Şübhə nəticəsində bir insanın taleyini dəyişən, ona vicdanının səsini dinlədən, önyarğılarını qıran, digərlərinin fikirlərinə çox peşəkarcasına təsir edən, bir canın nə qədər dəyərli olduğunu vurğulayan, çoxluğun tələsinə düşməyən, ya da düşməkdən qurtaran filmlərin ön sırasında, şübhəsiz ki, bu film gəlir. Açın, izləyin, film özü sizi aparacaq…
Dahi rejissor Sidney Lumetin bütün zamanların ən yaxşı filmləri siyahısında olan uzunmetrajlı debüt filmi ̵ “12 qəzəbli kişi” yayımlandığı 1957-ci ildən etibarən dünyaya səs salmağı bacarıb. Hətta bu film Amerikanın hüquq sistemində dərslik kimi izlədilir. 32 yaşlı rejissor bu sənət əsərini ssenarist Reginald Rose və aralarında Henri Fondanın da olduğu bacarıqlı aktyor heyəti ilə birlikdə ərsəyə gətirərək dünya kinosunda öz adını tanıtmağı bacarmışdı.
“Köpəklərin günü”, “Şəbəkə”, “Serpiko”, “Şərq ekspressində qətl” kimi uğurlu kino işlərinə imza atan amerikalı rejissor, kino ustası Sidney Lumetin ekran əsərlərində realizm təsvirləri, sosial konfliktlər əsas yer tutur.
Film bir çox beynəlxalq kino festivallarında “ən yaxşı film”, “ən yaxşı ssenari”, “ən yaxşı rejissor”, “ən yaxşı köməkçi aktyor” və sair kimi kateqoriyalarda namizəd göstərilib, Berlin Film Festivalının baş mükafatına layiq görülüb, Henri Fonda isə BAFTA-nın “ən yaxşı kişi rolu” ilə mükafatlandırılıb.
İnsan elə ilk səhnələrdən – münsiflərin otağa keçib qərarvermə anından etibarən özünü birbaşa otağın içində hiss edir, bunun bir səhnə əsəri olduğunu unudur. Film boyunca hadisələrin münsiflər üçün nəzərdə tutulan otaqda baş verməsi, ağ-qara fonda çəkiliş, hər bir münsifin çıxışında fərqli rakurslardan istifadə edilməsi, ümumi olaraq sinematoqrafiya, aktyor peşəkarlığı və dialoqların peşəkarcasına qurulması olduqca axıcı gedişatın yaranmasına səbəb olur. Saniyələr, dəqiqələr axır və artıq filmin içindəsən… Son dəlilə və detala qədər müttəhimin günahsız olub-olmaması, bir şübhənin izinə düşmək, insan canı bahasına obyektiv düşünmək və heç bir ehtimalın gözdən qaçırılmaması halları reallıqdan daha çox, izləyicinin diqqətini özünə cəlb edir. Film o qədər axıcıdır ki, artıq çəkiliş və rollarla bağlı hər şeyi nəzərdən qaçırıb sadəcə 12 nəfərin qızğın mübahisəsi nəticəsində adil bir qərarın verilməsini səbirsizliklə gözləyirsən. Biz heç bilmirik şahidlərin bəyanatları, həqiqətən, doğrudur, yoxsa yalan. Lakin vicdanların səsinə xitab edən 8 nömrəli münsifin şübhələrinə köklənməsi, qısa müzakirə ərəfəsində bir insanın həyatının məhvinə səbəb ola bilmə narahatlığı və dəlillər gətirərək şübhələri dağıtması izləyicini rahatladır…