Nuridə İsmayıl
Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatında yalnız poeziya, dramaturgiya və publisistika sahələrində deyil, həm də monoqrafiya və elmi-tənqidi məqalələri ilə silinməz iz qoymuş nadir şəxsiyyətlərdəndir. Onun ədəbi-tənqidi fikirlərini təhlil etmək üçün elmi məqalə və müəllifi olduğu monoqrafiyaları ilə yanaşı, həm də bədii yaradıcılığına diqqət yetirmək lazımdır. Çünki şairin tənqidi fikirləri şəxsi təcrübəsindən, yaradıcılıq tərzindən, şair Bəxtiyarla alim Bəxtiyarın sintezindən qaynaqlanır. Bu baxımdan sənətkarın ədəbi-tənqidi irsi bugünkü və gələcək nəsillər üçün əvəzsiz mənbədir.
Vahabzadəni peşəkar tənqidçi kimi səciyyələndirən tənqidi yazılarının toplandığı kifayət qədər əsərləri var; bunların böyük qismi Səməd Vurğun yaradıcılığına həsr olunub. Sənətkarın Səməd Vurğun yaradıcılığına dönə-dönə müraciət etməsinin bir səbəbi onun Azərbaycan ədəbiyyatında tutduğu mövqe, digər səbəbi isə şairin yaradıcılığına Səməd Vurğunun təsiri ilə bağlı idi (Telmanqızı, 2010, s. 79). Sevindirici haldır ki, Vahabzadənin ədəbiyyat və sənətlə bağlı yazdığı məqalələrin böyük qismi Ramazan Qafarlının redaktorluğu ilə seçilmiş əsərlərinin 10-cu cildində toplanmışdır. Bu onun ədəbi-tənqidi düşüncələrinə bütöv bir sistem şəklində nəzər salmaq cəhətdən əhəmiyyətlidir.
Bəxtiyar Vahabzadə bədii yaradıcılıqda öz yolu olan sənətkardır, orijinallığı və dahiliyi şairliyindədir. “Bəxtiyar Vahabzadə bu dünyaya şair kimi gəlmişdir – onun nəinki lirik şeirlərində, dramatik, epik əsərlərində də fon, kontekst şairlikdir” (Cəfərov, 1996, s. 18). Lakin unutmamalı ki, əsəri, xüsusən şeiri bir ədəbiyyatşünas alim kimi yüksək səviyyədə təhlil etmək üçün tənqidçinin bədii təfəkkürü də yüksək səviyyədə olmalıdır. Belə ki, təfəkkürü bəsit didaktizmdən o yana getməyən şair üçün Nizami əmək tərənnümçüsü, lakin məhəbbət poeziyasından yazan şair (alim) üçün eşq vurğunudur. Vahabzadə üçün isə Nizami hüdudsuzluqdur. Çünki şair özü də hüdudsuzdur – sözünün kəsərində, acılığında, şirinliyində, nəsihətdə, tənqiddə, vətənpərvərlikdə…
Şairin Nizamini yüksək qiymətləndirməsinin ilk səbəbi onun bəşəriliyidir. Nizaminin fikirlərinin aliliyi və bəşəriliyi əsərlərinin yazıldığı fars dilini belə bu bəşəri dəyər qarşısında sönük göstərir. Eyni zamanda onun xalq ruhuna yaxın yazması, yaradıcılığının həyatla folklordan qaynaqlanması müəllifin şairə yüksək qiymət verməsinə zəmin yaradır. Şair Nizami sənətində məhz onun əbədiyaşarlığını təmin edən cəhətləri xüsusi olaraq vurğulamışdır. Tənqidçi Nizamini “hüdudsuzluq ölçüsü” (Vahabzadə, 2009, s. 19) adlandıraraq qeyd edir ki, onun obrazlarının “kədərinin də ölçüsü yoxdur, fərəhinin də…” (Yenə orada, s. 20). Bu fikir Nizami hikmətini, biliyini, sənətkarlığını ən mükəmməl və lakonik şəkildə ifadə edir. Hazırda texnologiyanın təfəkkürü məhdudlaşdırdığı bu çağın insanı üçün Nizamini maraqlı edən onun zəhmətin vacibliyi ilə bağlı fikirləri, nəsihətləri