– Hörmətli Qılman müəllim! Sizi MİMTA fondu, onun təsis etdiyi “Füyuzat” jurnalının əməkdaşları və baş redaktoru professor Teymur Əhmədovun adından 95 illiyiniz münasibəti ilə ürəkdən təbrik edir, sizə sağlam, gümrah bir həyat və yaradıcılığınızda yeni-yeni uğurlar arzulayırıq.
Qılman müəllim! Bildiyiniz kimi, MİMTA fondu “Füyuzat” jurnalını 100 il sonra yenidən təsis etmiş və nəşrinə başlamışdır. Redaksiya heyətinin üzvü olduğunuz bu jurnalın yenidən işıq üzü görməsi sizdə hansı təəssüratları oyatdı?
– Əvvəla, çox gözəl bir təşəbbüsdür, çox gözəl, xüsusilə “Füyuzat”ın köhnə nömrələrini görməyənlər, oxumayanlar üçün bu, böyük bir aləmdir. Onlar üçün yeni bir dünya açılır. Alqışlanmalıdır.
“Füyuzat” jurnalını Əli bəy Hüseynzadə çox böyük çətinliklərlə çıxardıb. Mən onu görmüşəm, 1926-cı ildə Bakıya I Ümumittifaq türkoloji qurultayında iştirak etmək üçün gəlmişdi. Çox nəcib bir kişi idi.
O dövrdə həm poliqrafik baza, həm də müəllif, demək olar, yox dərəcəsindəydi. Amma indi, şükür Allaha, bolluqdur. Bildiyiniz kimi, uzun müddət “Azərnəşr”in direktoru işləmişəm. Əvvəllər bizdə poliqrafik baza zəif olub, demək olar, mətbəə işi çox pis vəziyyətdə idi. Amma indi, maşallah, elə gözəl kitablar, jurnallar buraxılır ki, adam heyran olur. Şükür etməliyik ki, belə bir poliqrafiya artıq bizdə də var.
Xaricdən gələn qonaqlara “Füyuzat”ı göstərirəm: baxın, bizdə belə bir jurnal var. Həqiqətən, poliqrafik bazası çox qüvvətlidir, çox. Arzu edirəm bunu axıradək belə davam etdirəsiniz.
– Qılman müəllim, bu iki il ərzində nəşr olunan “Füyuzat”ın mətbuat aləmində, cəmiyyətdə mövqeyini necə qiymətləndirirsiniz?
– Çox gözəl. Əvvəla, ictimai fikir tarixini öyrədir, gözümüzün qabağında tarixi keçmiş və müasir həyat hadisələri səhifələnir. İkinci, müdrik şəxsiyyətləri tanıyırıq, sonra bir də dil məsələsi. Mən fikir vermişəm, çalışılır ki sadə dil olsun, qəliz olmasın, insanların anlaya biləcəyi bir tərzdə, doğma ana dilində olsun.
Mən bu jurnalda ancaq müvəffəqiyyət görürəm, qüsur görmürəm. Hiss olunur bunu çox zövqlü adamlar hazırlayır. Məni maraqlandıran ilk növbədə kompozisiyadır. Bədii quruluşu və texniki tərtibatı çox gözəl hazırlanıb. Məqalələr də məzmunlu, dolğun və maraqlıdır.
– Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsində, onlarda milli şüurun formalaşmasında mətbuatın indiki durumu, istiqaməti sizi qane edirmi?
– Vətənpərvərliklə bağlı çox yazılar oxumuşam, mühazirələr də dinləmişəm, ancaq sadəcə mühazirələrlə vətənpərvərlik yaratmaq mümkün deyil. İşlə, yaşamaqla əldə etmək olar; məsələn, birinci sinifdən başlamaq lazımdır. Uşaqlar birinci sinifdən bilməlidirlər ki, birinci qatı düşmənimiz ermənidir. Yoxsa ki mühazirə oxu bir saat, iki saat – bununla iş aşmaz.
Repressiya dövrünü canlı yaşayanların anlatmasına böyük ehtiyac var. İndi gənc nəslin formalaşmasında Mikayıl Müşfiq şerinin qoyduğu bir təsir, Əhməd Cavadın oyatdığı milli ruh çox vacibdir, onların şerinin təbliğinə böyük ehtiyac var.
Eyni zamanda milli vətənpərvərlik şüurunun formalaşması, məktəblə yanaşı, ailə tərbiyəsindən – valideyndən də asılıdır. Çünki valideyn öz hərəkəti ilə övladına vətənpərvərlik nümunəsi olmalıdır. Sözlə bu mümkün deyil.
