər biri bir dövlət üsuli-idarəsinə sahib atabəylər meydana çıxdılar. Bu atabəylərdən ən güclü və ən təsirlisi Zəngilər hesab olunurdu.

İmadəddin Zəngi 45-48 yaşları arasında İraq Səlcuqlu sultanı Mahmudun oğlu Alparslanın atabəyi təyin edilərək Mosul bölgəsini iqta olaraq aldı. O zamanlar Mosul deyilən bölgə Diyari-mudar, Diyari-bəkr və Diyari-rəbiə adlanan qədim Cəzirə torpaqlarını əhatə edirdi. Azərbaycan ilə Suriya arasında, indiki Şimali İraq ilə Cənub-Şərqi Anadolunu içinə alan bu torpaqlar tarix boyu türklər üçün əhəmiyyətli olub. Bölgə müsəlmanlar tərəfindən ələ keçirildikdən sonra növbə ilə Hamdanilər, Mərvanilər və Səlcuqların nəzarətində yer aldı.

Mosul olduqca tarixi və strateji əhəmiyyətə malik bir bölgədir. Böyük karvan yolları üzərində yerləşən Mosul bu gün də strateji əhəmiyyəti baxımından diqqət mərkəzindədir. Mosul tarixi baxımdan özünün ən yüksək inkişaf dövrünü məhz Zəngilərin paytaxtı olduğu dövrdə keçirdi…

Davamı…

Əkbər N.Nəcəf
Tarixçi – tədqiqatçı