və ya “Kərpickəsən kişi” ilə “Ağıllı uşaq” yox, məhz sərhədsizlikdir. Nizami ən mübhəm nöqtələrə qədər düşünə bilir, ən müxtəlif elmlərə baş vurur, qafiyədən qafiyəyə pərvazlanır. Qısacası, “onun qalxdığı zirvə, endiyi dərinlik hüdudsuzluqdur” (Yenə orada, s. 19). Bəxtiyar Vahabzadənin tənqidi görüşlərinin geniş şərh olunduğu “Şairin ədəbi görüşləri” kitabında qeyd olunur ki, Nizami Gəncəvi haqqında indiyə qədər çox yazılıb və Vahabzadənin yazısından yeni bir kəşf gözləmək düzgün olmaz, amma diqqətçəkən cəhət məhz XX əsr şairlərinin orta əsr sənətkarı qarşısında heyrətidir (Dəmirli, 2000, s. 36). Bəxtiyar Vahabzadə digər sənətkarların yaradıcılığını səciyyələndirən elə fikirlər söyləyir ki, bunlar həmin söz ustaları haqqında bir monoqrafiya səviyyəsində məlumat verir, dünyagörüşlərini sərrast ifadə edir. Onun “Satirik Sabir lirik Füzulidir” (Vahabzadə, 2009, s. 56), “Sabirin alovu uğrunda yandığı xalqına çatmış…, Hadinin alovu isə xalqına çatmamışdır. O, xalqdan uzaq, hücrə bir guşədə yanan çırağa bənzəyir” (Yenə orada, s. 104) kimi tezis və müqayisələri dərin müşahidə, mütaliə və tənqidçi həssaslığından irəli gəlir.
Sənətkar bəzən tənqidi məqalələrində şairlik mövqeyindən yanaşaraq şeirlərdə forma məsələlərinə də irad və düzəlişlərini bildirir. Lakin o düzəlişlər ki, fikrin sərrast ifadəsini təmin etsin. O, “Naşı yetmiş iki hava çalmaqdan; Ustad bircəsini çalsa, bəsimdir” parçasının ilk misrasında “çalmaqdan” yerinə “çalınca” yazmağı məsləhət görür (Yenə orada, s. 530). Amma Vaqif Səmədoğludan bəhs edərkən qafiyələnməli olduğu halda, həmqafiyə olmayan sözlərə düzəliş təklif etmir: “Burada fikir o qədər gözəl, yığcam və şairanə deyilib ki, mən “kədərlə” “səbrin” qafiyə olmadığının fərqinə də varmıram” (Yenə orada, s. 507). Deməli, fikir, məna xatirinə arada formanı pozmaq olar. Amma Vahabzadə formasızlığın, ölçüsüzlüyün də əleyhinə idi. Şair forma-məzmun məsələsində məzmuna üstünlük versə də, forma (vəzn) məhdudluğunun məzmunu geniş əks etdirməyə imkan verdiyini vurğulayır, çünki vəzn “fikri lakonikləşdirir, yığcamlaşdırır” (Yenə orada, s. 176). Məhz bayatıları da bu cəhətdən üstün hesab edir – az sözlə çox mətləb ifadə etmək. O nədən danışırsa danışsın, folklora və bayatı janrına dəfələrlə toxunur və bu kiçik janrın imkanları qarşısında heyrətini ifadə edir. Bu da şairin özünəməxus yaradıcılıq üslubu və dünyagörüşündən irəli gəlir. Müəllif özü də xalqın dil və təfəkkürünü əsərlərində ən yüksək səviyyədə nümayiş etdirmiş, sözçülükdən uzaq olmuş və hər misrasında dərin mətləblərə toxunmuşdur – hər bayatı bir roman mövzusu olduğu kimi (Yenə orada, s. 87). Klassiklərimizin əsas sənət məziyyətlərindən birinin folklora bağlılıq olduğunu göstərən şairin öz yaradıcılığının da mühüm tərəflərindən biri şifahi xalq ədəbiyyatına bağlılıqdır. O, folklordan həm yaradıcı şəkildə faydalanmış, həm də onu olduğu kimi əsərlərinə daxil etmişdir (Əsgərli, 2022, s. 47).
