Sənətşünas alim Qalib Qasımov, media eksperti, Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun qonağı olub.
“Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu və araşdırmaçı-yazar, “FÜYUZAT tv”nin aparıcısı Tural İsmayılov qonaqla görüş keçirib.
Görüşdə MİMTA Fondunun yaranmasından və həyata keçirdiyi layihələrdən, eyni zamanda “Füyuzat” və “İşıq-qadın” jurnalları, onların tarixi və fondun bugünkü fəaliyyətindən bəhs edilib. “Füyuzat” irsinin dünən və bu gün etibarilə dövlətimizin hər zaman yanında olduğu qeyd edilib. Bundan sonrakı hədəf və məqsədlər, MİMTA Fondunun milli dəyərlərin təbliği istiqamətində atılacaq addımlarından danışılıb.
Qeyd edək ki, görüş zamanı qonağa 1914–1916-cı illərdə nəşr olunan “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusu, “Füyuzat” və “İşıq-qadın” dərgiləri hədiyyə olunub.
Sonda qonaqlar öz növbəsində MİMTA Fonduna, “Füyuzat” və “İşıq-qadın” jurnallarına, eyni zamanda “FÜYUZAT tv”yə fəaliyyətində uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür ediblər.




