Xəbərlər

“Əli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunmuş dəyirmi masa” keçirilib – FOTO

Bu gün Azərbaycanın görkəmli fikir adamı, milli ideologiyanın formalaşmasında özünəxas rolu olan, Azərbaycanın üçrəngli bayrağının ideya müəllifi Əli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu, “Füyuzat” jurnalı və Sosial Tədqiqatlar Mərkəzi birgə təşkil edib.

Tədbiri açılış sözü ilə açan MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov gələn qonaqları salamlayıb və tədbirin önəmindən danışıb.

Daha sonra çıxış edən “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus Əli bəyin həyatı və ideoloji fikirləri barədə məlumat verib, onun böyük ideoloqun Azərbaycan tarixi üçün gördüyü önəmli işləri vurğulayıb.

Daha sonra söz Əli bəy Hüseynzadə barədə araşdırmalar aparmış məruzəçilərə verilib. Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan Əli bəyin Azərbaycan məfkurə tarixində oynadığı roldan, onun həyatı boyu qarşılaşdığı çətinliklərdən söz açıb, “Əli bəy Hüseynzadənin mühacirət dövrü yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib.

“Qafqazda və Türkiyədə Ə.Hüseynzadənin siyasi fəaliyyəti” başlıqlı məruzə ilə söz alan tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova Əli bəyin aldığı müəkəmməl təhsil barədə məlumat verib, onun tələbəlik illərinə toxunub: “Sankt-Peterburqda Əli bəyin aldığı təhsil, ən əsası fitri istedadı nəticəsində onun dünyagörüşü əhəmiyyətli dərəcədə inkişaf etdi. Siyasi fəaliyyəti dövründə də Əli bəyin zəngin elmi bazasının nə qədər faydalı olduğunu görürük. Onun Türkiyədəki fəaliyyəti də məhz bu üstünlüklərin nəticəsində daha faydalı hal aldı. “İttihad və Tərəqqi” fikrinin formalaşmasında da Əli bəyin rolu böyük idi. Əli bəyin nitqi və yanaşması da onun bütün fəaliyyəti ərzində daha ciddi uğurlar əldə etməsinin əsas səbəblərindən idi. Əli bəy Hüseynzadə deyəndə birmənalı olaraq turançılıq, türkçülük ideyaları ağlımıza gəlir. Ancaq o həm də “Siyasəti-fürusət” əsərində Cənubi Qafqaz, Şimali və Cənubi Azərbaycan məsələlərini də ortaya qoyduğunu görürük”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Məsməxanım Qubadova isə Əli bəy Hüseynzadənin Azərbaycan tarixində önəmli yerə sahib olduğu teatr sahəsində oynadığı rola toxunub. “Əli bəy Hüseynzadənin Azərbaycandakı teatr və sənət fəaliyyəti” başlıqlı məruzə ilə çıxış edən M.Qubadova ölkəmizdə teatrın və sənətin inkişafa başladığı ilk vaxtlardan Əli bəyin bu sahələrə verdiyi dəstək, Azərbaycan teatrına bəxş etdiyi istedadlar və yazdığı əsərlərlə verdiyi töhfələrə toxunub.

“Əli bəy Hüseynzadə yaradıcılığında “Füyuzat” dərgisi və “Həyat” qəzetinin rolu” başlıqlı məruzəsində filologiya elmləri doktoru Qərənfil Dünyaminqızı Azərbaycan mətbuatında özünəməxsus yeri olan “Füyuzat” dərgisi və “Həyat” qəzetləri haqqında, bu mətbu orqanların fəaliyyətində, onların yaradılması və inkişafında mühüm rol oynayan Əli bəy Hüseynzadə yaradıcılığı ilə bağlı bilgiləri bölüşüb. Azərbaycanda ictimai fikrin və milli ideologiyanın formalaşmasında mətbuatın, həmçinin “Füyuzat” dərgisi və “Həyat” qəzetinin önəmli rol oynadığını ifadə edən Q.Dünyaminqızı Əli bəyin həm mətbuatın, həm də bu vəsilə ilə milli ideologiyanın inkişafı barədə tarixi məlumatları bölüşüb, Əli bəy və qələm yoldaşlarının Azərbaycan tarixindəki silinməz izlərini qeyd edib.

Bildirilib ki, “Füyuzat” jurnalı və “Həyat” qəzeti, eyni zamanda Azərbaycan xalqının milli özünüdərkinin formalaşmasında xidmətləri olmuş digər mətbu orqanlar dövrün çar rejimi tərəfindən xoş qarşılanmamış və bu kimi mətbuat orqanlarının fəaliyyətində qəsdən əngəllər yaradılmış, nəticədə onların nəşri dayandırılmışdır. Qeyd edilib ki, bütün bunlara baxmayaraq, Əli bəy və onun kimi ziyalıların, fikir adamlarının yorulmadan, usanmadan, qorxmadan Azərbaycan xalqının inkişafı, mədəni yüksəliş və milli ideologiyanın formalaşmasındakı misilsiz xidmətləri öz məntiqi nəticəsini vermişdir.

Son məruzə ilə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli çıxış edib. “Əli bəy Hüseynzadənin Azərbaycanda qorunan irsi” başlıqlı məruzədə S.Mirseyibli Azərbaycan İstiqlal Muzeyində qorunan və Əli bəyə aid olan şəxsi əşyaların sərgiləndiyini, bu əşyalara xüsusi diqqət ayrıldığını qeyd edib. Eyni zamanda Əli bəyin mədəni irsinə tək Azərbaycan İstiqlal Muzeyi səviyyəsində deyil, respublika səviyyəsində xüsusi diqqət ayrıldığını da əlavə edib.

Daha sonra tədbirdə iştirak edən qonaqlar da Əli.Hüseynzadə barədə fikirlərini bölüşüb. Azərbaycan Respublikası Milli Məclisinin mədəniyyət komitəsinin sədri, millət vəkili Fazil Mustafa, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, sosiologiya elmləri doktoru Əfqan Vəliyev, Bakı Dövlət Universitetinin professoru Allahverdi Məmmədli, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov söz alıb və Əli bəy Hüseynzadə irsi barədə dəyərli məlumatlar bölüşüblər.

Bununla da dəyirmi masanın rəsmi hissəsinə yekun vurulub.

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan İstiqlal Muzeyində sərgilənən və Əli bəyə aid şəxsi əşyalardan ibarət fotoşəkillər sərgilənib. Qonaqlar bu fotoşəkillər vasitəsilə Ə.Hüseynzadə yaradıcılığı ilə yaxından və əyani formada tanış olublar.

Tədbir qonaqlar arasında müzakirələrlə sona çatıb.

Tədbirin ərsəyə gəlməsində göstərilən dəstəyə görə, Sosial Tədqiqatlar Mərkəzi və mərkəzin sədri Zahid Oruca təşəkkür edirik.