Tədqiqatçı dil məsələsinə xüsusi önəm verirdi. Çünki sənətkarın dili hər şeydir. Dil təfəkkür, dünyagörüşü, xalqın mənəviyyatının əksidir. Vahabzadə dilin keşiyində bütün xalq durmalıdır məntiqindən çıxış edərək dildə işlənən alınma sözlərin milli qarşılığını işlətməyi önəmli hesab edirdi. Eyni zamanda o, kəlmələrə zərgər dəqiqliyi ilə yanaşmağı bacarır, “təsir etmək” və “yer etmək”, “davam gətirmək” və “duruş gətirmək” ifadələrinin mənalarını əsl yazıçı kimi fərqləndirirdi (Vahabzadə, 2009, s. 304–305). Təbii ki, bunlar dilçilik elminin tədqiqatına aiddir. Lakin birincisi, ədəbi tənqidin klassik nümunələri məhz dilçilik aspektindən təhlilə geniş yer verirdi. İkincisi, qeyd etdiyimiz kimi, şair dildəki ayrı-ayrı leksik vahidlərdən bəhs edəndə belə məsələyə dilçi-alim kimi deyil, məhz sənətkar, söz sərrafı kimi yanaşırdı. Bu cəhətdən onun fikirləri maraqlıdır.
Bəxtiyar Vahabzadə ədəbiyyat nəzəriyyəsinin aktual məsələləri ilə bağlı fikirlərini də bu və ya digər formada qeyd edir. Məsələn, satiranın ayrıca ədəbi növ olması ilə bağlı şairin konkret mülahizəsi olmasa da, o, “eybəcərliyin inkarı gözəlliyin təsdiqidir” fikrinə əsasən, Sabirin də gözəlliyə xidmət etdiyini vurğulayır (Yenə orada, s. 129) və onu Füzuli ilə eyniləşdirir. Deməli, sənətkar satiranı ayrı növ hesab etməmişdir. Vahabzadənin bu mövqeyi ədəbiyyatşünaslıq üçün, bəlkə də, çox böyük əhəmiyyət kəsb etmir. Lakin satiranın ən qüdrətli nümayəndəsi haqqında qeyd etdiyi fikir maraqlıdır.
Bəxtiyar Vahabzadə bir tənqidçi kimi ədəbi prosesi ardıcıl izləyir, ədəbi prosesdə rast gəldiyi sözçülük, mücərrədlik, ümumilik kimi nöqsanları qeyd edirdi. Bunun səbəbini isə bir şair kimi çox dəqiq bilir: sənətkarın bilmədiyi, dərindən duymadığı, yaşamadığı aləmdən yazması bu səhvlərə gətirib çıxarır (Yenə orada, s. 245). O, bəzən nöqsanlardan sükutla keçir. Qabilə həsr etdiyi məqalənin sonunda onun bəzi xətalarının olduğunu yazsa da, bunları göstərmir (Yenə orada, s. 253). Çünki Qabil poeziyasının sehri böyük, sənətkarlıq qüdrəti sonsuzdur və tənqidçi Qabili məqalə səviyyəsində təhlil edir. Burada isə həcm məhdudiyyəti var. Amma Səməd Vurğunu monoqrafiya səviyyəsində təhlil etdiyinə görə üstünlük və çatışmazlıqları tam göstərir. Yazıçı tənqidində, hətta bəzən tənqidçi tənqidində janrlarda sinkretiklik müşahidə olunsa da (Sultanlı, 2019, s. 20), göründüyü kimi, Vahabzadədə əksərən janrlar arasında sərhəd aydın olur. Onun tənqidin konkret janrlarında dəyərli yazıları var. Monoqrafiya janrında Səməd Vurğunla bağlı yazdığı monoqrafiyalar, “Mənim rəyim”, “Qəribə hekayələr”, “Sənət sənət üçündür, yoxsa xalq üçün”, “Xoru millət oxusa” rəyləri, “Zaman və mən”, “Bilmirəm bu millətə vəkil etdi kim məni?!”, “Sovet ədəbiyyatı və sovet dövrü ədəbiyyatı” müsahibələri, Füzulinin 500 illik, Məmməd Arazın 60 illik yubiley