Xəbərlər

Bakıda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilib

Mayın 14-də “Gülüstan” sarayında keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyası öz işinə başlayıb.

“Füyuzat” xəbər verir ki, dünya əhalisinin 80%-ni təmsil edən Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarından, ümumilikdə 110-dan çox ölkənin QHT nümayəndələri tədbirdə bir araya gəlib. Mötəbər tədbirdə Milli
İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov iştirak edib. Qeyd edək ki, şəhərsalma mövzusuna toxunulan platformada tarixi-mədəni irsin qorunması və milli memarlıq ənənələrinin müasir şəhər infrastrukturunda yaşadılması MİMTA Fondunun əsas diqqət mərkəzində olan məsələlərdəndir.

Gün ərzində müxtəlif panellərlə davam etmiş Baş Assambleyada təşkilati məsələlər diqqət mərkəzində olub.

Belə ki, GSNP-nin ilk Baş Assambleyasında təşkilata növbəti 5 il ərzində rəhbərlik edəcək Baş katib, eləcə də Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən 4 müavin seçilib.

Xatırladaq ki, platformanın yaradılmasına əsas məqsəd Qlobal Cənub ölkələrində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında əməkdaşlığı gücləndirmək və beynəlxalq müstəvidə ortaq problemlərin həlli üçün vahid səs yaratmaqdır.