– Bir yazıçı kimi formalaşmağınızda sizin üzərinizdə ən çox nəyin təsiri olub?
– Dördüncü sinifdə oxuyarkən bir gün müəllim bizə kitabdan şair Hüseyn Cavidin “Öksüz Ənvər” mənzum hekayəsini oxudu. Hekayədə ata-anadan məhrum olan yetim Ənvərin ağır, əzablı həyatı təsvir olunurdu. Məni ağlamaq tutdu və bərkdən ağlamağa başladım. Müəllim məni sakitləşdirməyə çalışsa da, heç cür sakitləşə bilmirdim. Müəllim axırda məni sinifdən çıxararaq dedi ki, çıx bayırda nə qədər istəyirsən ağla, sakitləşəndən sonra gələrsən. Zəng oldu, tənəffüs zamanı içəri girəndə sinif yoldaşlarım məni lağa qoymağa başladılar:
– Adə, nə oldu, xortdan gördün, elə ağlayırdın?
Yoldaşlarıma heç bir söz deməsəm də, özüm də başa düşmürdüm ki, mənə nə olub. Axşamadək, hətta yatağa uzanıb yatarkən fikirləşirdim. Hər şey mənim gözlərimdə başqalaşmışdı. Elə bil həyat əvvəlki kimi deyildi. Məni lağa qoymuş yoldaşlarımın vəziyyətinə acıyırdım. Mənə elə gəlirdi ki, yetim Ənvərin ağır vəziyyəti onların heç birini narahat etmir.
Məni ədəbiyyata bağlayan həmin o “Öksüz Ənvər” oldu. O vaxtdan əlimə düşən pulları verib kitab alırdım, kitabı əlimdən yerə qoymurdum.
– Bildiyiniz kimi, may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü qeyd olundu. Bu münasibətlə həm sizi, həm də sizin şəxsinizdə uca millətimizi təbrik edirik!
Hörmətli Qılman müəllim! Böyüklərin dili ilə desək, “Keçmişimiz bizim üçün bir xəzinədir. Keçmişinin təməlləri üzərində dayanmayan, ona söykənməyən bir millət gələcəyə yeni-yeni üfüqlər aça bilməz”. Cümhuriyyət dövrü və o dövrün ədəbiyyatı da bizim yaxın keçmişimizdir. Sizcə, cümhuriyyət dövrü ədəbiyyatı bugünkü tədqiqatçılarımız tərəfindən yetərincə araşdırılıb gənc nəsillərə çatdırılırmı?
– Eyni zamanda mən də xalqımızı və sizin əməkdaşları bu böyük bayram münasibətilə təbrik edir, uca Yaradanın bizə bəxş etdiyi bu böyük nemətin – müstəqilliyimizin əbədi və daim olmasını arzulayıram. Qaldı ki sualınıza, bəli, demək olar, cümhuriyyət dövrü və o dövrün ədəbiyyatı yetərincə araşdırılıb deyə bilmərəm, ancaq bu sahədə böyük inkişaf var, 10 il qabaqkı dövr deyil. Hiss olunur ki, nəinki sizin mətbuatda, başqa mətbuatlarda da tarixlə maraqlanırlar və bu, mühüm bir şeydir, alqışlanmalıdır. Xüsusilə bu məsələdə jurnalın rolu böyük olmalıdır.
– Qılman müəllim, siz həm də xalqımızın ağrılı-acılı günlərindən olan repressiya dövrünü keçmisiniz. O dövrün canlı şahidi olmusunuz. Sizin üçün Əhməd Cavadları, Hüseyn Cavidləri, Mikayıl Müşfiqləri və başqalarını itirmək nə deməkdir? O dövrlə bağlı xatirələrinizi bölüşməyinizi xahiş edərdik…
– Repressiyaya ancaq seçmə adamları salıblar. Teatr sahəsində Abbas Mirzə Şərifzadə ad çıxarmışdı: “Hamlet”i Avropada onun kimi oynayan yox idi. Hüseyn Cavid kimi böyük sənətkarı göndərdilər Sibirə. Əhməd Cavad kimi şairi məhv etdilər.
