Ədəbiyyat Xəbərlər

Yusif Həsənbəy – Mənim son sözüm olmayacaq

Tanınmış şair, Əməkdar incəsənət xadimi Yusif Həsənbəy 93 yaşında dünyasını dəyişib.
“Fuyuzat.az” şairin sənət dostlarının xatirələrindən seçmələri və onun səmimiyyəti ilə seçilən misralarını təqdim edir:

“Rəsul Rza Yusiflə Peredelkinoda tanış olduğunu söylədi. “Təvazökar, utancaq, başıaşağı oğlandı” dedi. Sonra o Yusifin əlyazmasından bir neçə şeirini oxudu. Anam da, Ənvər Məmmədxanlı da mövzuları tapıntı kimi qiymətləndirdilər. Qafiyələrin təzə, obrazların aydın və dəqiq olduğunu vurğuladılar. Bir neçə gündən sonra atam Yazıçılar İttifaqının Natəvan klubunda Yusifin şeirlərini plenium iştirakçılarına oxudu. Şeirlər alqışlarla qarşılandı. Beləliklə də, Yusif Həsənbəy böyük ədəbiyyata vəsiqə aldı…”
Anar

“Şair Yusif Həsənbəy ədəbiyyata gələn gündən öz şeirlərini – hətta sərbəst şeirlərini belə nəğmələr, mahnılar, təranələr üstündə kökləmişdir. O uzaq gənclik illərindən yadigar olan, bu gün də xalqın sevimli romansına çevrilmiş, sabah da könülləri oxşayacaq “Saçlarına gül düzüm” mahnısı Yusifin əsl nəğməkar şair olduğunu göstərir…”
Qabil

“Azərbaycan mədəniyyətinə fədai kimi xidmət göstərən xalqımızın ən gözəl nümayəndələrindən biri şair Yusif Həsənbəydir. O, bizim şeirimizdə korifey rütbəsi daşımağa layiq olan ən gözəl sənətkarlarımızdandır…”
Bəstəkar Arif Məlikov

Son söz
Axır nəfəsdə olsam,
Nə deyim son sözümdə?
Düşünürəm,
Bilə bilmirəm özüm də.
Bir şeyi bilirəm ancaq,
Son sözüm –
Son arzumdur.
Milyon-milyon arzumdur.
Mənim son sözüm olmayaq…

Həyat gözəldir
Əvvəl üç otaqdaydım,
İndi bir otaqdayam,
Həyat gözəldir!
İpə-sapa yatmayan mən,
İndi yataqdayam.

Həyat gözəldir!
Həkimlər zalım,
Dərmanlar baha,
Həyat gözəldir!

Ümid yox bu gündən
Çıxım sabaha,
Həyat gözəldir!

Sürüşkən balıqdır,
Çıxır əlimdən,
Həyat gözəldir!

Xoşbəxtdir ölənlər,
Qəfil ölümdən
Həyat gözəldir!

Bahar gəlir
Yazdı, quş-quşu çağırır,
Tumurcuq bala çıxarır.
Yeri dardı arx çığırır,
Ot-ələf basır çığırı
Bahar gəlir!

Günəş isidir dağ-daşı,
Sarmaşıq şaxa dırmaşır.
Külək çalır saz qamışı,
Saz dimdiyidir hər quşun,
Bahar gəlir!

Quruyur yolda palçıqlar,
Köçür dağa alaçıqlar.
Alışır köhnə ocaqlar,
Bir yaş bürüyür uşaqlar!
Bahar gəlir!

Günəş yerə açır qucaq,
Göydə buludlar da ağ-ağ!
Külək rəvan, meh yumuşaq,
Qış bu eldən düşür qaçaq!
Bahar gəlir!