Naxçıvan Hərbi Kollecində MİMTA Fondu ilə görüş keçirilib. Görüş çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu və tarix elmləri doktoru, professor Sevinc Abbasovanın iştirakı ilə “Vətənpərvər gəncliyin yol xəritəsi: Niyə, nəyi, necə oxuyaq?” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə kollecin rəhbərliyi açaraq ölkəmizdə gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi istiqamətində görülən işlərdən, gənclərdə mütaliə vərdişlərinin formalaşdırılmasının vacibliyindən bəhs edib. Bu seminarın kursantların dünyagörüşünün inkişafına mühüm töhfə verdiyi qeyd olunub.
Seminar zamanı Əsəd Aslanoğlu müasir gəncliyin vətənpərvərlik ideyaları ətrafında birləşməsinin əhəmiyyətini vurğulayıb, kitab oxumağın şəxsiyyətin formalaşmasında oynadığı rolu diqqətə çatdırıb. Professor Sevinc Abbasova isə milli irs, tarix və mütaliə mədəniyyətinin gənclərin intellektual inkişafına təsiri barədə ətraflı məlumat verib.
Tədbirdə kursantları maraqlandıran müxtəlif suallar cavablandırılıb, müzakirələr aparılıb. Kollecdə ictimai fəaliyyətlərdə fəallıq göstərən kursantlara MİMTA Fondu tərəfindən müxtəlif kitablar, həmçinin “Füyuzat” və “İşıq” jurnallarının sayları hədiyyə edilib.
Sonda qonaqlarla birlikdə xatirə şəkli çəkilib.
















