Xəbərlər

Azərbaycan əlyazmalarının bəzəyi – əbru

Əbru sənəti su üzərində rənglərin xüsusi üsulla yayılması və kağıza köçürülməsi ilə yaranan vizual sənət növüdür. Bu sənət növündə heç bir naxış bir-birinə tamamilə bənzəmir və sənətkarın öz yaradıcılıq bacarığını əks etdirir.

Sənətin tarixi Orta Asiya və Çinə qədər gedib çıxır. Daha sonralar isə Osmanlı və Azərbaycan torpaqlarında inkişaf edib. Türk-İslam sənəti olan əbrunun “Battal”, “Səpmə”, “Çiçəkli”, “Şal”, “Xətib”, “Xəfif”, “Bülbül yuvası” ,“Daraqlı”, “Qumlu”, “Akkasə” və s. kimi növləri var. Əbru fırçasına gəldikdə isə demək lazımdır ki, bu, adi fırça olmur. Burada qızılgül budağından və at quyruğunun tükündən istifadə edilir. Azərbaycan mədəniyyətində əbru yalnız vizual gözəlliyi ilə deyil, həm də əlyazma sənətində və dekorativ incəsənətdə mühüm yer tutur. Əbru, əsasən, əlyazmaları bəzəmək və kitab səhifələrinə estetik gözəllik qatmaq üçün istifadə olunub.

Bu sənət yalnız estetik gözəlliyi ilə deyil, həm də mədəni irsimizin qorunmasında mühüm rol oynayır. Alimlər və sənətkarlar bu nadir sənəti qorumaq və gənc nəsillərə öyrətmək üçün müxtəlif tədbirlər görürlər.

Əlyazmaşünas, sənət tarixçisi Səbinə Nemətzadə əbru sənəti ilə bağlı araşdırmasında qeyd edir: “Əbru – rənglərin şadyanalığı, atəşfəşanlığıdır. Əbruçu təbiətdəki rəngləri təknəsində əks etdirməyə çalışır. Bu zaman o, əsl sənətkarın Yaradan olduğunu dərk edir, ibadətini bu sənətə bağlayır”.

Süməyyə Samirqızı