Xəbərlər

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun 2025-ci il üçün HESABATI

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu təsis olunduğu 2005-ci ildən Azərbaycan xalqının milli irsini, mədəni və tarixi dəyərlərini qorumaq, tanıtmaq  kimi vəzifələri öhdəsinə götürərək bu missiyanı məsuliyyətlə davam etdirir. Ötən 20 il müddətində Fond öz imkanları daxilində müxtəlif sahələrdə milli, mədəni dəyərlərimizi tədqiq edərək istər Azərbaycanda, istərsə də sərhədlərimizdən kənarda təbliğ etməyə, tanıtmağa müvəffəq olmuşdur. Ənənəyə sadiq qalaraq müxtəlif sahələrdə müsabiqələrin, təqdimat mərasimlərinin, görüşlərin və s. tədbirlərin təşkilini yola saldığımız il ərzində də davam etdirdik.

2025-ci ildə MİMTA Fondunun təsis etdiyi mətbu orqanların – “Füyuzat” və “İşıq” jurnalının müvafiq illik sayları nəşr olunaraq oxucuların istifadəsinə verildi. Jurnallarımızın hər ikisi cəmiyyətimizin taleyüklü məsələlərinə, ölməz dəyərlərimizə aid mövzuları oxucuların diqqətinə çatdırdı, xüsusən Vətən müharibəsinin ildönümü münasibətilə müvafiq mövzularda məqalələrlə cəmiyyətə, əsasən də gənc nəslə Azərbaycan sevgisini bir daha aşılamağa çalışdı. Həm “Füyuzat”ın, həm də “İşıq”ın yeni sayları oxuculara təqdim edildi.

“Füyuzat” jurnalında çap olunan yazılar əsasında iki kitab “MİMTA Yayımları”nda işıq üzü görüb – Vüqar Adil “Görünməyən gerçəklər” və Muxtar Cəfərli “Qəlbini nəsihətlə dirilt”. 2026-cı ilin nəşr siyahısına daxil edilən daha iki kitab layihəsi artıq nəşr prosesinə daxil edilmişdir. Jurnalın redaksiya heyətinin Bakı Biznes Universitetinin tələbələri üçün təşkil etdiyi “Düşüncədən hərəkətə” seminarı gənclərə vətən sevgisi və vətənpərvərlik ruhunun aşılanmasına yönəlmişdir. Həmçinin Azərbaycan Dillər Universitetində Beynəlxalq Jurnalistika tələbələri üçün “Füyuzat” jurnalının tarixi və bu gün yenidən təsis olunmasının əhəmiyyətindən bəhs edən seminar təşkil olunmuşdur.

Jurnalın elektron platforması “Fuyuzat.az” saytında 2025-ci il ərzində Fondumuzun amalına sadiq qalaraq milli-mənəvi dəyərlərimizin öyrənilməsi və təbliği istiqamətində yayımlanan yazılarda mədəniyyət ağırlıqlı yazılar və araşdırmalar üstünlük təşkil etmişdir. İl ərzində saytda müxtəlif istiqamətlərdə yeniliklərə imza atılmışdır: aktual mövzular ətrafında aparılan sorğular, müsahibələr və özəl açıqlamalar, dünya ədəbiyyatının seçilən imzalarından mütəmadi tərcümələr, yeni ədəbi-mədəni layihələr və s.prioritet istiqamətlər kimi ön plana çıxmışdır.

FUYUZAT tv-də isə  “Arxa plan”, “Kəlmələrin sehrində”, “Müəmmalar izində”, “Sənətkar deyəndə”, “Kitab adam”, “Əhval” və s. kimi ümumilikdə 20-ə yaxın veriliş yayımlanıb.

Kitab sahəsində fəaliyyətimizi daha da genişləndirmək məqsədilə gələcək nəşrlərimizin də planı tutulmuş, müəllif haqları ilə bağlı müqavilələr bağlanmış, yeni kitabların tərtibatı sahəsində işlərə start verilmişdir. Artıq Fondun fəaliyyət sahəsinin ayrılmaz parçasına çevrilən kitab nəşri işi bizim üçün xüsusi özəllik daşıyır. Belə ki, “MİMTA Yayımları”nda nəşr etdiyimiz bütün kitabları tərcümə, yaxud tərtib edərkən milli dəyərlərimizə, dövlətçiliyimizə ziyan verəcək fikirlərdən uzaq olunmasına diqqət göstərilir. Bu baxımdan kitab seçimi bizim üçün nə qədər çətin olsa belə, bir o qədər də uğurludur. Uğurlarımızın soraqçısı isə gündən-günə artan oxucu marağıdır.

Kitab nəşri ilə bərabər, çap olunmuş kitablarımızın bir neçəsinin audio versiyasını da hazırlayıb dinləyicilərə “litres.az”, “AudioKitab” tətbiqləri vasitəsilə təqdim etmişik. Artıq kitablarımızın səsli versiyalarını da tətbiqlərdən asanlıqla əldə etmək mümkündür.

