Əli Ağaoğlu Füyuzat 134

Uzaq Şərqdən yüksələn fəryad – Uyğur türkləri

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2018-ci ildə 1 milyondan çox uyğur türkünün Çin hökuməti tərəfindən qanunsuz şəkildə azadlıqdan məhrum edilərək düşərgələrdə saxlanıldığını bəyan etdi. Bundan sonra dünyanın diqqəti Çinin Sincan adlandırdığı, yəni keçmiş adı ilə Şərqi Türküstan ərazisinə yönəldi. Əlbəttə ki, Çin Xalq Respublikası rəsmiləri dərhal bu bəyanata “Çin üsulu” ilə bir cavab uydurdu və həmin düşərgələrin, əslində, tədris mərkəzi olduğunu, orada uyğur türklərinə onların şəxsi istəkləri ilə pulsuz təhsil verildiyini, fiziki hazırlıqlar keçirildiyini, cəmiyyət üçün faydalı vətəndaş olaraq yetişdirildiklərini bildirdilər. Lakin, əlbəttə ki, bu, həqiqət deyildi. Düşərgələrdə saxlanılan uyğur türklərinin ailə üzvləri, qohumları həmin şəxslərin qəflətən yoxa çıxdıqlarını, sonra isə düşərgələrə aparılmaları barədə məlumat əldə etdiklərini, lakin yaxınları ilə hər hansı bir formada əlaqə saxlamağın mümkün olmadığını bildirir, bu istiqamətdə kömək edilməsi üçün dünya dövlətlərinə haqq səslərin hayqırırdılar.

2019-cu ildə BMT Çin Xalq Respublikasının uyğur türklərinə soyqırımı tətbiq etdiyini bəyan etdi və Çin Xalq Respublikasından dərhal düşərgədə saxlanılan şəxsləri azad etməsini və bitərəf nümayəndə heyətini tədqiqat üçün həmin düşərgələrə buraxmasını tələb etdi. Çin Xalq Respublikası rəsmiləri bu vəziyyətdən bir qədər narahat olaraq əvvəlcə peyk vasitəsilə çəkilmiş görüntülərdə ətrafı tikanlı məftillərlə hörülmüş, müşahidə məntəqələrinin olduğu düşərgələrdə məftilləri və silahlı şəxslərin növbə çəkdikləri müşahidə qüllələrini ləğv etdi, düşərgədə saxlanılanların düzülüşü üçün nəzərdə tutulmuş meydançanı isə idman meydançası ilə əvəz etdilər. Bundan sonra özlərinin seçərək icazə verdikləri bir neçə jurnalist həmin düşərgələrə buraxıldı. Qabaqcadan səhnələşdirilmiş bir “Çin teatrı” tamaşaçılara təqdim edildi. Lakin düşərgələrin ilkin vəziyyətinin görüntüləri, eyni zamanda jurnalistlərin ərazidən silahlı qüv­vələr tərəfindən uzaqlaşdırıldığı barədə görüntülər artıq sosial şəbəkələrdə geniş yayılmışdı və hazırda da mövcuddur.

Çinin uyğur türklərinə qarşı tətbiq etdiyi bu siyasətin tarixi kökü çox qədimdir. Tarixi vərəqləyənlər yaxşı bilirlər ki, Çin hakimiyyəti hələ Ağ Hun imperiyası vaxtından türklərin qılıncı ilə tanış olmuş və bir sıra mənbələrə görə, hətta bu qorxu onların Böyük Çin səddini inşa etmələrinə səbəb olmuşdur. Türklərə döyüş meydanında qalib gəlməyin mümkün olmadığını görən Çin imperatorları onları hiylə dolu gedişlərlə məhv etməyi qarşılarına məqsəd qoymuş və qismən buna nail olmuşlar. Belə ki, onların təşkil etdiyi fitnə-fəsadlara aldanan türk bəyləri bir-biri ilə mübarizəyə atılmış, Böyük Göytürk imperiyası ikiyə parçalanmış, ərazilərini itirmiş, Çin imperiyasından vassal asılılığını qəbul etmişdir. Bu fürsəti dəyərləndirən Çin imperatoru Şərqi Göytürk imperatorluğuna Çin ərazisinə yerləşməyi, burada çinlilərlə qardaş kimi yaşamağı təklif etmiş, lakin xaqan onlara vergi versə də, öz adət-ənənələrindən əl çəkməyəcəklərini, türk xalqı kimi yaşayacaqlarını bildirərək bu təklifdən imtina etmişdir. Hətta türklərin böyük xaqanı Bilgə xaqan Çin imperiyasının türklərə qarşı olan bu mənfur siyasətini mənimsəmiş və özündən sonrakı nəsillərə dərs olsun deyə “Orxon-Yenisey” abidələrinə bu sözlərini yazdırmışdır: “Çinin dili şirin, ipəyi yumşaq olur. Şirin dillə, gözəl vədlə uzaq düşməni yaxın edir. Buna nail olduqdan sonra mənfur niyyəti aşkara çıxır”. Tarix boyu Çinin türklərə qarşı apardığı siyasətin təməlində türklərin assimilyasiya edilməsinin durduğunu görürük. Uyğur Türk Dövləti türk dövlətləri içərisində şəhərsalma fəaliyyəti ilə məşğul olmuş, türkləri köçəri həyatdan oturaq həyata keçirmiş, əlifbası olmuş ilk türk dövlətidir. Siyasət, müharibə, müqavilə, danışıqlar və s. Bunlar, əlbəttə ki, tarixin bir hissəsidir və hücum varsa, müdafiə zamanı müxtəlif taktiki gedişlərdən istifadə etmək ölkələrin, dövlətlərin, imperiyaların təbii hüququdur. Lakin bir milləti kökündən ayırmaq, onun dilini, adət-ənənəsini məhv etmək, assimilyasiyaya məruz qoymaq, soyqırımı tətbiq etmək taktiki gediş deyil, siyasi əxlaqsızlıqdır. Şərqi Türküstanda yaşayan uyğur türkləri, əfsuslar olsun ki, bu əxlaqsızlığa çox məruz qalmışdır və hazırda da qalmaqdadır.

Şərqi Türküstan ərazisi uyğur türklərinin qədim tarixi torpağıdır. Lakin 1875-ci ildə Osmanlı imperiyasının zəifləməsindən istifadə edən Çin bu ərazidə olan və Osmanlı imperiyasının himayəsini qəbul etmiş Kaşğar əmirliyini süquta uğratmış və Şərqi Türküstan “Sincan” adlandırılmağa başlanmışdır. Elə bu tarixdən etibarən Çinin uyğur türklərinə qarşı assimilyasiya siyasəti davam etmiş, onlar fiziki-psixoloji işgəncələrə, hər cür istismara məruz qalmışlar…

Davamı…