“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin məqaləsi” nominasiyası üzrə seçilən əsər MİMTA Yayımları tərəfindən çap edilən “Həyatınıza istiqamət verəcək 30 nitq” kitabından seçdiyimiz “Həyat üçün yeddi dərs” nitqidir. Xoş mütaliələr!
Hitlerin Holokostuna qarşı müqavimət göstərdiyi üçün edam edilən böyük alman protestant ilahiyyatçı Ditrix Bonhöffer inanırdı ki, cəmiyyətin əxlaqi dəyərlərinin ən böyük sınağı onun uşaqlarla necə rəftar etməsidir. Amerika hər gün, hər saat bu imtahandan kəsilir.
Hər 10 saniyədə bir şagird məktəbi tərk edir. Hər 35 saniyədə bir körpə doğulur, lakin hər 36 saniyədə bir uşaq baxımsız qalır və ya istismarla, zorakılıqla üzləşir. Səhiyyə sahəsində dünya lideri olduğumuza baxmayaraq, ölkəmizdə hər 41 saniyədə bir körpənin tibbi sığortasız doğulmasına göz yumuruq. Hər dəqiqə ərzində bir uşaq özü uşaq dünyaya gətirir və biz hər üç saatda bir uşağın odlu silahla öldürülməsinə biganə qalırıq… Gündə 8 uşaq. Hər dörd gündən bir biz ABŞ-də səssiz, davamlı bir Virginia Tech qətliamı 1 yaşayırıq. Bilmirəm nə baş verməlidir ki, biz, nəhayət, hamılıqla ayağa qalxıb ABŞ-də uşaqların odlu silahlarla qətlinə son qoyaq.
Düşünürəm ki, biz bir xalq olaraq nəyin, həqiqətən, vacib olduğunu unutmuşuq. Hər irqdən və sosial təbəqədən olan bir çox gənclər qeyri-sabit bir dövrdə, sürətlə dəyişən texnoloji və siyasi dünyada gələcəklə bağlı ümid və istiqamətləri tapmaq üçün sabit lövbərlər və ya yol göstəriciləri olmadan böyüyürlər. Mənim nəslim hərəkətə keçməyin lazım olduğunu başa düşdü. Sizin nəsil isə köhnə düşüncə qəliblərindən kənara çıxmalı və dəyişən dünyaya çevik və ağıllı şəkildə uyğunlaşmağı öyrənməlidir.
Lakin bütün möcüzəli və gözlənilməz dəyişikliklərə baxmayaraq, inanıram ki, bəzi şeylər dəyişməz qalır. Həmçinin düşünürəm ki, həyatın bizə öyrətdiyi dərsləri gənclərə ötürmək hər bir böyüyün – valideynlərin, müəllimlərin, ruhanilərin və peşəkarların əsas borcudur. Siz gənclər bizi həyatda yaşadan və uğurlara aparan prinsipləri öyrənməli, gələcəyə doğru addımlayarkən heç vaxt tək olmadığınızı bilməlisiniz.
Oğullarım kolleci bitirib məzun olanda məktub yazmağa – onlara həyat dərslərindən ibarət mənəvi bir miras qoymağa qərar vermişdim. İndi o dərslərdən bir neçəsini sizinlə bölüşmək istəyirəm. Oğlanlarım kimi siz də bu tövsiyələri qəbul və ya rədd edə bilərsiniz.
1. Həyatda heç nə havayı verilmir. Əziyyət çəkmədiyiniz və mübarizə aparmadığınız nəyəsə haqqınız çatdığını düşünməyin. Və millətimizin öyrənməsinə kömək edin ki, dünya liderliyi keçmiş uğurlara və ya ritorikaya deyil, dəyişən qlobal ehtiyaclara necə cavab verdiyimizə və nə qədər yaxşı çıxış etdiyimizə əsaslanır. Ölkəmizdə irqçilik yenidən baş qaldırır və biz hamımız buna qarşı ayıq olmalıyıq. Yeni eyhamlar və evfemizmlərlə maskalansa da, Frederik Duqlasın bizi xəbərdar etdiyi kimi: “Bu, eyni köhnə ilandır”. Əgər aranızda kimsə dəri rənginə görə hər hansı üstünlüyə sahib olduğunu düşünürsə, xatırladım ki, yaşadığımız dünyanın üçdə ikisi ağ olmayan və yoxsullardan ibarətdir. Bizim ölkəmiz isə getdikcə daha çox müxtəlifləşir – anlamalı, hörmət etməli və işləməli olduğunuz rəngarəng bir mozaikaya çevrilir. Ümid edirəm ki, həmişə nailiyyət üçün çalışacaq və heç vaxt dayanmayacaqsınız. Heç vaxt tənbəlləşməyin. Ev tapşırıqlarınızı yerinə yetirin. Detallara fikir verin. İşinizlə bağlı qayğı və qürur hissi keçirin.
