Füyuzat 124 Müsahibə Pərviz Əmirov

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun 2021-ci il üçün HESABATI

Bir millətin varlığını davam etdirən, özünəməxsusluğunu təmin edən başlıca dəyərlər, şübhəsiz, onun dili, mədəniyyəti, tarixi irsinə sadiqliyidir. Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu təsis olunduğu zamandan – 2005-ci ildən Azərbaycan xalqının milli irsini, mədəni və tarixi dəyərlərini qorumaq, tanıtmaq kimi taleyüklü bir vəzifəni öhdəsinə götürərək bu vəzifəni məsuliyyətlə davam etdirir. Ötən  17 il müddətində Fond öz imkanları daxilində müxtəlif sahələrdə milli, mədəni dəyərlərimizi tədqiq edərək istər Azərbaycanda, istərsə də sərhədlərimizdən kənarda təbliğ etməyə, tanıtmağa müvəffəq olmuşdur. Ənənəyə sadiq qalaraq müxtəlif sahələrdə müsabiqələrin, təqdimat mərasimlərinin, görüşlərin və s. tədbirlərin təşkilini yola saldığımız il ərzində də davam etdirdik.

2021-ci ildə MİMTA Fondunun təsis etdiyi mətbu orqanların – “Füyuzat”  və “İşıq” jurnalının müvafiq illik sayları nəşr olunaraq oxucuların istifadəsinə verildi. Jurnallarımızın hər ikisi cəmiyyətimizin taleyüklü məsələlərinə, ölməz dəyərlərimizə aid mövzuları oxucuların diqqətinə çatdırdı, xüsusən Vətən müharibəsinin ildönümü münasibətilə müvafiq mövzularda məqalələrlə cəmiyyətə, əsasən də gənc nəslə Azərbaycan sevgisini bir daha aşılamağa çalışdı. Həm “Füyuzat”ın, həm də “İşıq”ın   yeni sayları pandemiya şərtləri daxilində təqdim edildi, mövzular ətrafında oxucularla maraqlı müzakirələr aparıldı.

          Yola saldığımız il Fondun tərkibindəki “MİMTA Yayımları”nın fəaliyyəti baxımından da məhsuldarlığı ilə seçildi. Belə ki, “MİMTA Yayımları”nda həm tərcümə, həm tərtibat sahəsində 11 kitab işıq üzü gördü. Tərcümə ədəbiyyatından “Qoca dənizçinin hekayəti” (S.T.Koleric), “Siyasətnamədən hekayələr” (Nizamülmülk), “Babil yanarkən” (Y.Şen, E.Coşkun), “İnsanı yaşadan nədir?”in 2-ci nəşri (L.Tolstoy), o cümlədən böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə dahi mütəfəkkirin “Xəmsə” toplusundan seçilib nəsrlə tərcümə olunan “Xəmsə”dən hekayələr” kitabı oxucuların istifadəsinə verilmişdir.

          Bununla yanaşı, “Nargin – saralmış kədər” (Y.Orucov), “Könül dünyası” (K.Bünyadzadə), “Cavad xan oğlu Uğurlu xanın hekayəti” (M.Zauroğlu), “Təmsillər” (Q.Zakir), “Bütün yollar Şuşaya aparır” (toplu) kitabları uğurla tərtib olunaraq işıq üzü görmüşdür.

          Noyabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “AYBkitab” layihəsi və MİMTA Fondunun dəstəyi ilə çap olunan “Bütün yollar Şuşaya aparır” kitabının təqdimat mərasimi keçirildi. Qeyd edək ki, kitabda Vaqif Poeziya Günlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə bərabər Şuşada olan elm, mədəniyyət və ədəbiyyat xadimlərinin çıxışları, oxunan şeirləri, həmçinin həmin günlər barədə yazılan məqalələr, reportajlar, poetik təəssüratlar toplanıb. Mərasimdə çıxış edən ziyalılar – xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Xalq şairi Nəriman Həsənzadə, AYB-nin katibi və kitabın ideya müəllifi Elçin Hüseynbəyli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, “AYBkitab” layihəsinin rəhbəri Xəyal Rza və başqaları kitabın önəmindən danışdılar, nəşrə verdiyi dəstəyə görə MİMTA Fonduna minnətdarlıqlarını bildirdilər.

          Kitab sahəsində fəaliyyətimizi daha da genişləndirmək məqsədilə gələcək nəşrlərimizin də planı tutulmuş, müəllif haqları ilə bağlı müqavilələr bağlanmış, yeni kitabların tərtibatı sahəsində işlərə start verilmişdir. Artıq Fondun fəaliyyət sahəsinin ayrılmaz parçasına çevrilən kitab nəşri işi bizim üçün xüsusi özəllik daşıyır. Belə ki “MİMTA Yayımları”nda nəşr etdiyimiz bütün kitabları tərcümə, yaxud tərtib edərkən milli dəyərlərimizə, dövlətçiliyimizə ziyan verəcək fikirlərdən uzaq olunmasına diqqət göstərilir. Bu baxımdan kitab seçimi bizim üçün nə qədər çətin olsa belə, bir o qədər də uğurludur.  Uğurlarımızın soraqçısı isə gündən-günə artan oxucu marağıdır.