gecələrindəki çıxışlar, Çingiz Aytmatova, Elməddin Əlibəyzadəyə, Qəzənfər Paşayevə, Mövlud Süleymanlıya açıq məktublar, Cavad Heyətə, Yaşar Qarayevə həsr etdiyi ədəbi portretlər və başqa xeyli sayda yazıları, esseləri, yol qeydləri, ədəbi icmalları onu birmənalı şəkildə tənqidçi kimi təqdim etməyə imkan verir. “Xoru millət oxusa” yazısında müəllif Yusif Nəğməkarın ən orijinal şeirlərindən birinin mahiyyətini başlıq kimi seçir. Çünki tək bircə “Xor” şeiri Yusif Nəğməkara əsl istedad sahibi demək üçün kifayətdir. Sənətkarın müsahibələri də olduqca maraqlı və kəskin fikirlərlə yadda qalır. Məlumdur ki, əksər ədəbi müsahibələrdə bu standart sual müəlliflərə verilir: ədəbiyyatın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Vahabzadənin bu tip suallara cavab olaraq gənc ədəbi nəsli daim müdafiə etməsi və fərqliliyi normal qəbul etməsi rəğbət doğurur. Amma bir şərtlə: “Əllaməlik eləmədən öz yolları, cığırları ilə getsələr, çox gözəl alınar” (Vahabzadə, 1999, s. 180). Çünki şairin öz yaradıcılığı da zəngin ənənəyə əsaslanan, güclü novatorluq keyfiyyətləri ilə seçilən orijinallığa sahibdir (Əsgərli, 2022, s. 17).
Bəxtiyar Vahabzadənin nəzəri fikirlərinə diqqət etsək, görərik ki, onun yazıçıdan bir sıra tələbləri var, bunlardan biri də zamanın elmlərindən xəbərdar olmaqdır. Belə olmasa, zəmanə insanlarının ruhuna təsir edəcək ədəbiyyat yaranmaz. Təbii ki, yalnız dövrün konkret bir elmi hadisəsini əsərə gətirməklə o əsəri bəşəri və daimi yox, yalnız dövrü üçün aktual etmək olar. Belə əsərlər hadisə köhnələn kimi yaddan çıxır. Bəxtiyar Vahabzadə yaradıcılığı ilə bu məsələyə də işıq salmışdır. Şairin “Baş” şeiri ona görə bu gün də aktualdır ki, müəllif zamanın hadisəsini bəşəri məsələlərlə sintez etmiş, əslində, bəşəri məsələyə dövrün kəşfi kontekstindən yanaşmışdır. Şair yazır ki, istedad başqalarının baxıb görə bilmədiklərini görməkdir. Həqiqətən, o, zamanının bu elmi hadisəsinə bəşəri və mənəvi cəhətdən yanaşmaqla əbədi yaşamaq hüququ qazanmış bir şeir yazır:
Yaşamaq xətrinə fikri dəyişmək,
Məsləki dəyişmək yaşamaqmıdır?..
Şairin “Qıfıllar” şeiri də bu cəhətdən diqqət cəlb edir. Bu şeirdə də o, faktın mahiyyətində dərin mətləblər duyaraq ona siyasi məna yükləyir. Məhz buna görə şair “bənzərsiz poetik zəkaya məxsus nadir istedad fatehi” hesab olunur (Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, 2016, s. 109).
Vahabzadə gənc yazarlara birmənalı məsləhətlər verirdi: yenilik və fərqlilik yaratmaq. O qədər fərqlilik ki, yeni nəsil qələm sahiblərinin heç biri bir-birinə oxşayıb bir-birini təqlid etməsin. Həm də o, yaradıcı şəxsləri əbədiyaşarlığın əsas şərtlərindən biri olan kökdən, xalqdan, xalqın ədəbiyyatından qopmamağa səsləyirdi. Nəsillərarası təfəkkür uçurumunu şair gözəl ifadə edir:
Biz öz atamıza deyərdik bir vaxt:
“Unutma, hər günün öz hökmü var ha!..”