1938-ci ildə institutda Müşfiq haqqında keçirilən ədəbi gecədə Müşfiqin uşaq şeirləri ilə bağlı məruzə etdim, çox keçmədi, başım bəlalar çəkdi. Müşfiqin həbsi ilə bağlı tez-tez Dövlət Təhlükəsizlik Komitəsinə çağırılırdım, sorğu-suala tutulurdum: “Nə üçün Müşfiq məruzəni məhz sənə tapşırıb, sən Müşfiqin evində olmusanmı?” kimi hədələyici suallar məni sarsıdırdı. Həmin günlərdə, ümumiyyətlə, institutda gərgin vəziyyət yaranmışdı. İnstitutun partiya təşkilatının katibi erməni Budaqov hamıdan şübhələnir, hamının üzərində nəzarət qoyurdu. Birini çağırıb o birinin hərəkətlərinə göz olmağı tapşırırdı, hamıdan şübhələnirdi. Müəllim və tələbələr içərisində bir-birinə inamsızlıq yaranmışdı. Heç kəs bir-birinə inanmırdı, yalnız institutu bitirəndən sonra tələbələr azad nəfəs ala bilirdilər.
Bolşeviklər az qala bütün milləti dinsiz, inancsız eləmək istəyirdilər. Etiqadsız insan yoxdu. Etiqadımızı əlimizdən almaq istəyirdilər.
– Səhv etmiriksə, siz Seyid Cəfər Pişvəri ilə görüşübsünüz, hətta onun tərəfindən medal ilə təltif olunubsunuz…
– Sovet qoşunları 1941-ci ildə İranı işğal etdikdən sonra Azərbaycandan Güney Azərbaycana 100 nəfərədək ziyalı göndərildi. Hər cür peşədən olan adamlar, o cümlədən jurnalist və yazıçılar da vardı. Biz Təbriz şəhərində “Vətən yolunda” qızıl əsgər qəzeti nəşr edəcəkdik. Qəzet ərəb əlifbası ilə çap olunacaqdı ki, onu yerli əhali də oxuya bilsin.
Bir gün yerli hökumətin başçısı Seyid Cəfər Pişəvəri Qulam Məmmədliyə mühüm bir tapşırıq verir: Güneydəki milli-azadlıq hərəkatı haqqındakı materialları bir araya toplamaq. Bu məqsəd üçün biz redaksiya rəhbərliyinin razılığı ilə bir ay redaksiyadakı işlərdən azad edildik.
Qulam Məmmədli ilə mən bir ay müddətində gecəli-gündüzlü İran və Sovet mətbuat səhifələrini araşdırıb, inqilabi hərəkata aid materialları toplayıb kitab şəklində çap etdirdik. Ona belə bir ad verdik: “Qızıl səhifələr”. On günün ərzində korrektura oxunub çapa imzalandı. Kitab çapa getdi. İlk nüsxələrdən göndərdik Pişəvəriyə. Pişəvəri oxudu, dedi ki, çox yaxşıdı. Amma orada bir şey var, yazılmışdı ki, tərtib edənlər: Qulam Məmmədli və Qılman Musayev, onu çıxardın. Dedik, axı verilib çapa. Dedi, eybi yox, nə qədər vermisiniz onlar getsin, ancaq o birilərdən çıxardın. İstəmirdilər desinlər sovet zabitləri hazırlayıb bunu. Gördülər ki, çox əziyyət çəkmişik, hər ikimizi Azərbaycan Milli Hökumətinin ali “21 Azər” medalı ilə təltif etdilər.
– Hörmətli Qılman müəllim! Həyatın enişli-yoxuşlu yolları çox olur, siz də bu 95 illik həyatınızda bu yollardan keçmisiniz, yaşadığınız hadisələr, həyatınızın dönüş nöqtələri, qarşılaşdığınız təhlükəli anlar olubmu? Ümumiyyətlə, heç ölümlə üzləşmisinizmi?