          “MİMTA Yayımları”nda yalnız kitab deyil, digər nəşr fəaliyyətləri də həyata keçirilir. Bu baxımdan 1911–12-ci illərdə nəşr olunmuş, Azərbaycanın ilk qadın nəşri “İşıq” qəzetinin 47 sayı toplu halında transliterasiya olunaraq çapa hazırlanmışdır. Milli mətbuat tariximizdə özünəməxsus yer tutan bu toplunu yaxın günlərdə təqdim edəcəyik. İnanırıq ki, Azərbaycan qadınının həyatında önəmli rolu olmuş “İşıq”ın yeni əlifbada nəşri xalqımız tərəfindən yüksək maraqla, rəğbətlə qarşılanacaq.

          Kitab nəşri ilə bərabər, çap olunmuş kitablarımızın bir neçəsinin audio versiyasını da hazırlayıb dinləyicilərə “AudioKitab” tətbiqi vasitəsilə təqdim etmişik. Artıq kitablarımızın səsli versiyalarını da tətbiqdən asanlıqla əldə etmək mümkündür.

          2021-ci il ölkəmizdə kitab sahəsində böyük hərəkətliliklə yadda qaldı.  Belə ki, dahi Nizaminin 880 illik yubileyi münasibətilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq Kitab sərgi-yarmarkası, ardınca “MİMTA Yayımları”nın da üzv olduğu Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən I Sumqayıt Kitab Sərgisi, I Gəncə Kitab Sərgisi ölkəmizdə mütaliəyə marağın artması istiqamətində böyük rol oynadı. Fondumuz bu sərgilərin hər birində həm kitablarla, həm də mətbu orqanları ilə uğurla iştirak etdi, təqdimatlar, oxucu görüşləri keçirdi. Kitab sərgi-yarmarkalarında əməkdar jurnalist Yunis Orucovun “Nargin – saralmış kədər” tarixi romanının, Müzadil Zauroğlunun “Cavad xan oğlu Uğurlu xanın hekayəti” tarixi povestinin, həmçinin akademiyanın müxbir üzvü Könül Bünyadzadənin “Könül dünyası” toplusunun təqdimat mərasimləri böyük oxucu marağı ilə qarşılandı. I Sumqayıt Kitab Sərgisi və I Gəncə Kitab Sərgisi də oxucu görüşləri, imza mərasimləri baxımından yaddaqalan oldu. Xüsusən I Gəncə Kitab Sərgisində “Füyuzat” və “MİMTA Yayımları” əməkdaşlarının oxucularla görüşü böyük maraqla qarşılandı. Əməkdaşlarımızın, əsasən, milli şüur və dəyərlərimiz haqqında çıxışları dinləyicilərin rəğbətini qazandı.

          Vətən müharibəsində dövlət-xalq-ordu birliyi ilə düşmən üzərində parlaq qələbəmizin ildönümünə həsr etdiyimiz “Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsini xüsusi qeyd etməliyik. Torpaqlarımızın azadlığı uğrunda şəhid düşən, qazi olan qəhrəmanlarımıza həsr olunmuş müsabiqəyə maraq daha çox oldu. Bu müsabiqəyə respublikamızın, demək olar, hər bölgəsindən müəlliflər qatıldığından  qəbul olunan yazıların sayı 235-ə çatdı. Bu isə həm Vətən müharibəsi qəhrəmanlarımıza ehtiramın, həm də Fondumuzun bu vaxta qədər keçirdiyi müsabiqələrdəki seçim şəffaflığına etibarın ifadəsi idi. Müsabiqədə ilk 3 yeri tutanlar qalib kimi, əlavə olaraq 3 iştirakçı isə həvəsləndirici yerə layiq görüldü. Yer tutmuş  iştirakçılara MİMTA Fondu tərəfindən pul mükafatı, diplom və müxtəlif hədiyyələr təqdim edildi.

          Fondumuz ötən il Azərbaycan Respublikası insan hüquqları  üzrə müvəkkili (ombudsman), F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “Səssiz ünsiyyət” Jest Dilinin İnkişafına Dəstək Təşkilatı ilə birgə layihə də həyata keçirdi. Layihə gözdən əlil uşaqlar üçün jest dilinin inkişaf etdirilməsi məqsədi daşıyırdı. 10 dekabr 2021-ci il tarixində layihənin tərəfdaş qurumlarının iştirakı ilə BMT-nin “Uşaq hüquqları” konvensiyası əsasında hazırlanmış elektron kitabın təqdimat mərasimi keçirildi. Ümid edirik ki, bu gözəl layihə gözdən əlil uşaqlar üçün bir dəstək olacaq.

          Hər il olduğu kimi, ötən il də Fondumuzun Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində istifadəyə verdiyi “Füyuzat Media Mərkəzi”ndə görüşlər keçirilmişdir. Tələbələrə dəstək mərkəzli bu maarifləndirici tədbirlərdə ziyalılarla, kitab müəllifləri ilə səmərəli görüşlər, seminarlar təşkil olunmuşdur. Gələcəkdə belə görüşlərin sayını daha da artırmağı düşünürük. Çünki gənc nəslin milli ruhda, dövlətçilik ənənələrinə sadiq yetişməsi Fondun əsas prioritetlərindən biridir.