İndi oğlumuza deyirik ancaq,
“Gəl təzə nırx qoyma köhnə bazara!”
Şairə görə, kökünü danmadan, ona arxalanaraq, ilhamına güvənərək təzə söz deməlisən, təzə söz demək xətrinə və ya özgə millətləri yamsılayaraq yox. Sənətkarın yenilik xətrinə dolaşıq söz yazanlara qarşı iradları bu gün mənasız və anlaşılmaz sözçülüyə varıb yazanları nəzərə alsaq, yenə aktualdır. “Ədəbiyyatı həmişə ədəbiyyatbazlıq məhv edibdir” (Vahabzadə, 2009, s. 283). Vahabzadə ədəbiyyatbazlıq etməkdən uzaq olan, əsl sənət nümunələri yaradan sənətkarlara rəğbətini bildirir. O, Məmməd İsmayılın poeziyasını təhlilə çəkərkən yazır: “Məmməd İsmayılın şeirlərinin özünəməxsusluğunu açmaq onun mövzularında başqa şeirlər yazmaqdan çətindir. Çünki onun şeirləri ağıla deyil, hissə yönəlir. Ağıla yönələn şeirləri ağıl və məntiqlə açmaq, izah etmək asandır, lakin hisslə, həyəcanla yazılan şeirləri açmaq üçün həmin şeirlərin müəllifi olub müəllifin özü kimi həyəcanlanmaq, vəcdə gəlmək lazımdır. Bir sözlə, onun şeirləri izaha, təhlilə çətin gəlir” (Yenə orada, s. 684). Burada Vahabzadə Xətib Təbrizinin “Şeiri təhlil etmək onu yazmaqdan çətindir” (Sultanlı, 2019, s. 53) tezisinin davamı kimi ağıla və hissə əsaslanan şeirlərin təhlil fərqlərini göstərir və Məmməd İsmayılın böyük sənətkarlıq istedadını göstərən poeziyasına lazımi dəyəri verir.
Müəllif özü nasir olmasa da, ölkəmizdən və digər türk dövlətlərindən olan nasirlərin bədii əsərlərinə də toxunur, bu sahədə də kifayət qədər tutarlı fikirlər söyləyir. Bircə fakta nəzər salaq: şairin Anarın yaradıcılığını sevməsinin ilk səbəbi onun yaradıcılığındakı psixologizmdir. Həqiqətən də, yaradıcılığında dərin psixologizm olan sənətkarların əsərlərinin digər məziyyətləri bu cəhətin kölgəsində qalır. Mirzə İbrahimov, Süleyman Rəhimov, Elçin, Mövlud Süleymanlı, Çingiz Aytmatov bədii nəsri Vahabzadənin təhlil obyektlərindəndir.
