Əli Ağaoğlu Füyuzat 133

“Nemezis” terror əməliyyatı – Erməni terror xronikasından bir səhifə

Bəşər tarixinə nəzər saldıqda görürük ki, insan yarandığı andan etibarən bəşəriyyətdə münaqişə, qarşıdurma, müharibə qaçılmaz olmuşdur. Bəlkə də, buna səbəb insanın xisləti, xislətində ən bariz görünən yaşamaq uğrunda mücadilə, yaxud üstünlük, hakimiyyət istəyi olmuşdur. Əlbəttə, səbəb, şərait və məqsədlər müxtəlif ola bilər. Lakin həqiqət budur ki, ilk insandan bu günədək bütün insanların fitrətində eyni xüsusiyyətlər mövcuddur. Sadəcə insanlar özləri bu xüsusiyyətlərin hansından, harada, necə istifadə edəcəklərini təyin edir və bu seçimlərinə görə bir-birindən fərqlənirlər.

Tarix boyu baş vermiş müharibələrdə müxtəlif dövlət quruluşları içərisində, fikrimcə, ən bəxti gətirəni düşməni şərəfli və ləyaqətli olanlardır. Ləyaqət insanın özünün özünə verdiyi, şərəf isə başqasının həmin insana verdiyi dəyəri təmsil edir. Ləyaqətli düşmən, əvvəla, özünə etdiyi hörmətinə görə, sonra isə rəqibinin ən azı insan olmasını nəzərə alaraq mübarizədə əxlaqi dəyərlərin qorunmasına, müharibə şəraitində beynəlxalq humanitar hüququn qaydalarına əməl edilməsinə, mülki əhaliyə münasibətdə humanist davranılmasına maksimum qaydada əməl edir.

Lakin bəzi xəbis, xain, mənfur xislətlərini inkişaf etdirmiş şəxslər vardır ki, onlar üçün insani dəyərlər, hüquq və azadlıqlar, münasibətlərdə və mübarizələrdə ədalətlilik prinsipinin hakim olması kimi məfhumlar heç bir əhəmiyyət kəsb etmir. Onlar üçün hədəfə gedən yolda bütün üsullar mübahdır, keçərlidir.

Əfsuslar olsun ki, Azərbaycanın da bəxtinə düşmüş düşmən məhz bu kimi xislətlərini bəsləyib inkişaf etdirmiş şəxslər tərəfindən idarə edilən Ermənistan olmuşdur. Tarix səhnəsinə nəzər saldıqda həmişə yaşadıqları ərazilərdə yadellilərin hücumu zamanı şəhərin giriş qapılarını onların üzünə açan, yerli əhalinin onlara olan etibarından sui-istifadə edib dinc əhaliyə xəyanət edən, ölkələrdə xaos çıxarmaq, qarışıqlıq yaratmaq istəyən hegemon dövlətlərin könüllü maşası olmuş ermənilər özlərinə bir dövlət qurduqdan sonra da bu kimi “bacarıq”larını dövlətin əsas siyasətinə çevirmişlər.

Bu dəfə bəhs edəcəyimiz mövzu isə erməni terrorçularının nəinki Azərbaycan, hətta türk dünyasına qarşı yönəltdiyi “Nemezis” terror əməliyyatı haqqında olacaqdır.

Bir çox xalqların, millətlərin, dövlətlərin, təşkilat və quruluşların tarixində qisas əməliyyatları olmuşdur. Qisas anlayışının mahiyyəti bütün bəşəriyyətə aşkardır. Əvvəlcə haqsız bir təcavüzə məruz qalmış şəxs, şəxslər, insan kütləsinin müxtəlif təzahür etmiş quruluşları onlara qarşı törədilmiş bu haqsızlığı aradan qaldırmaq, acı nəticələrini üzərindən atmaq və onlara yapışdırılmış ləkəni silmək üçün fəaliyyətə keçir, uğur əldə edərək düşməninə layiqli cavab verməklə qisas alır. Yəni qisasçı olmaq üçün əsas məsələ əvvəlcə özünün haqsız təcavüzə məruz qalmağındır. Bəhs etdiyimiz “Nemezis” terror əməliyyatı öz təşkilatçıları tərəfindən qisas əməliyyatı kimi təqdim edilsə də, qisas anlayışı ilə yaxından­uzaqdan uzlaşmayan, birbaşa təcavüzkarcasına, canicə hazırlanmış terror əməliyyatı olmuşdur.

Belə ki, digər fəaliyyətlərində etdikləri kimi, bu əməliyyatlarına da öz biçdikləri donu geyindirən ermənilər guya bununla onlara qarşı 1918-ci ildə Bakıda, 1920-ci ildə Şuşada törədilmiş qətliamların və 1915-ci ildə Osmanlıda törədilmiş “erməni soyqırımı”nın qisasını aldıqlarını bəyan etmişlər. Lakin bunu edərkən Bakıda ermənilərin 1918-ci il tarixində Bakı soveti və “Daşnaksütyun”dan olan erməni silahlı dəstələrinin Bakı quberniyası və digər bölgələrdə yerli xalqa tutduqları divanı bilərəkdən unutmuş, özlərinin etdiyi təcavüzdən bəhs etməyərək həmin ərazilərdə baş qaldırmış separatçı qüvvələrin cəzalandırılması prosesini “qırğın” adlandırmışlar. 1915-ci ildə Osmanlıda törədilən “erməni soyqırımı” isə yüz illərdir təsdiqini tapmayan bir erməni avantürasıdır…

Davamı