– Doğrudur, həyatın çox keşməkəşli anları olur. Mən həyatımda ölümlə dəfələrlə rastlaşmışam; birinci dəfə ölümlə rastlaşmışam 1941–45 müharibəsində, cəbhədə. O vaxt cəbhələrdə qəzet buraxırdılar. Əvvəl qəzet rusca çıxırdı, sonra qərar verildi ki, üç dildə çıxsın. Gürcü, erməni, bir də türk dilində. Ərəb əlifbasını bilən 3-4 nəfəri göndərdilər ora. Cəbhəyə gedəndə dedilər qəzet çıxaracaqsınız. Redaktorumuz yox idi. Dedilər redaktor ordadı. Redaktor hündürboy bir zabit idi. Bir gün cəbhədən qayıdırdıq. Cəbhədə döyüşənlər haqqında yazılar, məqalələr vermək lazım idi. Bu da o zaman olmuşdu ki, arada düşmənlə məsafə çox az idi. Döyüş qarşı-qarşıya idi. Getdik səngərlərdə söhbət elədik, qayıdan baş yolda birdən başımızın üstündə təyyarələr, 3 “Messerşmitt” təyyarəsi gördük. O zabit dedi ki, yolun qırağında günəbaxanlar var, özümüzü salaq günəbaxanların arasına, ancaq çəkmələrimizi çıxarıb özümüzdən kənara ataq. Çünki onlar qaradır, yuxarıdan baxanda yaxşı görünür. Biz də tez çəkmələrimizi çıxarıb atdıq özümüzdən uzağa. Təyyarələr gəldilər, bizim üstümüzdən keçdilər. Hiss eləyirdik ki, biçə-biçə gəlirlər. Güllələr ancaq çəkmələrimizin olduğu yerə səpələnir. Keçib-gedəndən sonra gedib onları götürdük, gördük deşik-deşik olublar.
İkinci dəfə ölümdən qurtarmışam İranda. İranda ərəb əlifbası ilə “Vətən yolunda” qəzetini çıxarırdıq. Redaksiyanın maşını vardı, amma o gün maşın harasa getmişdi. Dedilər bəs Ərdəbildən təcili material yazmaq lazımdır. Maşın da yox… nə isə, Ərdəbilə gedən maşınlardan birinə mindim, getdim. Ərdəbilə 5 km qalmış sürücü dedi: “Ağaye əfsər, burda bir yer var, bəlkə, burda çay içək?”. Dedim, içək də, necə istəyirsən. Nə isə, girdik çayxanaya, içəridə tüstü: kimi tiryək çəkir, kimi siqaret, dəhşət… Oturduq, gördüm qabaqda saqqallı biri mənə diqqətlə baxır, sonra gördüm ki, başqasına işarə elədi, o da diqqətlə baxdı. Dedim, bu gün mənim başımda yəqin bir iş var. Tapançamı yavaş-yavaş belimdən çıxardım, qoydum cibimə. Sonra gördüm çayçını çağırdılar bayıra, çayçı içəri qayıdanda çox pərişan qayıtdı. Neynəyim, nə eləyim? Sürücüyə dedim, bəs mənim bayıra çıxmağım var, ancaq tanımıram, sən mənə göstər də. Bayıra çıxdıq, maşına yaxınlaşan kimi dirədim tapançanı böyrünə, dedim:
– Səsini çıxarma, sür!
– Bəs çayçının pulu?
– Çayçının pulunu sonra verərik. Sür!
Oturduq maşına, tam sürətlə sürdürdüm. Gecə gəlib çatdıq. O zaman şəhərdə komendantlar var idi. Sovet zabitlərindən olan komendant dedi ki, harada qalmısınız belə? Dedim, əhvalat belədir. Danışdım hər şeyi. Dedi ki, dünən orada 3 rus zabitini öldürüblər. Deməli, bir az ayıq olmasaydım, məni də öldürəcəkmişlər. Beləcə mən ölümdən qurtardım.
Sonra bir dəfə də APİ-ni təzəcə qurtarmışdım, məni Xaçmaz rayonunun Mehdiabad kəndinə göndərdilər. Cavan bir oğlan vardı, adı Şəmistan idi, komsomolçu, məndən 1-2 yaş böyük olardı. Görüşdük, o dedi ki, burda qaçaqlar var, kolxoz qurulandan sonra onlar qaçıblar Xaçmazın ətrafındakı meşələrə. Gəl sən mənim yanımda qal. Dedim, yaxşı. Qaldım onunla bərabər. Pəncərənin yanında yatırdım. Elə oldu ki, məni çağırdılar Bakıya, məktəb avadanlığı almağa. Bir həftə qaldım Bakıda. Bir həftədən sonra qayıtdım. Kəndə girəndə gördüm hamı matəm içindədi. Soruşdum: “Nə olub?” Dedilər: “Şəmistanı doğrayıblar”. Dedim: “Onu öldürməyə gəlməyiblərmiş, məni öldürəcəkdilər. Çünki qaçaqlar xəbər göndərmişdilər ki, bizim uşaqlarımızı, qızlarımızı güclə məktəbə göndərir, onunla varıq”. Hə, mənim üçün gəliblərmiş, məni öldürəcəklərmiş. O yazığı öldürüblər. Belə ölümlə tez-tez rastlaşmışam. Belə-belə çətinliklə gəlib 95 yaşa çatmışam.
Mübariz Yunus