Xəbərlər

Qətər: HƏMAS və İsrail arasında razılaşma yanvarın 19-da qüvvəyə minəcək

“HƏMAS hərəkatı ilə İsrail arasında razılaşma yanvarın 19-u bazar günü qüvvəyə minəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qətərin hökumət başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani bildirib.

“Qətər, Misir və Birləşmiş Ştatlarla birlikdə məqsədə çatan vasitəçilik səylərinin uğurunu elan etməkdən məmnundur, bunun sayəsində Qəzza zolağında münaqişə tərəfləri girovların, əsirlərin mübadiləsi və atəşkəsin bərqərar olması üçün sakitliyin bərqərar edilməsi barədə razılığa gəliblər. İsrail hökuməti daxili prosedurları tamamladıqdan sonra, yanvarın 19-da sazişin icrasına başlanacaq. Təfərrüatlara gəlincə, razılaşmanın birinci mərhələsi 42 gün ərzində reallaşdırılacaq, bu müddət ərzində atəşkəs elan ediləcək. İsrail qüvvələrinin dinc əhalinin yaşadığı ərazilərdən çıxarılması və sərhəddə yerləşdirilməsi nəzərdə tutulub. Girov və əsirlərin dəyişdirilməsi müəyyən bir mexanizm əsasında həyata keçiriləcək”, – əl-Tani deyib.

Qətərin baş naziri aydınlaşdırıb ki, ikinci və üçüncü mərhələlərin detallarının əlaqələndirilməsi birinci mərhələdə tamamlanacaq.