Axund Yusif Talıbzadə Füyuzat 125 Müsahibə

Qəlb kəbəsi ülvi ruhların qibləsidir

“KƏBEYİ-GEL SƏCDƏGƏHE-XAKİYAN

KƏBEYE-DEL QEBLEYE-ƏFLAKİYAN”.

“Torpaqdan tikilən Kəbə dünya əhlinin səcdəgahıdır.

Qəlb kəbəsi isə ülvi ruhların qibləsidir”.

(Feyzi Hindi)

    Həcc ayı daxil oldu. Qurbanlıq günü yetişdi. Hacı babalarımız da hər bir ətrafdan (İnsanlar arasında həcci elan et…) nidasına ləbbeyk sədaları ilə Kəbəyə tərəf rəvan oldular.

    Əcəba! Müsavat hərəmgahının miqatına (hacıların ehrama girdikləri yer) yetib libaslarını soyunaraq ehram geyindikləri zaman ümumən eyni rəngə bürünərək bərabərlik məqsədini anladılarmı? Hürriyyət hərəmində Allaha təslimiyyət məqamında bulundularmı? İttihad və ittifaq kəbəsinin dövrünə pərvanətək təvaf etmək məramını düşündülərmi? Maddi və mənəvi qüvvələr vasitəsilə ümumi mənfəətə tərəf səy etmək meydanına daxil oldularmı? Öz əməllərini həcərül-əsvəd qarşısında etiraf etdikdə saxta ilə xalisi, haqq ilə batili  ayırd edə bildilərmi? Tərviyə günündə (zil-hiccə ayının 8-ci günü) Məşərül-hərama (Ərəfatla Mina dağlarının arasında yer) vardıqda şərafətli Zəmzəm suyundan vicdan piyalələrini doldurub həqiqətə susayanların könüllərini sirab etmək (doyunca su içmək) üçün abi-zülal (çox az tapılan su) götürdülərmi? Məşərül-həramın səfa bəxş edən zikrlərini arifanə əda etdilərmi (yerinə yetirdilərmi)? Ərəfə gününün rəsmi əməllərini  səmimanə əmələ gətirə bildilərmi? Şeytan xislətli nəfslərini qovub dəf etmək üçün ciddi surətdə daşqalaq etdilərmi? Mina qurbangahında Həzrət İbrahimtək insaniyyət yolunda öz övladından keçmək mərtəbəsinə yüksələ bildilərmi? Həqiqət mehmanxanasında (“Həqiqətən, möminlər qardaşdırlar”) müqəddəs əhdini yenilədilərmi? Öz şəxsi istəklərini, şəxsi mənafelərini həqiqət namına qurban edə bildilərmi? Rəsuli-Əkrəmin izi ilə gedib insani ehtiyaclara dair bəlağətli xütbələr oxudularmı? Həcc əmirimiz ehtiyac duyulan məsələləri həqiqət şurasına təlqin etmək vəzifəsini lazımınca icra qıldımı? Bayram namazını camaatla əda edərkən ibadətin Allahın insanları xalis sevgi və məhəbbətlə bir-birinə bağlamaq olduğunu dərk etdilərmi? Bu mübarək bayram xütbələrini oxuyarkən Rəsuli-Əkrəmin aşiq olduğu həqiqətləri bəşəriyyətə təlqin etmək şövqündə bulundularmı? Qeyd olunan müqəddəs vəzifələri ifa etdikdən sonra dübarə həqiqət kəbəsinin təvafına nail oldularmı? Ümmətin sıralanmış məsələlərini həll etməyə söz verdilərmi? Hər kəs öz xüsusi libasını geyinib yenə Mina dağında üç gün hansı xidmətə dəvət olunduğunu bildimi? Mina dağında Şərq və Qərbi işıqlandırmaq üçün tərtib olunmuş məsələlərin həllinə dair müxtəlif cəmiyyətlər, məclislər, yığıncaq yerləri təşkil etdilərmi? Hər bir sinif öz vəzifə xidmətini icra etmək üçün özünə münasib cəmiyyətlərə üzv oldularmı? Bu cəmiyyətlərdəki təklif və qərarların nəticəsi həcc əmirinə ərz olunaraq bütün hacı babalarımıza bəyan olundumu? Hacı babalarımız öz müqəddəs vəzifə borclarını anlayıb bəsirət ilə vətəndaşlarına tərəf üz tutdularmı? Əziz vətəndaşlarına hədiyyə olaraq əbədi həyat azuqələri hazırladılarmı? Bu mübarəklər vətənlərinə qayıdanda vətəndaşları onların ziyarətinə hansı məqsədlə vəzifələndirildiklərini düşündülərmi? “Mən kiməm, haradan gəlirəm, haraya gedirəm?” həqiqətlərinə cavab verdilərmi? İslam millətinin parlaq keçmişini xatırlatmaqla gələcəyin islahı üçün hal-hazırı qənimət sandılarmı?

Amma bizlərə gəldikdə islama görə bayramın nə üçün olduğunu bilirikmi? Həqiqət qurbanı hansı yolda qəbula yetdiyini düşünürükmü? Bayram namazını camaatla əda edib xütbələrin məzmununun nəyə şamil olduğunu bilirikmi? Bayram günlərində əllə görüşüb salamlaşmaqda məqsədin nə olduğunu anlayırıqmı? Milli və dini ehtiyacatımızda maddi və mənəvi vəzifələrimizi icra edirikmi? Fəqir və möhtac vətəndaşlarımızın təminatına dair hər hansı bir təşəbbüsdə bulunuruqmu? Qardaşlıq duyğularını şəxsi qərəzlərinə qurban edən cani kəslər də sevgi və məhəbbət uğrunda qurban kəsə bilərmi? Məgər bayram layiqiylə insan olanlara məxsus deyilmi? Məgər bizim bu halda mükəlləf olduğumuz vəzifələrimizin nə olduğunu islamiyyət dili ilə daha ali mətləblər bəyan etmirmi?

    Görəsən, hacı babalarımız kimi biz də bu mübarək gündə öz vəzifələrimizi lazımınca yerinə yetirib könül kəbəmizə yetişə bildikmi?

“Qorxuram yetməyəsən Kəbəyə, ey ərabi (bədəvi ərəb),

Getdigin yol gediyor vadiyi-hiçistanə (heçlik vadisi)”.