“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin şeiri” nominasiyası üzrə seçilən əsər Günel Natiqqızının “Bahar sətirləri” şeiridir. Xoş mütaliələr!
Qəlbdə buzlar əriyir,
Baharın nəfəsiylə.
Sətirlər dilə gəlir,
Təbiətin səsi ilə.
Baharla danışanda
Ulduzlar gülümsəyir.
Ayın üzünə baxıb:
“Günəşlə barış”, – deyir.
Əsən yellər əliylə
Otlara sığal çəkir.
Nəm torpağın köksündə
Rəngbərəng nağıl əkir.
Narın yağış deyir ki,
Ümid çiçək açacaq.
Buluda pıçıldayır:
“Hər şey yaxşı olacaq!”



