Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsis etdiyi “Füyuzat” dərgisinin bədii redaktoru, gənc araşdırmaçı-yazar Fidan Vahid III Beynəlxalq Türk Dünyası Gənc Akademisyənlər Konqresində iştirak edib. Daha öncə Ankara və Daşkənd şəhərlərində keçirilən konqres bu il may ayının 10–13-də Bakı şəhərində həyata keçirilib.
“Füyuzat” xəbər verir ki,konqres Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı, Türkiye Maarif Vakfı, Yunus Emre Enstitüsü və Azərbaycandakı Türkiyə Məzunu İş Adamları və Ziyalıları Platformunun dəstəyi, həmçinin 6 ölkədən 30 universitetin tərəfdaşlığı ilə təşkil olunur. Tədbir Xəzər Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin ev sahibliyi ilə baş tutub.
Konqresin əsas məqsədi Türk dünyasından universitetləri və gənc akademisyenləri bir araya gətirərək bilik mübadiləsini artırmaq, mədəni yaxınlaşmanı gücləndirmək, elmi əməkdaşlığı inkişaf etdirmək və ortaq intellektual mühit yaratmaqdır.
Fidan Vahid konqresə “Ayaz İshaqinin “Üyge taba” əsərində mədəni yaddaş və Türk kimliyinə qayıdış” mövzusunda araşdırması ilə qatılaraq məruzə edib və MİMTA Fondunun layihəsi əsasında nəşr olunan “Dirilik” məcmuəsini Gənc Akademisyənlər Birliyinə təqdim edib.