Bəzən şairin tənqidi düşüncələrində ziddiyyətlərlə qarşılaşırıq ki, bu da sənətkarın ədəbiyyat tarixindəki və ədəbi tənqiddəki nüfuzuna əsla xələl gətirmir. O, Vaqif Mustafazadə ilə bağlı yazdığı “Təəssüf” məqaləsində bir vaxtlar Mustafazadənin musiqidə novatorluğunu və böyüklüyünü anlamadığını etiraf edir və özünü günahkar hiss edir. Sənətkar səhvini etiraf etməklə böyüklüyünü qoruyur. Və yaxud müəllif Sabiri ən böyük ustadı hesab edir (Vahabzadə, 2009, s. 129), eyni zamanda başqa məqaləsində yazır ki, satiranı heç vaxt böyük ədəbiyyat hesab etməyib (Yenə orada, s. 822). Vahabzadə özü “lirik şair satirik şairi özünə necə ustad hesab edə bilər?” sualını qoymuş və cavabını belə vermişdi ki, onu bütün yaradıcılığı boyu narahat edən sualların cavabını Sabir və Mirzə Cəlildə tapıb (Yenə orada, s. 108). Deməli, Sabiri ustad saymasının səbəbi ifadə tərzi yox, əqidə birliyi idi. Amma digər bir məqalədə Şəki şəhərinin “müdrik gülüşümüzün” məskəni olmasını, Mirzə Fətəli Axundzadə, Sabit Rəhman kimi komediya ustalarının Şəkidən çıxdığını xüsusi vurğulayır və ağıldan doğan mənalı gülüşdən bəhs edir (Yenə orada, s. 594). Şair hisslərində həmişə düşündürücülüyə, ciddiliyə, ağırlığa kökləndiyini, nəticədə musiqidə cazı, ədəbiyyatda satiranı böyük saymadığını, maraqlanmadığını yazır. Ən vacibi isə bununla birtərəflilik göstərdiyini, janrları “yüngül” və “ağır” deyə qarşı-qarşıya qoymağın düzgün olmadığını qeyd edir (Yenə orada, s. 822). O burada yenə öz düşüncələrində düzgün hesab etmədiyi cəhətləri etiraf edir. Sənətkar yaradıcılıq axtarışlarını və bu yolda edilən səhvləri güzəştlə qarşılayır. Onun “Axı dünya fırlanır” şeiri isə sanki etirafdır. Yəni “dünən düz saydığını bu gün əyri sanan” şairi qınamayın. Dünya fırlanır, dövran dəyişirsə, insan təfəkkürü inkişaf edirsə, fikir dəyişikliyi də mütləqdir.
Vahabzadə daha çox özünə əqidəcə yaxın sənətkarları təhlilə çəkir və yüksək qiymətləndirirdi. Onun Mehmet Akif Ərsoyu “ustad şair” adlandırması, Xəlil Rza, Mirzə Cəlil, Çingiz Aytmatova rəğbət bəsləməsi təsadüfi deyil. Lakin bu o demək deyil ki, sənətkarın tənqidi yalnız tərənnüm və mədhdən ibarətdir. Bu onun həm elmi, həm də bədii yaradıcılığı üçün yaddır. Məsələn, o, Məmməd Rahimin “Xəzər sularında” poemasını təhlilə çəkib kəskin tənqid edir – həm forma, həm məzmun etibarilə. “Buradakı ifadə xətaları, məntiqsizlik bir yana qalsın, obrazın düşüncəsinin dayazlığına, mənəvi yoxsulluğuna adam təəccüb edir” (Yenə orada, s. 275). Məmməd Rahimin nöqsanı obrazın mənəvi aləmini verə bilməməsidir. Belə obraz isə oxucunun qəlbinə yol tapa bilməz. Tədqiqatçı yazır ki, Məmməd Rahim neftçıxarma üsullarını, texniki qaydaları təsvir etməklə işini bitmiş saymışdır. Amma “Ədəbiyyatın vəzifəsi bu texnikaya sahib olan insanın mənəviyyatını, taleyini göstərməkdir” (Yenə orada). Göründüyü kimi, Məmməd Rahim sovet ideologiyasının tələblərinə uyğun əsərlər yazmaqla bədii irsini kəmiyyətcə artırsa da, bu gün onun yazdıqları da, özü də aktual deyil. Çünki şairin dediyi kimi, onun əsərlərində qəhrəmanların mənəvi aləmi yoxdur. Belə sənət əsərləri isə ən yaxşı halda müəllifi ölənə qədər yaşayır.
