Bilindiyi kimi Azərbaycan–Türkiyə münasibətləri hər iki ölkənin xarici siyasətində özünəməxsus yerə sahibdir. Buna müvafiq olaraq da müstəqil Azərbaycan dövlətinin qurucusu və bu gün vəfatının 22-ci il dönümünü qeyd etdiyimiz Heydər Əliyev iki ölkə arasındakı münasibətləri “bir millət, iki dövlər” şüarı konteksində müəyyən etmişdir. Heç şübhə yoxdur ki, II Qarabağ müharibəsi iki ölkə arasında münasibətlərin dərinləşməsinə, daha doğrusu, institutlaşmasına mühüm töhfə vermişdir. Bu çərçivədə Azərbaycan xarici siyasətinə dair fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan–Türkiyə münasibətlərinin inkişafına mühüm töhfə verməyə davam edir. BMTM son olaraq iki ölkə beyin mərkəzlərinin birinci forumunu Şuşada təşkil etmişdir. Qısası, BMTM Azərbaycan–Türkiyə münasibətlərinin dərinləşməsində aparıcı roy oynamaqdadır.
Bu çərçivədə BMTM 9–10 dekabr 2025-ci il tarixlərində Türkiyənin Ankarada yerləşən Hacəttəpə, Qazi, Ankara Sosial Elmlər, Ankara Hacı Bayram Universitetləri və Qaspıralı Xarici Siyasət İnstitutu ilə birgə “Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi və Türk dünyasının gələcəyi” mövzusunda panellər təşkil etmişdir. Bu məqsədlə BMTM-nin təşkilatçılığı ilə Azərbaycandan BMTM-nin idarə heyətinin üzvü Dr. Cavid Vəliyev, BMTM-nin aparıcı məsləhətçisi Fuad Abdullayev, AzTV tarix şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi Dr. Mahir Qəribov, UNEC-in müəllimi Dos. Nazim Cəfərov, “Trend” Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktor müavini Sahil Hüseynov və Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentindən mən iştirak etmişdim.
Ümumiyyətlə,fəaliyyətin təşkilində Azərbaycan Respublikasının Türkiyədəki səfiri Dr. Rəşad Məmmədovun şəxsən iştirakı və səfirlik çalışanlarınınsəmimi və peşəkar əməkdaşlığı xüsusi vurğulanmalıdır. Məlumdur ki, ölkənin istər qardaş ölkə Türkiyədə,istərsə də başqa yerlərdəki diplomatik nümayəndəliklərinin fəaliyyəti son dərəcə həlledici olur. Bu mənada Türkiyədə uğurlu ənənəmizin davam etdiyini səfir Dr. Rəşad Məmmədovun, müşavirlərdən Dr. Füzuli Məcidli və digərlərinin timsalında qeyd etmək mümkündür.
9 dekabr günü nümayəndə heyəti Qazi və Ankara Sosial elmlər universitetlərində müvafiq panellərdə iştirak etdilər. Ankara Sosial Elmlər universitetində paneldə çıxış edəcək heyət əvvəlcə rektor Prof. Musa Kazım Arıcan tərəfindən qəbul edilmişdir. Ardınca Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfirinin müşaviri Dr. Füzuli Məcidli, Ankara Sosial Elmlər Universitetinin prorektoru Prof. Yasin Söyler və Ankara Əhməd Cavad İnstitutunun direktoru Prof. Ruhi Ərsoyun açılış nitqləri ilə panel öz işinə başlamışdır. Panel universitetin ailəsi I Dünya müharibəsindən sonra Arazı keçərək Naxçıvandan Iğdıra pənah aparan əslən azərbaycanlı professoru Elem Eyrice Tepeciklioğlunun moderatorluğunda başlamışdır. Paneldə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Dr. Cavid Vəliyev, Azərbaycan Dövlət İqtisad Universitetindən Dos. Nazim Cəfərov və Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev məruzələrlə çıxış etmişlərdir. Çıxışlardan sonra panel müzakirələrlə davam etmişdir.
Səfərin ikinci günündə heyət Hacəttəpə və Ankara Hacı Bayram Vəli universitetlərində müvafiq panellərdə iştiraka davam etmişdir. Heyət səfir Dr. Rəşad Məmmadovun rəhbərliyi ilə əvvəlcə Hacəttəpə universitetinin rektoru Prof. Mehmet Cahit Güranı ziyarət etmişdir. Ardınca səfir. Dr. Rəşad Məmmədovun, Dr. Cavid Vəliyevin və rektor Prof. Mehmet Cahit Güranın açılış nitqləri ilə panel öz işinə başlamışdır. Daha sonra “Cənubi Qafqazda normallaşma prosesi: Azərbaycan–Türkiyə əməkdaşlığının yaratdığı imkanlar” panelində Hacəttəpə Universiteti Hüquq Fakültəsinin müəllimi Bahadır Özarslanın moderatorluğu ilə Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşı Ayşe Üzer, Universitetin nəzdindəki Türkiyat Araşdırmaları İnstitutunun əməkdaşı Tufan Gündüz və AzTV-nin əməkdaşı Mahir Qəribovun məruzələri dinlənilmişdir. İkinci günün son paneli isə Ankara Hacı Bayram Vəli Universiteti və İsmayıl Qaspıralı Xarici Siyasət İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi və Türk dünyasının gələcəyi” mövzusunda baş tutmuşdur. Panel universitetin prorektoru Prof. Hülya Bayraktar və Azərbaycan Respublikasının Türkiyədəki Fövqəladə və səlahiyyətli səfiri Dr. Rəşad Məmmədovun açılış nitqləri ilə başlamışdır. Daha sonra Dr. Kadir Ertaç Çelikin moderatorluğu ilə panel müzakirələri başlayıb. Paneldə BMTM-nin İdarə heyətinin üzvü Dr. Cavid Vəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Dos. Nazim Cəfərov, Ankara Hacı Bayram Veli Universitetinin dekanı Prof. Fırat Purtaş, Qaspıralı Xarici Siyasət İnstitutunun direktoru Dos. Esma Özdaşlı, Ankara Hacı Bayram Veli Universitetinin müəllimi Dos. Levent Ersin Orallı və Xəzər Universitetindən departament müdiri Dos. Orxan Vəliyev məruzə etmişlər.
İki günlük fəaliyyət çərçivəsində Ankarada Türkiyənin ciddi ali təhsil qurumlarından olan Hacəttəpə, Qazi, Ankara Sosial Elmlər və Ankara Hacı Bayram Vəli universitetləri çərçivəsində Azərbaycan zirvəsinin yaşandığını ifadə etmək mümkündür.
Bu qəbildən təsirləri olacaq fəaliyyətlərin təşkili ciddi iş tələb edir və burada BMTM başda olmaqla Türkiyədəki müvafiq qurumların və rəhbərlərinin, əməkdaşlarının birgə fəaliyyəti xüsusi rol oynamışdır. Ümumiyyətlə, dünyanın xüsusilə təhlükəsizlik baxımından qeyri-müəyyənliyə daxil olduğu bir mərhələdə Azərbaycan–Türkiyə münasibətlərinin davamlılığı və dərinləşdirilməsi həm Cənubi Qafqaz, həm də Türk dünyası nəzdində aparıcı rola sahibdir.
İki günlük panel Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac), Azərbaycan Dövlət Televiziyası, TRT və digər media qurumları tərəfindən işıqlandırılmışdır.