Öz şansınızı yaradın. Başqasının sizi kəşf etməsini və ya sizin üçün imkan yaratmasını gözləməyin. Heç bir qapının həmişəlik bağlı olduğunu düşünməyin. Qapının bu gün bağlı olması sabah da bağlı olacağı demək deyil. İtələməyə davam edin. Öyrənməyi və zehninizi inkişaf etdirməyi heç vaxt dayandırmayın, yoxsa geridə qalacaqsınız.
2. Qarşınıza diqqətlə götür-qoy etdiyiniz məqsədlər qoyun və onlara doğru səssizcə və sistemli şəkildə irəliləyin. Vacib bir sözünüz yoxdursa, danışmaq məcburiyyətində olduğunuzu düşünməyin. Tez həll yollarına, sadə cavablara, asan qazanca aldanmayın və onlara həmişə müqavimət göstərin, çünki onlar tez gəldikləri kimi tez də gedir.
3. Özünüzə tapşırıq verin. Atam bizi rahat buraxmazdı. Hər gün məktəbdən gələndə soruşardı: “Müəllim ev tapşırığı verib?” Əgər “Yox” desəydik, dərhal deyərdi: “Yaxşı, onda özünüzə tapşırıq verin”. Nə rəisinizin, nə dostlarınızın, nə də həyat yoldaşınızın sizin edə biləcəyiniz işi görməsini gözləyin.
Minimumla kifayətlənməyin. Nə həyatda, nə də ictimai-siyasi məsələlərdə kənarda dayanıb gileylənənlərdən olun. Səs verin. Demokratiya kənardan izləniləsi bir tamaşa deyil.
Ətrafınızda bir problem görəndə “Niyə bir çarə edən yoxdur?” deməyin, əvəzində özünüzdən soruşun: “Niyə mən nəsə etmirəm?”
4. Xahiş edirəm, təkcə pula görə işləməyin. Pul nə ruhunuzu xilas edəcək, nə yaxşı ailə qurmağa kömək edəcək, nə də gecə rahat yatmağınızı təmin edəcək. Amerika dünyanın ən varlı ölkəsidir, amma narkotik asılılıq və uşaq yoxsulluğu baxımından da liderdir. Heç vaxt sərvəti və ya şöhrəti xarakterlə səhv salmayın.
Mənəvi çürümə məsələsinə – istər ağ, istər qara, istər yüksək, istərsə də aşağı təbəqədə – laqeyd qalmayın, haqq qazandırmayın və ya buna dözməyin.
Ətrafınızda hamı etsə belə, narkotikdən istifadəyə və ya narkotik alverinə yol vermək olmaz, bu, düzgün deyil. Yalan danışmaq və aldatmaq da düzgün deyil. Dürüst olun. Sizi təmsil edənlərdən də dürüstlük tələb edin. Əxlaqı qanunla səhv salmayın. Doktor Martin Lüter Kinqin dediyi kimi: “Unutmayın ki, Hitlerin Almaniyada etdiyi hər şey qanuni idi, lakin düzgün deyildi”.
5. Risk etməkdən və tənqid olunmaqdan qorxmayın. Əgər tənqid olunmaq istəmirsinizsə, heç nə deməyin, heç nə etməyin, heç kim və heç nəyin də yiyəsi olmayın.