Bəxtiyar Vahabzadə isə sənətkarın əsərlərini o halda yüksək sayır ki, bu əsərlər onların özündən sonra da yaşasın. Onun tatar şairi Musa Cəlil haqqında dediyi “sənət inciləri ilə ölümü çoxdan öldürmüşdür” (Yenə orada, s. 212) fikri dəyərlidir. Şair Türk dünyasında tanınan digər müəllifləri də yüksək qiymətləndirir. Onun Yunus Əmrə, Qabdulla Tukay, Çingiz Aytmatov, hətta Ukrayna şairi Petro Qoretski və yuqoslav şair Tone Pavçekə həsr etdiyi məqalələr sənətkarın əsl sənət əsərlərinə olan həssas münasibətini göstərir. Onu bu şəxslərdən yazmağa vadar edən səbəblər var. Tone Pavçeki adi hadisələrə fəlsəfi yanaşmasına görə, Yunus Əmrəni millilikdən çıxıb bəşəri hisslərlə yaşadığına görə, Qabdulla Tukayı həm yaradıcılıq məfkurəsinə, həm də məhz Sabirə bənzətdiyinə görə təqdir etmişdir. Diqqətimizi çəkən cəhət odur ki, bu xüsusiyyətlər şairin öz yaradıcılığı üçün də səciyyəvidir. Vahabzadə Çingiz Aytmatova xüsusi ehtiramla yanaşır. Çünki onun məfkurəsi ali və bəşəri, ifadə forması gözəldir. Aytmatov “planet səviyyəsində düşünür” (Yenə orada, s. 462). Onu təhlil edərkən artıq müəllifin də yazı üslubunda emosionallıq nəzərə çarpır: “Ağıl üzərinə hücum! İnsanı düşünməyə qoymamaq, şəxsiyyəti və fərdiyyəti öldürmək! Bax budur dünya ağalığı üzərində mübarizə aparan hər cür imperializmin ən kəskin silahı!” (Yenə orada, s. 459). Çünki imperializmin mənəviyyatını öldürə bilmədiyi şəxsiyyətlərdən biri “Gün var əsrə bərabər” romanında Yedigey idisə, Azərbaycanda da elə Bəxtiyar Vahabzadə idi. O, sovet dönəmində “zaman və məkanı dəyişməklə sözünü demək üsulu”ndan istifadə edərək kəskin ruhlu əsərlər yazır və çap etdirirdi (Yenə orada, 2009, s. 631). Şairin məqsədi “millətin süni şəkildə aşınmağa” (Əsgərli, 2022, s. 12) məruz qalmasının qarşısını almaq idi.
Bəxtiyar Vahabzadə həm də yüksək zövq sahibi sənətkar olmuşdur. O, məqalələr həsr etdiyi müəlliflərin ən dərin misralarını nümunə göstərmiş, həm də bu müəllifləri onların yaradıcılığında sistem təşkil edən xüsusiyyətlər fonunda, onların dünyagörüşü kontekstində təhlil etmişdir. Məhz buna görə də tənqidi görüşlərində yanılmamışdır. O, Vaqif Səmədoğlunu təhlil edərkən novatorluqla bağlı bəzi maraqlı fikirlərini qeyd etmişdir. Həqiqətən, Vaqif Səmədoğlu klassik ənənədən kənara çıxdığı şeirlərində də insan qəlbinin ən mübhəm nöqtələrinə toxunur, hiss etdiyimiz, amma sözə çevirə bilmədiyimiz duyğulara işıq salır. Tənqidçi yazır: “…Novatorluq deyilişdəki təzəliklə bərabər, gözəllikdə və aydınlıqdadır. Deyim ədası əgər eybəcərdirsə və aydın deyilsə, o, novatorluq ola bilməz. Çünki ədəbiyyat mütəxəssislər üçün deyil, xalq üçün yaradılır” (Vahabzadə, 2009, s. 508). Şair ona görə belə yazır ki, Vaqif Səmədoğlunun əvvəlki yaradıcılığında duman hiss edirmiş və indi bu duman çəkilib. Beləliklə, sənətkarın poetik axtarışlarını yüksək dəyərləndirir. Məhz bir tənqidçi kimi şairin ən humanist cəhəti daim güzəştə getməsidir. Çünki təhlilə cəlb etdiyi sənətkarlarda yaradıcılıq işığını görür, bir ustad kimi nəsihətlərini verir və özünü də yaradıcılıq yolundakı axtarışlar zamanı nöqsanlardan xali hesab etmir. Deməli, əsl sənətkar olmaq üçün daim axtarmalısan, istedad hər şey demək deyil. İstedad digərlərinin baxıb görə bilmədiyini görməkdir. Tədqiqatçı Nəriman Həsənzadə ilə bağlı belə yazır: “Onun şeirləri həmişə məni isidib, həmişə düşündürüb, görə bilmədiklərimi mənə göstərib” (Yenə orada, s. 383). Yəni müəllifə görə, Nəriman Həsənzadə istedad sahibi şairdir, “ədəbiyyatbaz” deyil.
