Elm və texnologiyanın inkişafı bir zamanlar əfsanə və nağıllarda bəhs edilən təxəyyül nümunələrinin reallığa çevrilməsinə şərait yaratmışdır. Tarixin dərinliklərindən günümüzədək gəlib çatan bir sıra abidələrin tikilməsində məqsəd tarix kitablarında insanların yaşayış şəraitinin yaxşılaşdırılması, adət-ənənələrdən irəli gələn ibtidai ayinlərin icrası kimi göstərilsə də, inkişaf etmiş elm və texnologiya artıq bu fikirlərlə razılaşmır. Onlar həmin abidələrin yerləşdiyi əraziləri, tikiliş formalarını təhlil edərək həmin dövrdəki insanların da bir sıra yüksək elmi sirlərə (riyaziyyat, astronomiya, fizika, kimya və s. elmləri əhatə edən) vaqif olduqlarını və məhz bu istiqamətdə araşdırma aparmaq məqsədilə həmin abidələri inşa etdikləri qənaətinə gəlmişlər.
Çağdaş dövrdə zaman-məkan anlayışı, zamanda səyahət kimi mövzular ədəbiyyat və kinematoqrafiyada əsas mövzulardan birinə çevrilmişdir. İnsan fitrəti bir hədəfə çatdıqdan sonra növbəti mərhələyə doğru irəliləməyə meyillidir. Böyük həqiqət anlayışının dərkinə doğru yönələn insan hər hansı bir tapıntı ilə rastlaşarkən həmin tapıntının da növbəti sirli bir tapıntıya qapı olduğunu görür və artıq yeni hədəfi həmin qapının açılması istiqamətində olur. Artıq müasir elm və texnologiya işığında insanlıq Yer kürəsindən kənarda zamanlararası, aləmlərarası, ulduzlararası bir həyata doğru istiqamətlənmişdir.
Əslində, insanın qabiliyyətlərini və həmin qabiliyyət açarı ilə açılmağı gözləyən gizli kainat sirlərini nəzərə alanda, zamanın təbii axışında həmin müəmmalardan bir çoxunun kəşf edildiyini, hər tapıntının da öz növbəsində yeni bir axtarışa körpü olduğunu seyr etdikdə insanın bu marağını qınamaq, qəribsəmək olmur.
Bəhs edəcəyimiz mövzu həm sahəsinə, həm üslubuna, həm də dövrünə görə elmin sərhədlərini aşan və ciddi elmi sıçrayış hesab ediləcək bir nəzəriyyə olmuşdur. Elmdə “Kozırev aynaları” olaraq bilinən bu “zaman” nəzəriyyəsinin banisi rus astronomu, astrofizik Nikolay Kozırev idi…