6. Valideynliyə və ailə həyatına çox ciddi yanaşın. Ümid edirəm ki, sizin nəsliniz oğlanlarını başqalarının qızlarına qarşı ədalətli olmağa və valideynlik məsuliyyətini təkcə çörək qazanmaqla deyil, həm də bölüşməklə yerinə yetirməyə öyrədəcək. Ümid edirəm, ailə ənənələrini qoruyacaq və övladlarınıza əxlaqi cəhətdən örnək olacaqsınız. Unutmayın ki, uşaqlar gördüklərini təkrarlayır və sizdən nə görsələr, onu götürəcəklər. Əgər siz kəsə yollara əl atsanız, onlar da atacaqlar. Əgər yalan danışsanız, onlar da danışacaqlar. Əgər bütün qazancınızı özünüzə xərcləyib cəmiyyətə heç nə verməsəniz, onlar da eynisini edəcəklər. Əgər siz irqçi, cinsiyyətçi və homofob zarafatlara gülür və ya belə aşağılayıcı şeyləri paylaşırsınızsa, yaxud onları susqunluqla qarşılayıb dözürsünüzsə, deməli, mənim nəslimin hələ də aradan qaldırmadığı bu zəhəri növbəti nəslə ötürmüş olursunuz. Buna yol verməyin və belə hallara göz yummayın. Başqalarını alçaldan heç bir davranışa dözməyin.
7. İçinizdəki həqiqi səsə qulaq asın. Deyilənə görə, çox az insan öz gözləri ilə görüb, öz ürəyi ilə duyur. Ümid edirəm ki, siz onlardan biri olmağa çalışacaqsınız. Çünki yalnız öz daxilində həqiqəti eşidənlər onu başqalarında eşidə bilərlər.
Həyat yaşamağa dəyər. Heç vaxt bunun belə olmadığını düşünməyin. Heç vaxt təslim olmayın. Heç vaxt ümidinizi itirməyin.
Həmişə fərq yaratmağa çalışın – bu nə qədər çətin olsa belə.
Siz məğlub da olacaqsınız, amma bunun əhəmiyyəti yoxdur. Yenidən ayağa qalxın. Deyildiyi kimi, insan çarəsiz qalanda Tanrı çox yaxındadır. Ona görə də həyatdan bərk yapışın, onu əlinizdən buraxmayın. Unutmayın ki, dünyada nəsə bir iz qoymaq üçün dərhal və ya, ümumiyyətlə, qalib gəlmək məcburiyyətində deyilsiniz.
Ona görə də bu yola çıxarkən iki şeyi yadda saxlayacağınıza ümid edirəm – birincisi, mənim qəhrəmanım Socorner Trut2 haqqındadır. O, köləliyə qarşı əsarətin hökm sürdüyü bir vaxtda qadınlarla kişilərə bərabər hüquqlar verilməsi uğrunda mübarizə aparırdı. Onun haqqında ən çox sevdiyim hekayə budur: Bir dəfə köləliyə qarşı çıxış edərkən ağdərili bir kişi onu ələ salmaq istəmişdi: “Ay kölə qarı, sənin bu köləlik əleyhinə danışmağın məni birə dişləməsi qədər narahat edir”. Qadın ona belə cavab vermişdi: “Ola bilər, amma Rəbbimin izni ilə səni hələ çox qaşındıracağam”.
Biz çox vaxt düşünürük ki, fərq yaratmaq üçün böyük, güclü və qüdrətli olmalıyıq. Amma kifayət qədər kiçik birələr quduz iti belə sanca bilər. Dünyanın mənəvi kompasını yenidən qurmaq üçün yeni hərəkata ehtiyacımız var. Amma bu yalnız strateji, inadkar, heç vaxt təslim olmayan birələr şəbəkəsi vasitəsilə baş verəcək. Ümid edirəm ki, siz uşaqlar üçün ədalət uğrunda çalışan o birələrdən olacaqsınız.
Yadda saxlamalı olduğunuz ikinci şeyi isə Şel Silverstaynın misraları ilə ifadə edirəm:
Dinlə, balaca, dinlə!
Yasaqlara qulaq as, namümkünləri dinlə,
Heç vaxt olmamışlara hər zaman diqqət elə,
Gəl danışaq səninlə:
Yoxlar var ola bilər, olmazlar olar hətta…
Sözümü Silverstaynın şeirinə bu əlavəmlə bitirəcəyəm:
Mümkünsüz bildiyin şey mümkündür bu həyatda!
Əgər bunu istəsən, onda çarpış bu yolda,
Ruhdan düşmə zərrəcə və heç vaxt təslim olma!
İndi isə buyurun. Dünyanı dəyişdirmək üçün yola çıxan hamınıza uğurlar arzulayıram.
Mənbə: “Həyatınıza istiqamət verəcək 30 nitq”, MİMTA Yayımları, 2025.
İngilis dilindən tərcümə və tərtib edənlər: Həmid Həmidzadə, Yunus Müşfiq.