İyulun 10-da Bakı Kitab Mərkəzində “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib. Toplu MİMTA Fondunun layihəsi əsasında British Petroleum (bp Azərbaycan) şirkətinin dəstəyi ilə “MİMTA Yayımları”nda nəşr olunub. Toplu XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və ədəbi həyatında mühüm rol oynamış mətbuat orqanlarından “Dirilik” jurnalının transliterasiya olunmuş saylarını əhatə edir. 1914–1916-cı illərdə nəşr olunan, ümumilikdə 28 sayı işıq üzü görmüş jurnal Azərbaycanda milli kimlik və maarifçilik ideyalarının daşıyıcısı kimi fəaliyyət göstərib. “Dirilik” məcmuəsi dövrün aparıcı fikir tribunalarından biri olmaqla yanaşı, həmçinin Azərbaycan xalqının milli özünüdərk prosesinə nəzəri və ideoloji əsaslar bəxş edib.

Noyabrın 4-də “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən konfrans milli mətbuatımızın 150 illik yubileyinə həsr edilib. Konfrans çərçivəsində jurnalistlər arasında keçirilən müsabiqənin mükafatlandırma mərasimi, həmçinin Azərbaycanın ilk qadın mətbu orqanı olan “İşıq” qəzetinin transliterasiya edilmiş toplusunun da təqdimatı keçirilib. Toplu, mətbuat tarixi, XX əsrin əvvəllərində Azərbaycanda qadın hüquqları, dövrün sosial-ictimai vəziyyəti və s. məsələləri araşdıran tədqiqatçılar, həmçinin qadın və ailə mövzusu ilə maraqlanan hər kəs üçün dəyərli bir qaynaqdır.

Noyabrın 28-də Naxçıvan şəhərində “Füyuzat” jurnalının üz qapaqlarına həsr olunan “Dəyərlərin işığında” sərgisi keçirilib. Sərgidə “Füyuzat” dərgisinin tarixi, fəaliyyəti və milli ideologiyası barədə geniş məlumat verilib, eyni zamanda jurnalın üz qapaqlarının hazırlanması prosesi, burada toxunulan istiqamətverici məsələlər və verilən mesajlar barədə məlumatlar ziyarətçilərlə bölüşülüb. Naxçıvana səfər çərçivəsində həmçinin Naxçıvan Hərbi Kollecində 44 günlük Vətən müharibəsinə həsr olunmuş görüş keçirilib. Eyni zamanda, Naxçıvan Dövlət Universitetində  MİMTA Fondunun təşkilatçılığı ilə “Vətənpərvər gəncliyin yol xəritəsi: Niyə, nəyi, necə oxuyaq?” mövzusunda seminar baş tutub.

Dekabrın 13də “Litera” kitab evində Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, tarixçi, yazar Əfqan Vəliyevin “Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabının təqdimat mərasimi baş tutub. Qeyd edək ki, kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin orta qrant müsabiqəsi çərçivəsində Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun “Əzəli yurd” layihəsi əsasında hazırlanıb. Azərbaycan və ingilis dillərində elektron formatı hazırlanmış bu kitab tarixi yaddaşın bərpası, milli kimliyin qorunması və gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və Qərbi Azərbaycan ideyasının elmi-ideoloji əsaslarını formalaşdıran mənbədir.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun mətbuat sahəsində görülən işləri dəyərləndirilərək Fondumuzun bir neçə əməkdaşı “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Hər il olduğu kimi, ötən il də Fondumuzun Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində istifadəyə verdiyi “Füyuzat Media Mərkəzi”ndə görüşlər keçirilmişdir. Tələbələrə dəstək mərkəzli bu maarifləndirici tədbirlərdə ziyalılarla, kitab müəllifləri ilə səmərəli görüşlər, seminarlar təşkil edilmişdir. Eyni zamanda “Litera” kitab evində “Dirilik” jurnalının transliterasiya olunmuş toplusu Bakı Dövlət Universitetinin Mətbuat Tarixi kafedrasının müəllim və tələbə heyəti ilə müzakirə edilmişdir.

Həmçinin MİMTA Fondunda istehsalat təcrübəsi keçəcək Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bir qrup tələbəsi Fondun qonağı olmuşdurlar. İstehsalat təcrübəsi zamanı MİMTA Fondunun yaranmasından və həyata keçirdiyi layihələrdən bəhs olunub, eyni zamanda “Füyuzat” və “İşıq” jurnallarının tarixi və bugünkü fəaliyyəti barədə geniş məlumat verilmişdir. Gələcəkdə belə görüşlərin sayını daha da artırmağı düşünürük. Çünki gənc nəslin milli ruhda, dövlətçilik ənənələrinə sadiq yetişməsi Fondun əsas prioritetlərindən biridir.  Buna uyğun olaraq, il ərzində istehsalat təcrübəsi keçmək üçün MİMTA Fonduna müraciət edən tələbələrlə mütəmadi görüşlər keçirilir, onların peşəkar inkişafı diqqət mərkəzində saxlanılır.