Soldan sağa. Dr. Özlem Pınar Oran, Dos. Orxan Vəliyev, Dos. Nazim Cəfərov, Fuad Abdullayev, Dr. Cavid Vəliyev, Prof. Mehmet Cahit Güran, səfir. Dr. Rəşad Məmmədov, Sahil Kərimli, Dr. Mahir Qəribov və səfirliyin əməkdaşı.

Soldan sağa. Prof. Elem Eyrice Tepeciklioğlu, Dos. Orxan Vəliyev, Dr. Cavid Vəliyev, Prof. Musa Kazım Arıcan, Dr. Füzuli Məcidli, Dos. Nazim Cəfərov və Dos. Rəsul Yalçın

Soldan sağa Dr. Kadir Ertaç Çelik, Dos. Levent Ersin Orallı, Dos. Esma Özdaşlı, Prof. Hülya Bayraktar, Dr. Cavid Vəliyev, Prof. Fırat Purtaş, Dos. Orxan Vəliyev, Dos. Nazim Cəfərov

Soldan sağa. Levent Ersin Orallı, Dos. Esma Özdaşlı, Prof. Fırat Purtaş, Dr. Kadir Ertaç Çelik, Dos. Nazim Cəfərov, Dos. Orxan Vəliyev, Dr. Cavid Vəliyev.

Soldan sağa. Dos. Orxan Vəliyev, Prof. Elem Eyrice Tepeciklioğlu, Dos. Nazim Cəfərov, Prof. Münire Kevser Baş, Prof. Yasin Söyler, Prof. Ruhi Ersoy, Dr. Cavid Vəliyev, Dr. Füzuli Məcidli

Soldan sağa. Dos. Orxan Vəliyev, Dos. Nazim Cəfərov, Prof. Elem Eyrice Tepeciklioğlu, Dr. Cavid Vəliyev