Bəxtiyar Vahabzadə tərcümə sənətindən bəhs edərkən qeyd edir ki, şeiri bir dildən başqa dilə birinci növbədə şair tərcümə etməlidir, amma hər şair yox, dünyagörüşü, zövq etibarilə tərcümə etdiyi müəllifə uyğun gələn şair. Əslində, ədəbi əsərləri (xüsusən şeiri) yalnız tərcümə edən yox, eyni zamanda təhlil və tənqid edən alim də dünyagörüşü baxımından müəllifə yaxın olmalıdır. Vahabzadənin tənqidi görüşləri təkcə onun təfəkkürü, yaradıcılığı və müşahidə qabiliyyətindən deyil, həm də şəxsiyyətindən qaynaqlanır. Məsələn, Xəlil Rza Ulutürkdən bəhs edərkən şairi ucaldan ən xarakterik cəhəti göstərir: “şəxsiyyət ilə yaradıcılıq eyniliyi” (Yenə orada, s. 366). Müəllif bunu asanlıqla müəyyən edə bilir, çünki həmin xüsusiyyət ona da xasdır… Onun lirik qəhrəmanı vətəndaş ləyaqəti ilə seçildiyi kimi, tənqidi sətirlərdə də məhz vətəndaş mövqeyində duran, sifarişlə deyil, tələbatdan yazan və şəxsi müşahidələrin yetişdirdiyi tənqdiçi obrazı görürük.
Beləliklə, Bəxtiyar Vahabzadənin ədəbi-tənqidi görüşləri onun elmi fəaliyyətində əks olunan və bədii yaradıcılığında təzahür edən çoxşaxəli bir sistem təşkil edir. O həm klassik irs, həm də çağdaş ədəbi proseslə bağlı yazıçı və tənqidçi mövqeyindən dəyərli mülahizə və fikirlər irəli sürmüşdür. Tənqidçinin bu fikirlərin əks olunduğu elmi və publisistik məqalələri, Səməd Vurğuna həsr olunmuş monoqrafiyaları şairin vətəndaş mövqeyinin, milli təəssübkeşliyinin əks olunması və ədəbiyyata zamanın tələbindən çıxış edərək yanaşması ilə seçilir. Bütün bu xüsusiyyətlər Bəxtiyar Vahabzadənin ədəbi-tənqidi irsinin Azərbaycan ədəbi tənqid tarixini zənginləşdirən müstəsna əhəmiyyətə malik materiallar olduğunu bir daha təsdiq edir.
İstinadlar
Nizami Cəfərov. (1996). Bəxtiyar Vahabzadə. Bakı: Azərbaycan. 80 s.
Mail Dəmirli. (2000). Şairin ədəbi görüşləri. Bakı: Təfəkkür. 116 s.
Əlizadə Əsgərli. (2022). Bəxtiyar Vahabzadə (həyatı, mühiti və yaradıcılığı). Bakı: Elm və təhsil. 556 s.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı. (2016). İki cilddə. I cild. Bakı: Elm və təhsil. 800 s.
Fəridə Səfiyeva. (2006). Bəxtiyar Vahabzadənin dramaturgiyası. Bakı: Nurlan. 144 s.
Vaqif Sultanlı. (2019). Azərbaycan ədəbi tənqidi. Bakı: Nurlar. 312 s.
Asifə Telmanqızı. (2010). Bəxtiyar Vahabzadənin yaradıcılığı. Bakı: Turan evi. 152 s.
Bəxtiyar Vahabzadə. (2015). Biblioqrafiya. Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. 592 s.
Bəxtiyar Vahabzadə. (2009). Əsərləri. On iki cilddə. X cild. Bakı: Elm. 831 s.
Bəxtiyar Vahabzadə. (2004). Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı: Öndər. 328 s.
Bəxtiyar Vahabzadə. (1999). Zaman və mən. Bakı: Azərnəşr. 252 s.



